Zübalə
İmam Hüseynin (ə) mühüm çıxışıİmam (ə) Abdullah ibn Yəqtər vasitəsilə Kufədə Müslimə xəbər göndərir. İbn Ziyadın adamları onu yolda tutur və şəhid edirlər. O, şəhid olmazdan qabaq sarayın damından camaata deyir: “Mən Rəsulullahın (s) qızı Fatimənin oğlunun elçisiyəm. Mərcanənin oğluna qarşı ona kömək edin!”
Karvan Zübaləyə çatanda Müslim, Hani və Abdullahın şəhadət xəbəri gəldi.
İmam (ə) bu xəbəri eşitdikdən sonra əlində bir yazı xeymədən çıxdı və onu səhabələrinə oxudu: “Bağışlayan və Mehriban Allahın adı ilə! Mən Müslim ibn Əqil, Hani ibn Ürvə və Abdullah ibn Yəqtərin acı şəhadət xəbərini almışam. İndi kim istəyirsə, geri qayıtsın. Mənim onun üzərində beyətim yoxdur.”
Bu sözü eşitdikdən sonra İmamın (ə) yanında olan adamlardan bir çoxu dağılışdılar və İmamı (ə) tək qoydular.
Zu-Husəm
İmamın (ə) Hürrün qoşunu ilə qarşılaşmasıHürrün yorğun və susuz qoşunu Zu-Husəm məntəqəsinə çatır. İmamın (ə) göstərişi ilə onların özlərinə və atlarına su verilir. Namaz vaxtı olur. Dost və düşmən İmam Hüseynə (ə) iqtida edərək namazlarını qılırlar. Namazdan sonra İmam (ə) çıxış edir və kufəlilərin məktublarını xatırladır. O, Əhli-beyti (ə) hakimiyyətə ən layiqli adlandıraraq buyurur: “Əgər siz elə həmin əqidədə qalıb mənə kömək etməyə əhd bağlayırsınızsa, sizin şəhərinizə gələrəm; yox, əhd bağlamırsınızsa və mənim gəlişimə narazısınızsa, elə buradan da qayıdaram.”
Hürr dedi: “Biz məktub göndərənlərdən deyilik və bizə əmr olunmuşdur ki, ibn Ziyadın yanına aparmayınca səndən ayrılmayaq.”
Beyzə
İmam Hüseynin (ə) çıxışı“Kim Allahın haramlarını halal edən, ilahi əhd-peymanı pozan, Peyğəmbərin (s) sünnəsinə qarşı çıxan, əməlinin əsası günah, düşmənçilik olan zülmkar bir hakimi görüb əməldə, yaxud sözdə ona etiraz etməsə, Allaha vacibdir ki, (qiyamətdə) onu həmin zülmkarın aparıldığı yerə aparsın.”
İmamın (ə) möhtəşəm çıxışı onun öz dostları və Hürrün adamları üçün bir imkan idi ki, ürəklərindəki şəkk-şübhəni özlərindən uzaqlaşdırsınlar və ondan nəsihət alsınlar.
Üzeyb əl-hicanat
Tirimmahın İmam Hüseynlə (ə) görüşüTirimmah Məkkəyə ailəsinin yanına gedirdi. O özü ilə Kufə əhalisinin azuqə və əmanətlərini aparırdı. O, Üzeyb əl-hicanat məntəqəsində İmamla (ə) rastlaşır və ona deyir: “Ey mənim mövlam! Bir qarış da irəli getməyin. Kufə əhalisi sizinlə döyüşə hazırlaşır.” Sonra İmama (ə) təklif edir ki, onun qəbiləsinin yaşadığı kəndə getsin.
İmam Hüseyn (ə) ona və qəbiləsinə dua edəndən sonra buyurur: “Özümlə xalq arasında bağladığım əhdə görə başqa bir yerə gedə bilmərəm.”
İmam (ə) Kərbəlaya doğru yola düşməyi əmr edir. Tirimmah İmamın (ə) fikrinin ciddi olduğunu görəndə dörd nəfəri o həzrətin ordusuna göndərir və özü əmanətləri qaytarmaq üçün Kufəyə geri dönür. O, İmama (ə) qoşulmaq üçün Kufədən Kərbəlaya qayıtdıqda artıq iş-işdən keçmiş və Hüseyn (ə) şəhid olmuşdu.
Ruheymə
İmamın Hürr ilə söhbətiZöhr azanı vaxtı Ruheymə adlanan yerə çatdılar. Hər iki qoşun İmam Hüseynə (ə) iqtida edərək namazlarını qıldılar. Namazdan sonra Hürr ayağa qalxıb dedi: “Allahın salam və bərəkəti sənə olsun, ey Rəsulullahın oğlu!” İmam (ə) salamın cavabını aldıqdan sonra ona buyurdu: “Sən bizi müdafiə etmək niyyətilə buraya gəlmisən, yoxsa məqsədin bizimlə vuruşmaqdır?” Hürr cavab verdi: “And olsun Allaha, ey Peyğəmbərin oğlu! Sizinlə vuruşmaq üçün göndərilmişəm. Ancaq Allaha sığınıram o vaxtdan ki, qəbrimdən başıaşağı və əllərim boynuma bağlanmış halda qalxam və üzü üstə cəhənnəmə atılam. Ey Peyğəmbərin oğlu, hara gedirsən? Cəddinin hərəminə qayıt, yoxsa öldürüləcəksən.”
İmam (ə) şeir dili ilə ona buyurdu: “Mərd adam haqqı axtarmaqla və İslam yolunda cihadla məşğul olsa, heç vaxt ölümdən qorxmaz.”
Bəni-Müqatil qəsri
İmamın Übeydullah ibn Hürrü dəvət etməsiİmam Hüseyn (ə) Bəni-Müqatil düşərgəsində Übeydullah ibn Hürrün xeyməsini görür. Onun yanına gedərək karvanına qoşulmasını istəyir. O qədər də yaxşı keçmişi olmayan ibn Hürr özünü bu səadətdən məhrum edir və İmamın (ə) dəvətini qəbul etmir. Əba Abdullah (ə) burada Peyğəmbərdən (s) hədis nəql edərək buyurur: “Kim mənim əhli-beytimin fəryadını eşitsə və onlara haqlarını tələb etməkdə yardımçı olmasa, Allah onu üzü üstə cəhənnəmə atar.” İbn Hürr deyir: “Heç vaxt belə olmayacaq, inşallah.”
İmam yerindən qalxaraq öz xeyməsinə qayıdır.
Yazırlar ki, Übeydullah ibn Hürr Kərbəla faciəsindən sonra xəcalətli halda özünü İmam Hüseynin (ə) qəbrinə çatdırır, qəmli mərsiyə və şeirlər oxuyur.