
Bakıda xoşagəlməz bir hadisə baş verib. Moped sürücüsü hadisəni özünəməxsus olan video aparat ilə anbaan çəkib. Avtomobil yolunda Lüksus sürücüsü ilə moped sürücü qarşı qarşıya gəlib. Təbii olaraq iki maşın bu cür qarşılaşanda bir birinə "alə yavaş ol da", "yol sənindi beyəm" kimi sözlər deyirlər. Bu dəfə də bu cür söz söhbət olub və Leksus sürən deyib ki, çək qırağa görüm nə deyirsən? Sonra maşından düşüb gəlib moped sürücüsünü həm təhqir edib həm də bir iki dənə vurub ona.
Bu hadisə sosial şəbəkələrdə müxtəlif cür qarşılanıb. Müxtəlif cür deyəndə ki, təbii olaraq Leksus sahibi bu kimi hallarda söyülür, harın, alçaq, ölkədə qanunsuzluğun baş almasından, pulluların kasıbları pulla əzə bilməsindən cürətlənib xoruzlanan insanlar kimi qələmə verilir. Amma satira ruhlu xalqımız belə hallarda məzəsindən də qalmır. Bu söz zarafata oxşasa da deyirlər ki, bundan sonra kimin təzyiqi qalxırsa gərək həkimə getmək əvəzinə hansısa moped sürücüsü tapıb onunla dalaşsın.
Bu yerdə məşhur türkiyəli aktyor Kamal Sunalın kinosu yada düşür. Kinoda Şaban kənddən şəhərə gəlir. Tanışının işlədiyi bir restoranda restoran sahibi olan bir mafia babasının əsəbləşdiyi zaman döydüyü bir işçi olurmuş. İşçi bundan ötrü pul alırmış. Yəni adam rəsmən döyülməkdən para qazanırmış. Adı da Məzlum imiş. Eynən bizim xalq kimi. Eynən moped sahibi kimi.
Bizim hadisədə moped sürücüsü də xalqın bir üzvü olduğu üçün məzlumdur. Onu vuran isə mafiya babalığı iddiası etməsə də rəsmən özünü mafiya babası kimi aparır. Sanki Azərbaycanı bu idarə edir. Əlbəttə hansısa mafiya babası ilə ya da özündən yüksək rütbəli bir şəxslə həmin hadisə baş versəydi Leksus sürücüsü təbii olaraq dovşan vəziyyəti alacaqdı. Amma dava etdiyin şəxs mopeddə sən də Leksus Cip maşınındasansa və prezident aparatında zadda işləmisənsə deməli böyük ehtimalla xod gedəcəksən. Çünki idarəçiləri özlərini mafioz kimi aparan ölkə bu cür olur.
Daha sonra Şabanın kinosunda Məzlum əvəzinə Şaban işə alınası olur. O isə işinin nədən ibarət olduğunu bilmədiyi üçün bir iki sillə mafiya babasından yeyəndən sonra dözmür, özü mafiya babasını döyməyə başlayır. Bundan da mafiya babasının xoşu gəlir.
Düzdür, günə muzd işləyib pul qazan məzlum insanlarımız cürət edib Leksus sahiblərinə adətən əl qaldıra bilmir. Çünki bilir ki, xaraba qalmış ölkədə qanun puldur. Pulun varsa sən məzlum da olsan səni zalım hesab edəcəklər.
Həmin adam əslində məmurdur. O qudurğan olmasaydı bu işi görməzdi. Qudurğanlığını da təbii ki, nökərçiliyini etdiyi bu hakimiyyət sayəsində əldə edib. Yoxsa bu cür yırtıcılar meşədə yox hüquqi dövlətdə özlərini hiss etsəydilər camaatı təhqir etməzdilər.
Qeyd edək ki, "Lexus" markalı, 10-VX-707 dövlət nişanlı avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşovdur. O, 2 il əvvəl İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Sərəncamda qeyd edilib ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyət göstərib.
Bəli, bu da bunların dövlət tərbiyəsi. Azərbaycan kimi ölkələrdə nəinki bu cür adamlar maşınlarını hətta ordenlərini belə inək kimi sağıldıqdan, pulları alındıqdan sonra həmin ordenlərə sahib olurlar. Bu cür idarəçilikdə bundan artıq tərbiyə gözləmək sadəlövhlük olardı.