Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2022

Aydın Mirzəzadə məntiqi

Azərbaycan həm də o cəhətdən dünyada analoqu olmayan ölkə hesab edilir ki, bu ölkənin deputatxanası məntiq və fəlsəfə ustadları ilə doludur. Bu deputatlardan biri də Aydın Mirzəzadə adlı şəxsdir. Keçən dəfə insanların yaxşı dolandığını isbat etmək üçün deyib ki, insanlar hər gün zibil atırlar. Hər gün zibil ata bilirlərsə deməli yaxşı yaşayırlar.

Aristoteldən tutmuş müasir alimlərdən olan mərhum Mürtəza Mütəhhəri ağaya qədər bütün məntiq və fəlsəfə alimlərinə, məntiq - fəlsəfə kitablarına, çıxışlarına müraciət etsəniz görərsiniz ki, belə bir məntiq və fəlsəfə qaydası indiyədək görünməyib. Bunun adı sadə zibil məntiqi və ya başqa təbirlə desək Aydın Mirzəzadə məntiqidir. Camaat əbəs yerə hörmətli alimlərimiz olan Lütfü Zadənin, Rafiq Əliyevin nəzəriyyələrinə müraciət edir. Güya səlis məntiq nəzəriyyəsi nədir ki? Ondansa Aydın Mirzəzadənin zibil məntiq nəzəriyyəsi daha münasibdir. Həqiqi ziyalı belə olmalıdır. Həm elm və məntiq adamı, həm də siyasi sima. Üstəlik türk qardaşlarımız ziyalıya da aydın deyirlər. Başqa ölkələrdə küçələrə qoyulan zibil qutularına atılan deputatlar gərək Aydın Mirzəzadənin zibil məntiq nəzəriyyəsindən ibrət alsınlar. Əgər onlar da xalqın firavan yaşayışını sadə zibil məntiqi ilə isbat edə bilsələr zibil yeşiklərinə atılmazlar. Üstəlik görünür ki, həmin deputatlarda Aydın Mirzəzadənin ağlının 1 faizi də yoxdur. Ona görə ki, Aydın Mirzəzadə zibil qutularından birinə atılmadığı halda insanların zibil atdıqlarını bilir, amma zibil qutusuna atılan deputatlar zibil qutularına atılmalarına baxmayaraq yenə də həmin qutulardan bir ovuc zibil götürüb camaata göstərmirlər və sübut etmirlər ki, sən yaxşı yaşayırsan.

Amma hörmətli aydınımız Aydın Mirzəzadə bir məsələni yaddan çıxarıb. Xalqın yaxşı yaşamasının sübutu üçün insanların zibil atması yaxşı dəlildir, amma daha yaxşı yaşamasını daha bariz şəkildə çatdırmaq üçün gərək insanların ayaqyoluna getmələrini də qeyd edərdi. Çünki insanların yaxşı yaşamasına dair onların ayaqyoluna getmələrindən daha aydın bir dəlil tapmaq olmaz. Çünki zibil atmaqla xalqın yaxşı yaşamasını bilmək bir o qədər də dəqiq deyil. Ola bilər ki, insanların bəzilərinin atdıqları zibil ya qonşusunun zibildir, ya da atdıqları yeyinti tullantıları deyil, evlərindəki artıq, köhnəlmiş əşyalardır. Amma ayaqyoluna getməklə xalqın yaxşı yaşamasını rahatlıqla sübut etmək olar. Çünki heç kəs başqasının yerinə ayaqyoluna gedə bilməz. Qonşu yaxşı yeyirsə onun yerinə sən ayaqyoluna gedə bilməzsən. Ona görə də təklif edirik ki, deputatxanda sadə zibil məntiq nəzəriyyəsinin müəllifi olan Aydın Mirzəzadə müəllimin rəhbərliyi altında Ayaqyoluna girənlərə nəzarət komitəsi yaradılsın.


1115 بازدید
در حال ارسال اطلاعات...