Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Övlada görə narahatsan?



Ata-ananın övlad qarşısında hansı vəzifələri var? Bu mövzu ilə bağlı Ayətullah Əmininin cavabını nəzərdən keçirək.

İslamda ata-ananın məqamı çox yüksəkdir. Allah, Allahın rəsulu (s), məsum imamların bu barədə buyuruqları çoxdur. Ata-anaya ehsan, yaxşılıq, onlarla xoş rəftar ən üstün ibadətlərdən sayılır. İsra surəsinin 27-ci ayəsində oxuyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” İmam Sadiq (ə) buyurur: “Üç əməl daha üstündür: Beş namazı vaxtında qılmaq, ata-anaya yaxşılıq, Allah yolunda cihad.” (Kafi, c.2, səh.158)
Sual olunur ki, ata-ananın məqamı nə üçün belə üstündür? Allah bu məqamı onlara nə üçün əta edib? Ata-ana övlada nə xidmət edib ki, Allah həmin xidməti belə yüksək dəyərləndirir?Atada şəhvət oyanır, ananın bətninə canlı toxuma düşür. Bu toxuma 9 ay inkişaf yolu keçib uşağa çevrilir. Ana ona süd verir, təmiz saxlayır, ata da bu müddətdə maddi ehtiyacları ödəmək üçün çalışır.
Ata-ananın vəzifəsi təkcə yuxarıda deyilənlər idimi? Yalnız övlad ata-ana qarşısında məsuliyyət daşıyır? Ata-ananın uşağı dünyaya gətirib böyütməkdən başqa vəzifəsi yoxdur? Ata-ana ilə övladlar arasında hüquqların birtərəfli olması inandırıcı deyil. Hədislərdə ata-ananın övlad qarşısındakı hüquqlarından geniş danışılır.
Həzrət Peyğəmbər (s) buyurur: “Atanın sənin üzərində haqqı olduğu kimi övladlarının da sənin üzərində haqqı var.” (Məcməul-zəvaid) Həzrət başqa bir məqamda buyurur: “Övlad ata-anaya itaətsizlik edəndə haqq tapdağı kimi ata-ana da öz vəzifəsini yerinə yetirmədikdə övladın haqqını tapdayır.” (Biharul-ənvar, c.101, səh.93) Sonra buyurur: “Övladın ağvalideyinliyinə (üzə qayıtmasına) səbəb olan ata-anaya Allah lənət etsin!” (Təbərsi, Məkarimul-əxlaq)
İmam Səccad (ə) buyurur: “Övlad yaxşısa da, pissə də səndan vücuda gəlib. Bu dünyada sənə bağlıdır, onun ədəbinə görə məsuliyyət daşıyırsan. Allahı tanımaqda, Allaha ibadətdə ona yardımçı olmalısan. Övladla ona yaxşılığın savabına, ona pisliyin cəzasına əmin olan halda rəftar etməlisən. ” (Təbərsi, Məkarimul-əxlaq)
Həzrət Əli (ə) buyurur: “Elə olma ki, sənə görə ailən və yaxınların bədbəxt olsun.” (Ğurərul-hikəm) Həzrət Peyğəmbər (s) buyurur: “ Xeyir işlərdə övladlarınıza yardımçı olun.” (Məcməul-zəvaid) Başqa bir hədisdə: “Kimin qızı olsa, qızını yaxşı tərbiyə etsə, təhsilində köməkçi olsa, rifah və asayişini təmin etsə, həmin qız övlad o atanı cəhənnəm odundan xilas edər.” (Məcməul-zəvaid)
Quranda oxuyuruq: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).” (Təhrim, 6)
Yaranışın əvvəlində uşağın bədbəxt ya xoşbəxt olmaq imkanı bərabərdir. O, mələkdən yuxarı kamil insan, heyvandan aşağı rəzil varlıq ola bilər. Uşağın kimliyi onun tərbiyəsindən aslıdır. Bu iş ata-ananın öhdəsinədir. Ata-ananın övlad üçün görə biləcəyi ən böyük iş onu düzgün tərbiyə edib, Allahı tanıtdırmaqdır. Dünyada xoşbəxt olan axirətdə də xoşbəxtdir. Əlbəttə ki, söhbət var-dövlət yox, mənəvi xoşbəxtlikdən gedir. Əgər ata-ana yalnız şəhvət alovunu söndürmək üçün övlad dünyaya gətirib onu başına buraxarsa, müqəssir olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Atanın övlada verə biləcəyi ən üstün şey ədəb və tərbiyədir.” (Məcməul-zəvaid)
Övladın kimliyində ananın xüsusi rolu var. Hamiləlik dövründə ananın rəftarları, qidaları bətndəki körpənin kimliyinə təsir edir. Həzrət Peyğəmbər (s) buyurur: “Xoşbəxt o insandır ki, xoşbəxtliyinin bünövrəsi (ana bətnində qoyulub), bədbəxt o kəsdir ki, bədbəxtliyinin bünövrəsi ana bətnində qoyulub.” (Biharil-ənvar, c.5, səh. 9) Başqa bir məqamda həzrət buyurur: “Behişt anaların ayağı altındadır.” (Mustədrəkul-vəsail)
Övladı öz pis rəftarları ilə korlamış valideynlər ən böyük xəyanətə yol veriblər. Axı heç bir məsum körpə ata-anadan xahiş etməyib ki, onu vücuda gətirib başlı-başına buraxsınlar. Əgər dünyaya körpə gətirmisinizsə onu düzgün tərbiyə etmək iman və vicdan vəzifənizdir. Bəli, övladın tərbiyəsi ata-ananın ən böyük vəzifələrindəndir.
Ata-ana cəmiyyət qarşısında da vəzivəlidir. Onların övladları cəmiyyətin gələcəyidir. Saleh övlad saleh gələcək deməkdir. Uşaq pozğun olsa cəmiyyəti də pozacaq. Gələcəyin siyasətçiləri, alimləri, sənətçiləri bugünkü övladlardır.
Bugünkü övladlar həm də sabahın ata-analarıdır. Pis tərbiyə nəsildən nəslə ötürülür. Övladın tərbiyəsi düz olmayıbsa nəvə-nəticələrin də tərbiyəsi təhlükə altındadır.
Övladını düzgün tərbiyə edən ata-ana cəmiyyətə böyük xidmət etmişdir. Azğın nəfsə qul olan, məsuliyyətsiz və tənbəl valideyn həm də cəmiyyətə xəyanət etmişdir.

Nur-az.com


6957 بازدید
در حال ارسال اطلاعات...