20 ildir büdcəni Milli Şura deyil, YAP hakimiyyəti talayır
YAP hakimiyyətinin “sima”sına çevrilmiş şəxslər öz mövqelərini nümayiş etdirməklə, hansı səviyyə yiyəsi olduqlarını açıq şəkildə göstərirlər. Artıq sıravi vətəndaşlar da başa düşür ki, bu hakimiyyətinin peşəsi rəqiblərini şərləmək, yalanları həqiqət kimi təqdim etmək və ölkə sərvətlərini talamaqdan ibarətdir.
Bu görünən həqiqətlərə baxmayaraq, YAP sözçüləri öz “vərdiş”lərindən əl çəkmirlər. Belə ki, YAP icra katibinin müavini, millətimizə vəkillik etmək üçün mandat alan, hüquq elmləri namizədi Siyavuş Novruzov “Yeni Azərbaycan” qəzetinə müsahibə verib. Bu müsahibdən aydın görünür ki, millət vəkili, hüquqşünas, hakim partiyanın sözçüsü olmaq, hələ səviyyə və idrak sahibi olmaq demək deyil. Normal ölkədə bu ittihamlara görə, Siyavuş Novruzovu məsuliyyətə cəlb edərdilər. Görünür, Siyavuş Novruzov da ölkədəki qanunsuzluğu, hüququn tapdaq olunduğunu bildiyi üçün danışanda məsuliyyət hiss etmir.
Siyavuş Novruzov həmin müsahibədə Milli Şuranın mitiniq qərarına münasibət bildirərək deyib: “Milli Şuranın tərkibində olanların böyük əksəriyyəti vətən xainləridir, satqınlardır. Bunlar öz toplantılarını da erməninin sahibi olduğu hoteldə keçirtməklə məşğuldurlar. Bu baxımdan da həmin mitinqdən heç nə gözlənilmir”.
Bəli, bu sözləri millətə vəkillik etmək eşqinə düşən, özünü hüquqşünas adlandıran adam söyləyir.
Göründüyü kimi, cənab Novruzov bu ölkəyə müstəqillik gətirən, istiqlaliyyətə səs verən, Qarabağ döyüşlərində iştirak edən, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan şəxsləri, “vətən xaini” adlandırmaqdan çəkinmir.
Bəs, əslində vətən xaini və satqın kimdir?
Vətənə xəyanəti, ölkənin 48 milyardını ofşorlarda gizlədənlər, korrupsiya miqyasına görə ölkəni ön sıraya çıxaranlar, Qarabağ qazilərini intihar həddinə çatdıranlar, seçkiləri 100 faiz saxtalaşdıranlar, səhiyyəni, təhsili, elmi iflic vəziyyətə salanlar, gömrük məntəqələrində xalqı soyanlar edir.
Bəli, cənab Novruzov, sizin baş ideoloqunuz Ramiz Mehdiyev də etiraf edir ki, ölkənin bütün sahələri bərbad vəziyyətdərir. Prezident Aparatında işləmək üçün savadlı kadr tapa bilməyənlərə, elmi bazara çevirənlərə nə ad verək?
Ən böyük xəyanət, məmurun ərəb şeyxləri kimi yaşadığı halda, sadə vətəndaşın dilənçi vəziyyətinə salınmasıdır. Ən böyük xəyanət, ölkənin vicdanlı insanlarını şərləyərək həbs etmək, müəllimi seçki saxtakarına çevirmək, ziyalıdan məddahlıq tələb etməkdir. Ən böyük xəyanət, mandat alveri aparmaq, bütün sahələri inhisara almaq, atəşkəs dövründə minlərlə gəncin ölümünə şərait yaratmaqdır.
Ən böyük xəyanət, Qarabağın işğalını həyata keçirən, Xocalı soyqırımına, 20 Yanvar faciəsinə yaşıl işıq yandıran Rusiyanın qucağına sığınmaqdır.
Bəli, möhtərəm və möhtəşəm vəkilimiz, ən böyük xəyanət, milləti “qoyun”, “ümummilli lider”inizi çoban adlandıran Jirinovskini hörmətli qonaq kimi qarşılayıb, milləti növbəti dəfə təhqir etməkdir.
Bütün bu sadaladıqlarımızı isə nəinki Milli Şura etməyib, hətta etmək iqtidarında da deyil.
Siyavuş Novruzovun düşüncəsinə görə, bu hakimiyyətə satılmayanlar “satqın”, bu hakimiyyəti mədh etməyənlər “vətən xaini”dir.
Yenə də alınmadı, cənab Novruzov. Çünki, orta məktəbi 3-cü sinifə qədər oxumuş şəxs də bilir ki, 20 ildir bu ölkəyə daxil olan milyardları Milli Şura deyil, YAP hakimiyyəti mənimsəyib.
Güzgüyə baxıb öz adınızı özgələrə qoymaqla təsəlli tapa bilərsiniz. Amma, belə “təsəlli”lərin, böyük məsuliyəti olduğunu da unutmayın.
Azadlıq