
Fars İnformasiya Agentliyi hər birimizə ibrətli olacaq maraqlı bir insandan söz açıb.
...Həmişə tərəzinin bir gözünə qoyduğu ət o biri gözündəki çəki daşından ağır olardı. Kimsə görmədi ki, Məşhədi Əbdül-Hüseynin tərəzisinin iki gözü yan-yana dayansın.
Söhbətimizin qəhrəmanı haqqında Əli Mövcudi danışır: Bu qeyri-adi insan haqqında söhbətimizdən sonra onunla görüşmək qərarına gələnlər, onu görmək, ondan ət almaq istəyənlər qərarlarından daşınsınlar. Yalnız Dezfulun (İran) Qolzari-Şəhidabad xiyabanında ikinci bölmədə, üçüncü sırada onu ziyarət edə bilərsiniz. Məzarı üzərinə yazılıb: Şəhid Əbdül-Hüseyn Kiyani! Sonra sizə təbəssümlə baxan simasını seyr edin. Məşhədi Əbdül-Hüseyn adı ilə tanınan Şəhid Əbdül-Hüseyn Kiyani 32 il əvvəl ailə-övladı, ev-eşiyi, dükan-bazarı ilə vidalaşıb cəbhəyə üz tutdu. Fəthul-Mubin dəryasında payı 12 güllə oldu. Məşhədi Əbdül-Hüseyn ömrünün 34-cü baharında şəhadət dərəcəsinə nail oldu.
Bu qeyri-adi insanın həyatını nə qədər araşdırsaq da bu kiçik yazıda onun bütün xüsusiyyətlərini təsvir etmək mümkünsüzdür. Məşhədi Əbdül-Hüseynin haqqında kitab çapa hazırlanır. Kitabın adı “Alicənab Qəssab”dır. Şəhidin haqqında bu kitabda yetərincə məlumat toplanıb.
Dükana dəstəmazsız daxil olmazdı. Bazarın vəziyyəti barədə soruşulanda cavabı hazır idi: “Həmd olsun Allaha. Biz Allahdan razıyıq, Allah da bizdən razı olsun!”
Tərəzinin bir gözünə daşı qoyar, o biri gözünə əti qoyanda həmişə daş yuxarı qalxardı. Heçvaxt tərəzinin iki gözü yanaşı dayanmazdı, ət olan göz ağır gələrdi. Kimsə görmədi ki, Məşhədi Əbdül-Hüseyn müştəridən aldığı pulu saysın. Hətta pula nəzər salmadan onu yeşiyə atardı. Məşhədi Əbdül-Hüseyn üçün fərqi yox idi ki, müştəri 50 qram ət istəyir, yoxsa 5 kq. Ən az pul üçün də ölçü daşı vardı.
Məşhədi Əbdül-Hüseyn müştərilərini tanıyırdı. Yoxsul müştərilərinə ikiqat artıq ət verirdi. Bu zaman əti tərəziyə qoymurdu ki, həmin şəxs xəcalət çəkməsin. Ehtiyaclı adamları başqa müştərilərin yanında əskiltməmək üçün pulu alar, sonra ət bükdüyü kağızın arasına qoyardı. Müştəri inadkarlıq göstərəndə pulun qalığı adı ilə böyük hissəsini ona qaytarardı.
Neçə gündən bir dostlarına deyirdi ki, mənə pul veriblər, qoyun alıb, ətini yoxsullar arasında bölüm. Onlardan ehtiyaclı adamların adını soruşardı. Bu yolla möhtac adamlara ət çatdırardı. Dostları çox təkid edirlər ki, sənə tez-tez pul verən bu adam kimdir. Onlar şübhələnirlər ki, Məşhədi Əbdül-Hüseyn özü bu işi görür. Heçvaxt bu suala cavab vermədi və ömrünün sonuna qədər bu məsələ açılmadı. Məşhədi Əbdül-Hüseynin bir işi də yoxsul ailələr qız köçürəndə onlara cehiz alması idi. Bu işi də başqalarının adından görərdi.
Bir dəfə görür ki, bir kişi dükanın qarşısından o tərəf-bu tərəfə keçir və hər keçəndə içəriyə boylanır. Məşhədi Əbdül-Hüseyn onu içəri çağırır və deyir: “Bilmək istəyirsən ki, nisyə ət satılır ya yox? Bəli, satılır.” Kişinin eyni açılır və deyir: “Allah sənə xeyir versin, bir aydır süfrəmizdə ət olmur. Olar ki, bu əqiq üzüyü girov qoyum yarım kilo ət verəsən?” Məşhədi Əbdül-Hüseyn böyük bir ət parçası kəsib kişiyə verir və deyir: “Üzüyü barmağından çıxarma, namazda savabı var!” Belə işlər görəndə dua edərdi ki, Pərvərdigara, yol vermə sədəqə verdiyimi düşünüb utansınlar.
Qoca qadın dükana daxil olub deyir: “Məşhədi Əbdül-Hüseyn! Bu əti filankəsdən aldım, bax gör yaxşı ətdir?” Məşhədi Əbdül-Hüseyn dükandakı ətdən bir parça kəsib qoca qadının gətirdiyi ətin üzərinə qoyub deyir: “Bəli, anacan yaxşı ətdir!” Çünki o yalan danışa bilmirdi. Həmdə kiminsə qəlbini qırmaq adəti yox idi.
Müştəriləri Məşhədi Əbdül-Hüseynə özündən çox inanardı. Təsadüfən ətdə eyb olsaydı, məsələn ət yağsız olsaydı, hökmən müştəriyə deyərdi. Çoxları kimi keçi ətini qoyun əti əvəzinə satmazdı. Əti məharətlə çox ədalətli bölərdi.
Məşhədi Əbdül-Hüseyn qardaşı Qulam-Hüseyni çağırır və əlini Qurana qoyub deyir: “And olsun Qurana, özüm də camaata satdığım ətdən yeyirəm.” Qulam-Hüseyn təəccüblə deyir: “Mənim şübhəm yoxdur ki, sən belə edirsən.” Məşhədi Əbdül-Hüseyn gülümsəyərək deyir: “İstədim nəzərinə çatdıram ki, bu məsələ mənim üçün nə qədər mühümdür.”
Bir müştəri dükana daxil olur və deyir: “Məşhədi Əbdül-Hüseyn 2 kq ət ver, amma gomuş əti olmasın!” Məşhədi Əbdül-Hüseyn gülümsəyərək cavab verir: “Təəssüf ki, olanım gomuş ətidir. Amma filan qəssab bu gün yaxşı heyvan kəsib, get ondan al.” Beləcə müştərini başqa ünvana göndərir. Çünki Məşhədi Əbdül-Hüseyn üçün müştərinin razılığı mühüm idi. Əksər vaxtlar qoyun bazarına gedəndə bazarın axırını gözləyərdi. Qoyunu dəllallardan alar və deyərdi: “Bu insanlar da evinə bir tikə çörək aparmalıdır.” Qoyun satanın əli yanıb ucuz satanda Məşhədi Əbdül-Hüseyn pulu bazar qiyməti ilə ödəyərdi. Ömür boyu kiminsə zərər çəkməsinə razı olmadı. Kimsə ondan qoyun alanda sonradan iradı olsaydı, məcburi şəkildə həmin şəxsin zərərini ödəyərdi.
Ətin haram hissələrini ayırar və kimsənin əli çatmayan yerə atardı. Yol verməzdi ki, kimsə həmin ətdən istifadə etsin. Müştərilərə qoyunun haram yerləri barədə xəbərdarlıq edərdi.
Biz qəssab deyəndə sərt, qaşqabaqlı insan təsəvvür edirik. Məşhədi Əbdül-Hüseyn isə yalnız Allahın razılığı yolunda qəzəblənərdi. Qoyunu qovmaq, hərəkətə gətirmək üçün əlində çubuq görən olmamışdı. Bazarda qəssabların yığıncağı olardı. Bir dəfə yığıncaqda qəssablar etiraz edir ki, onların dükanına yaxın yerdə qəssab dükanı açılmasın. Məşhədi Əbdül-Hüseyn deyir: “Ruzi Allahın əlindədir. Bu cavanlar nə vaxta qədər şagirdlik etməlidir?!” Beləcə qəssabları razı salır ki, şagirdlər istədiyi yerdə dükan açsın. Qoyun satan dəllal Məşhədi Əbdül-Hüseynə deyir: “Məşhədi, həm maşının, həm də vaxtın var. Nə üçün obaya gedib ucuz qoyun almırsan?” Məşhədi Əbdül-Hüseyn deyir: “Bəs qoyun al-veri edənlər dolanmasın?!” Müharibə təzəcə başlayan vaxt bir maldarın qapısına gedib iki inəyi ayırır və deyir ki, sabah pulunu verib aparacağam. Səhəri gün gedəndə görür ki, tövləyə raket düşüb, inəklər tələf olub. İnəklərin pulunu çıxarıb sahibinin qarşısına qoyur. Mal sahibi təəccüblə deyir: “Məşhədi Əbdül-Hüseyn inəklər ölüb, bu nəyin puludur?” Məşhədi Əbdül-Hüseyn deyir: “Mən inəkləri ayırdığım saatdan onlar mənim malım sayılırdı. Ölən sənin yox, mənim heyvanlarımdı. Bunu deyib məcburi şəkildə pulu kişiyə verir. Qurban bayramı günləri əksər qəssablar əlmuzdu olaraq kəsdiyi heyvanın dərisini və bağırsaqlarını götürərdilər. Məşhədi Əbdül-Hüseynin tükanında dəri və bağırsaq gözə dəyməzdi. Biri soruşur ki, Məşhədi Əbdül-Hüseyn, deyəsən qurban kəsməmisən, gözümə dəri və bağırsaq dəymir. Məşhədi Əbdül-Hüseyn cavab verir: “Dəri və bağırsaq heyvan kəsməyin əlmuzdundan artıqdır. Mən əlmuzdumu alıram, dəri və bağırsağı lazım olan ünvanda qiymətinə satırlar.
Bir müddət bazarda qəssablara donmuş ət paylayırlar. Bu ətin qiyməti təzə ətdən ucuz olur. Məşhədi Əbdül-Hüseyn qəssablara müraciətlə deyir: “İmkanlı qəssablar təzə ət satsın, bu ətləri verin imkansız qəssabların ixtiyarına.”
Bəzən şahın təhlükəsizlik idarəsi Savak ondan ətin yaxşı yerini istəyəırdi. Bir neçə dəfə məmura deyir ki, belə ətim yoxdur. Başqa qəssablar həsrət çəkirdi ki, məmurlar gəlib böyük miqdarda ət alsın. Amma Məşhədi Əbdül-Hüseyn belə ət satmaqdansa, gün batana qədər tükanda oturub kilo-kilo ət satmağa üstünlük verərdi. Savak və məmurlardan yaxasını qurtarmaq üçün dükandan telefonu götürmüşdü. Şah dövründə bir məmur dükanın qapısında dayanıb təkəbbürlə ət istəyir. Məşhədi Əbdül-Hüseyn eyni tərzdə ona cavab verir ki, ət yoxdur. Məmur dükanda asılmış əti göstərib “bəs bu nədir” deyə soruşur. Məşhədi Əbdül-Hüseyn cavab verir ki, onun sahibi var. Məmur qəssabın məqsədini başa düşüb təhdidlə deyir: “Demək, mənə ət vermirsən?” Məşhədi Əbdül-Hüseyn cavab verir: “Bəli, mən sənə ət vermirəm!” Qəssabın güzəştə getmədiyini görən məmur məcbur qalıb özünü sındırır və xahiş edir: “Lütfən mənə 1 kq ət ver.” Yalnız xahişdən sonra Məşhədi Əbdül-Hüseyn məmura ət verir!
...Bələdiyyə rəisinin arvadı növbədə dayanan adamları saya salmadan Məşhədi Əbdül-Hüseyndən ət istəyir. Məşhədi Əbdül-Hüseyn deyir ki, camaat kimi növbədə dayan. Qadın deyir: “Mən rəisin arvadıyam!” Məşhədi Əbdül-Hüseyn cavab verir: “Buna etirazım yoxdur, amma növbədə dayan.” Bir qədər sonra iki məmur gəlir ki, Məşhədi Əbdül-Hüseyni idarəyə aparsın. O qəzəblə cavab verir: “Gedin, işimi qurtarım, özüm gələrəm.” İşini qurtarıb idarəyə gedir. Rəisin sözünü gözləmədən deyir: “Sən bu mizin arxasında qanunu qorumaq üçün oturmusan. Mən də dükanda qanuna əməl edirəm. Əgər qanunu pozmağa qalsa mən bunu səndən yaxşı bacarıram.” Bunu deyib otaqdan çıxır...
Nur-az.com