
Harvard Universitetinin doktoru Stenli Kertes hazırda Qərb ölkələrində, Skandinaviyada ailə institutu ilə bağlı problemləri araşdırır. Kolumbiya Universiteti 1992-ci ildə alimin “Bütün analar birdir” adlı kitabını çap edib. Kitabda müştərək hindu ailəsindən danışılır. Qarşınızdakı məqalədə müəllif həmcinsbazların, homoseksualların izdivacı mövzusunu araşdırır.
* * *
Skandinaviya ölkələrində izdivac tədricən məhv olmaqdadır. İsveç və Norveçdə əksər uşaqlar qeyri-qanuni doğulur. Danimarkada 60 faiz ana rəsmi nikahda olmayıb. Skandinaviya ölkələrində ailə institutunu dağıdan əsas amil homoseksuallığın kosmik sürətlə yayılmasıdır. Eyni cinsdən olanların nikahı bütün Avropanı bürüməkdədir. Əhalinin azalması problemi yaşanan Qərbdə homoseksuallığın dağıdıcı təsiri göz qabağında ikən dövlət məsulları, ictimai xadimlər bu məsələyə biganə qalmaqdadır.
Bir zaman boşanmaların artması problem sayılırdı. Bu problemin həlli istiqamətində tədbirlər görülməmiş homoseksuallıq problemi gündəmə gəldi. Homoseksuallıq istər boşanmaların, istər qeyri-qanuni doğuşların artmasına təsirsiz ötüşmədi. Homoseksuallar cəmiyyətə açıq mesaj verdilər ki, nikah, ənənələrdən gələn lazımsız bir hadisə olaraq köhnəlmişdir və azad cəmiyyətdə buna yer yoxdur.
Homoseksuallıq Qərbdə nüfuzlu insanlar tərəfindən himayə olunmaqdadır. Məşhur jurnalist Endru Salivan və Yel Universitetinin professoru Uilyam Skric eyni cinsdən olanların izdivacını müdafiə edən iki tanınmış şəxsdir. Danimarka dövləti 1989-cu ildə həmcinsbazların nikahını qanuniləşdirdi. 1993-cü ildə Norveçdə, 1994-cü ildə İsveçdə homoseksual nikah qanuniləşdi. Skric və Salivan sübut etməyə çalışırlar ki, homoseksual izdivac qanuniləşdikdən sonra ailə institutu möhkəmlənməyə başlayıb. Onlar iddia edirlər ki, bu qanundan sonra rəsmi nikahların sayı artıb, boşanmalar azalıb. Hansı ki, mövzu o qədər sadə və aydındır ki, bu araşdırmaları və iddiaları ciddi qəbul etmək mümkün deyil. Əgər ailədə uşaq doğulmursa bu nikahın əhali artımına müsbət təsirindən danışmaq gülüncdür. Aydın məsələdir ki, homoseksual ailədə övlad gözlənilmir və bu izdivac başqa izdivaclara mane olur.
Doğrudan da Danimarkada 90-cı illərdə boşanma sayı azalıb. Amma bunun səbəbini homoseksual izdivac qanununda axtarmaq olmaz. Əgər ölkədə nikah azdırsa, boşanmanın da az olması təbiidir. Nikaha girməmiş insan necə boşana bilər?! Homoseksual nikah qanunundan sonra ölkədə təbii izdivacların sayı kəskin aşağı düşüb. Bu həm də boşanmaların azalması deməkdir. 90-cı illərdə nikahsız da olsa dünyaya övlad gətirən cütlüklər vardı. İndi isə qanuni nikaha girənlər də övlad sahibi olmaqda maraqlı deyil.
Homoseksual izdivac tərəfdarları 1990-1996-cı illərdə Danimarkada nikahın artdığını deyirlər. Bu hesabatların ciddi araşdırmalara ehtiyacı var. Müxtəlif mərkəzlərin araşdırmalarına əsasən Skandinaviya ölkələrində çox vaxt ikinci övlad dünyaya gəldikdən sonra cütlük rəsmi nikaha girir. Əgər 90-cı illərdə izdivac sayı artıbsa, bu sırada yaşlı nəslin nümayəndələri çoxluq təşkil edir.
Homoseksual izdivac tərəfdarlarının rüsvayçı qanundan sonra nikahın artması və boşanmanın azalması barədə iddiaları əsassızdır. Hazırda bu ölkələrdə nikaha girənlərin sayı o qədər azalıb ki, artıq kimsə homoseksual izdivac qanununun müsbət təsirindən danışmır. Bu qanunun təəssübkeş tərəfdarları da faktlar qarşısında susmağa məcbur olub.
Ailələrin dağılması göstəricisi boşanma göstəricisindən fərqlənir. Skandinaviya ölkələrində nikahsız övlad böyüdən cütlüklər üçün boşanma heç bir əhəmiyyət kəsb etmir. Amma valideynlərin faktiki ayrılması hər gün artan hadisədir. Dünyaya nikahsız uşaq gətirənlər qanuni nikahda olanlardan qat-qat artıqdır. Demək, izdivac statistikasını mötəbər saymaq mümkünsüz olub. Nikahsız yaşayan və nikaha ciddi yanaşmayan insanların statistikasını aparmaq olduqca çətindir. Bir faktı inkar etmək olmaz ki, Qərb ölkələrində qeyri-qanuni doğulan uşaqların sayı üstünlük təşkil edir. 1990-2000-ci illərdə Norveçdə bu göstərici 39%-dən 55%-ə çatıb. İsveçdə eyni göstərici 47%-dən 55%-ə yüksəlib. Əgər müəyyən zaman fasilələrində izdivac statistikasında müsbət göstərici qeydə alınıbsa, bu yalnız yaşlı insanların bir neçə övladdan sonra nikaha girməsinə görədir.
Hazırda Danimarkada ilk övladların 60%-nin valideynləri rəsmi nikaha girməyib. Belə nikahsız ailələrin qısa bir müddətdə dağılması təbiidir. Çünki valideynlər öz üzərlərində hansısa bir məsuliyyət hiss etmir. 70-ci illərdə Qərbdə nikah göstəricisi sürətlə enəndə qeyri-qanuni doğulan uşaqların sayı sürətlə artmağa başladı. Artıq Qərbdə ənənəyə çevrilmişdi ki, yalnız yaşa dolduqdan sonra nikah faydalı ola bilər. Elə bu ənənə səbəb oldu ki, qeyri-qanuni doğulan uşaqların sayı 50%-i ötüb keçdi.
Əhali artımında və ailə institutunda böhran yaşandığı bir zamanda homoseksual izdivaclar vəziyyəti daha da gərginləşdirdi. Əgər nikahsız izdivacdan dünyaya övlad gəlirdisə, homoseksual izdivacın əhali artımında da heç bir rolu yoxdur. Artıq Qərb ölkələrində müştərək yaşamaq üçün nikaha girmək ənənəsi aradan qalxıb. Maraqlıdır ki, hazırda eyni cinsdən olanlar öz müştərək həyatını rəsmiləşdirməyə maraq göstərir. Skandinaviya ölkələrində izdivac böhranı dünyanın heç bir məntəqəsində müşahidə olunmayan vəziyyətdədir. Etiraf etmək lazımdır ki, ailənin dağılması qarşısında əsas maneələrdən biri övladdır. Əgər Qərb ölkələrində övlad ailə institutunu saxlaya bilməyibsə homoseksual ailələrin dağılmasına nə mane olacaq?!
Danılmaz faktdır ki, ailə institutu ilə bağlı bütün təhlükəli ixtiralar dünyaya Qərbdən gəlir. Qərbi bu sahədə pioner saymaq olar. Danimarka isə bir nikah laboratoriyası rolunu oynayır. Dünya 60-cı illərdə abortu Avropadan öyrəndi. Abortların kütləviləşməsi əhalinin azalması və yaşlanması istiqamətində əsas rol oynadı. Qadınların ictimai işlərə sövq edilməsi izdivac yaşını artırdı. Artıq insanlar elə bir yaşda ailə qururlar ki, onların dünyaya övlad gətirməsi və onu tərbiyə etməsi problemə çevrilir. İsveç və digər Qərb ölkələrində ailə institutu ilə bağlı həyəcan təbili çalanlar hər addımda belə bir sualla üzləşirdilər ki, nikah nə üçündür? Artıq cəmiyyət nə nikah, nə də övlada dözümlü yanaşır. Qərbdə ailəyə baxışın dəyişməsi mədəniyyətə çevrildikdən sonra artıq geri dönmək çətin olub. Ağır vergilər və yaşayış şəraiti insanları işləməyə vadar edir. İşləyən qadının ana olmaq marağı və imkanı məhdudlaşır. Bu gün Qərb mədəniyyəti ailədə maliyyə ehtiyaclarının ödənməsində kişi ilə qadın arasında fərq qoymur. Belə bir vəziyyətdə qadın istəməsə belə işləməyə məcburdur.
Nur-az.com