Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Qərbdə siyasi azadlıq

Fransa inqilabının əsas şüarı azadlıq, Bolşevik inqilabının əsas şüarı isə bərabərlik idi. Bu azadlıq Qərbdə tamamilə yanlış bir mənaya çevrildi. İnsanların həyat yolu seçməkdə azad olduqlarını ifadə edən bu dəyər, fərdi və cinsi azadlıqlara, fəsad azadlığına çevrildi. Xalq demokratiya adı altında və müxtəlif təbliğat vasitələrilə, gözəgörünməz torla müəyyən rejimlərin başçılarının istədiyi bütün səmtlərə çəkildilər. Uyğun vəziyyət günümüzədək davam etməkdədir.
Siyasi azadlığın Qərbdə hiylə və riyakarlıq olması bu gün təkcə bizim sözümüz deyil; bu, Qərbin özündə çoxsaylı mütəfəkkirlərin, vicdanlı alimlərin sözüdür. Zahirdə görünən demokratiyadır, əslində isə həmin gözəgörünməz təbliğat torudur (seçkilərdə xalqın yalnız 30-35 faizindən 60 faizə qədəri iştirak edir; ABŞ-da səsvermə hüququ olanların yalnız 35-40 faizi səs verir). Bütün təbliğat maşınları da güclülərin, şirkət sahiblərinin və multimilyonçuların ixtiyarındadır; yəni hər bir avtoritar rejimdə sözü keçənlərin! Bu gözəgörünməz tor xalqı istədiyi tərəfə çəkir, xalqlara zorla qəbul etdirilən məqsəd və usulların dəyişdirilməsinə imkan vermir. Bunlar fəsad azadlığını, seksual azadlığı, tüfeylilik və əxlaqdan qurtuluş azadlığını yayırlar; çünki bunlar yenə bu böyük güclərin xeyrinədir.

Qərbin demokratik quruluşu və təbliğatın rolu

Bəzi quruluşlar hiylə və təbliğatla idarə olunur; məsələn, Qərbin zahiri demokratik quruluşları kimi. Bəli, bu məkanda təzyiq, qamçı, bizləmə və dağlama totalitar quruluşlardakı kimi deyil. Xalqın zahirən də olsa, azadlığı var; amma hiylə ilə idarə olunurlar. Bu quruluşların ixtiyarında nəhəng təbliğat maşınları var və xalqın bütün həyatını inhisara almışlar.
Siz baxın, bu illər boyu kimsə, nə vaxtsa, haradasa düşmənlərdən, imperialistlərin planlarından, Amerika, İsrail və azadlığın digər əleyhdarlarının düşmənçiliyindən danışmışsa, beynəlxalq təbliğatçılar tərəfindən günahlandırılmışdır.
Qərbdə azadlıq var, amma zülmlə, pozğunluqla birgə olan azadlıq. Qərbdə qəzetlər azaddır və hər şeydən yazırlar. Amma onlar kimlərindir? Məgər xalqındır? Bu aydın məsələdir, gedib baxsınlar. Siz Avropa və Amerikada kapitalistlərə məxsus olmayan bir sanballı qəzet göstərin. Orada mətbuat azadlığı dedikdə öz sözünü danışan, istədiyini gözdən salan, istədiyini böyüdən, ictimai rəyi istədiyi tərəfə yönəldən kapitalistin azadlığı nəzərdə tutulur. Bu daha azadlıq olmadı ki!
Əgər bir şəxs iri kapital sahiblərinə və onların qüvvə mərkəzlərinə bağlı olmasa, nə sözü eşidilir, nə səsi kimsənin qulağına çatır, bir sözlə söz azadlığından bəhrələnmir. Bəli, iri kapital sahibləri özlərinin qəzet, radio və televiziyaları vasitəsilə ürəkləri istədiyini deməkdə azaddırlar. Amma bu azadlıq dəyər deyil, dəyərin ziddinədir. Bu azadlıq xalqı pozğunluğa və imansızlığa sürükləmək, istədikləri yerdə müharibə yaratmaq, istədikləri yerdə sülhə məcbur etmək və istədikləri yerdə silah satmaqdır.
Deyirlər Amerika və İngiltərə qəzetləri azaddır. Mən soruşuram, hansı qəzet xalqın orta və aşağı təbəqələrinə məxsusdur ki, adam qəzetin azadlığından o təbəqənin azadlığını anlasın? Qəzetlər kimindir? Böyük kartel və trestlərin, milyonçuların. Bəli, qəzetlər azaddırlar, yəni istədiklərini yazmaqda azaddırlar. Onlar öz mənafelərinə zidd olanı demirlər. Bu onlara aiddir, demokratiyanın tərənnümü, anası və beşiyi olanlara, onunla fəxr edənlərə.

Ayətullah Seyid Əli Xamenei


5382 بازدید
در حال ارسال اطلاعات...