Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Ac xalqın Avropa oyunları

Yaxud, arzularımızın soyqırımına tamaşa edək

Bizim dərdimiz böyükdü. Ağlamaqla, sızlamaqla yüngülləşmək, təsəlli tapmaq mümkün deyil. Əksinə, kədərin qucağına yuvarlanmaq, susqunluğa təslim olmaq bu dərdi daha da ağırlaşdıracaq. Dərdimiz ona görə ağırdı ki, yaşadığımız ölkənin tam hüquqlu vətəndaşına çevrilə bilmirik. Ona görə də şəxsi həyatımız natamam forma alıb.
Nə zəruri ehtiyaclarımızı, nə də xırda arzularımızı həyata keçirə bilirik. Bizə dərd “hədiyyə” edənlərə isə sadəcə tamaşa edirik. Sanki “dərdverənə” tamaşa edib, içimizdə narazılıq bildirmək hünərdi. Guya, adam ürəyində zalımın əleyhinə danışanda qəhrəmanlıq edir. Yox, belə deyil. Biz, dərdimizi böyütmək üçün dərd mütəxəssislərinə “xammal” vermişik. Onlar da bu xammalı istədikləri formaya salıb, taleyimizə transfer ediblər.
Indi başı bəlalı ölkənin dərdli sakinləri ölmüş manatın, boşalmaqda olan büdcənin müşayiəti altında “Avropa oyunları”nın yolunu gözləyir. Bura o qədər unikal ölkədir ki, Avropa dəyərlərinə nifrət edənlərin, “Avropa oyunları” sevgisi yarana bilir. Bu ölkədə onlarla adam var ki, “Avropadan pul almısınız” deyilərək həbs olunub. Ancaq həmin ittiham edən adamlar indi Avropa oyunlarına milyardlar xərcləyirlər. Bəli, Avropa dəyərlərini ölkəyə gətirənləri zindana atıb, Avropadan gələnləri gülər üzlə qarşılamağa hazırlaşırlar.
Ən dəhşətlisi budur ki, bu oyunların Azərbaycana heç bir xeyiri yoxdur. Əksinə, neftin kövrək ayaqları üzərində dayanmış ölkənin büdrəyərək yıxılmaq ehtimalı var. Avropanın hegemon ölkələri bu oyunlardan imtina edərək Azərbaycana şans verdilər. Onlar heç vaxt belə iflasın içinə girməzdilər. Həm də bilirdilər ki, dünyanın tamah salmadığı “məhsul”lara, Azərbaycan hakimiyyətinin həmişə tamahı olub. Belə də oldu, milyardları səxavətlə, 5-3 günlük oyunlara xərcləmək qərarı verdilər. Kimsə top təpikləyəcək, Azərbaycan vətəndaşı isə ac mədəsini şillələməklə məşğul olacaq. Kimsə uzağa disk tullayıb qalib gələcək. Azərbaycan vətəndaşının arzuları isə disk formasına düşüb göylərə buxarlanacaq. Kimsə rəqibi ilə güləşib medal qazanacaq. Azərbaycan xalqı isə, dərdi ilə güləşməyə davam edəcək.
Amma hökumətimizin “səxavət”i bununla da bitmir. Məlum olur ki, Avropa idmançılarının Azərbaycana gəlməyə marağı yoxdur. Onlar üçün cəngəllikdəki qızılgülün ətri cazibədar deyil. Bundan təşvişə düşən hökumətimiz isə, avropalı idmançıların bütün xərclərini ödəməyə boyun olublar. Yəni “biz müflisləşməyə hazırıq, boykot olunmağa yox” mesajını veriblər. Indi avropalı atletləri Azərbaycana gətirmək üçün bütün havalara oynamağa hazırdılar. Azərbaycan hökuməti pul hesabına hörmət qazanmaq istəyir. Heç kim bu məclisə könüllü gəlmək istəmir. Deməli, bu Avropa oyunlarına ikiqat vəsait xərclənəcək.
Əgər bu ölkənin güclü iqtisadiyyatı, təminatlı vətəndaşı, yetərli büdcəsi olsaydı, belə bir oyunun keçirilməsinə göz yummaq olardı. Amma indiki halda ölkəmizdə belə bir oyunun keçirilməsi, ailənin çörək pulunu qumara qoymağa bənzəyir. Bəli, ailə başçısı övladlarını çörəklə imtahana çəkir. Məsələ burasındadır ki, ailə başçısının bu oyunda “3 tuz” çıxarmaq imkanı yoxdur. Yalnız 1 gediş edib kartları tullamaq şansı var.
Indi Azərbaycan vətəndaşı kredit borcunun yükü altında ştanq qaldıran idmançını seyr etməli və buna sevinməlidir. Yəqin həmin vətəndaş arzu edərdi ki, bu ölkədə “Azərbaycan oyunları” da keçirilsin və “yük” qaldırmaq məharətinə görə qalib olsun. Bu ölkədə ali təhsilli “yük qaldıranlar” yetərincədir. Onların bu fəaliyyətinin qiyməti isə səfalətdir. Hələ ölkə vətəndaşının yükünə şərik olmaq istəyənlər də var. Onlar vətəndaşın yükünü azaltmaq istədiklərinə görə həbs olunublar.
Hakimiyyət xalqın alqış sədaları altında deyil, qarğış sədaları altında “Avropa oyunları”na hazırlaşır.
Amma “Avropa oyunları”na sevinənlər də var. Bu o adamlardı ki, avropalıların gəlişinə görə yol çəkir, divar hörür, ağac əkir və evinə çörək aparır. Bəli, bu da bir reallıqdır ki, Conun, Mayklın hesabına müvəqqəti çörək tapanlar da var.
Bütün oyunlarda ədalətsizlik edib Avropa oyunlarına hazırlaşmaq paradoksunu yaşayırıq. Qismətimizdə 150 manat maaş alan müəllimin, həkimin, təqaüdçünün AzTV-dəki saxta təbəssümünü görmək də var. Bu həmin hökumətdir ki, qiymət artımına görə xalqın sevincli olduğunu tirajlamaqdan da çəkinmir.
Müxtəsər, 22 il oynadıldıqdan sonra hökumətimiz bizi “Avropa oyunları”na aparır. Demokratiya, insan haqları “havasına” oynaya bilməyənlərin, pul havasına oynamaq vərdişi yaranıb.
Reallıq isə budur ki, dövlətin və millətin soyqırımı prosesi gedir. Bu soyqırımında istifadə olunan “güllə”lər isə xalqın susqunluğundan hazırlanıb.
Gəlin, arzularımızın soyqırımına “Avropa oyunları” adı altında tamaşa edək. Xeyli “şabaş” atılacaq. Onsuz da 20 ildən artıqdır ki, taleyimizin soyqırımına “analoqsuz inkişaf” adı altında tamaşa etməyə öyrənmişik./azadlıq/


6977 dəfə baxılıb
در حال ارسال اطلاعات...