Azərbaycan həqiqətən də “möcüzələr adası”dır. Azərbaycanda cərəyan edən hadisələrin fonunda dünyanın 7 möcüzəsi sönük görünür. Hər gün yeni “yanaşma”lar, yeni “təşəbbüs”lər, yeni “ideya”lar eşidirik. Ən böyük möcüzə isə budur ki, hökumət sürətlə inkişafdan danışsa da, vətəndaş sürətlə müflisləşir.
Indi isə elə bir mərəhələ çatıb ki, millətə səfalətlə mübarizənin yolları aşılanır. Belə ki, millət vəkili Hadı Rəcəbli bir “ilk”ə imza atıb və müəllimlərə “çıxış yolu” göstərib. “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki? Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır”.
Bəli, deputat müəllimlərə məsləhət görür ki, məktəbdən çıxandan sonra qul bazarına yollansınlar. Məsələn, fizika müəllimi ağır dərs saatından sonra, 3-cü kosmik sürəti reallaşdırıb, tikintidə kərpic hörməlidir. Ədəbiyyat müəllimi şagirdlərə Füzuli yaradıcılığının fəlsəfəsini aşılayandan sonra, Füzuli heykəlinin qarşısında süpürgəçilik etməlidir. Riyaziyyat müəllimi isə çətin məsələnin həllini lövhəyə yazandan sonra 150 manatla yaşamağın həlli yolları üzərində çalışmalıdır.
Hadı müəllim uzun illərin gərgin müzakirələrindən sonra bu qərara gəlib ki, Azərbaycan müəllimi Lənkərandakı Balabəy müəllimin standartına uyğunlaşmalıdır.
Bəs, Azərbaycan müəllimi Almaniyadakı, Fransadakı, Kanadadakı həmkarlarının səviyyəsinə niyə qalxmamalıdır? Ona görə ki, Azərbaycan müəllimi Avropa müəlliminin həyat səviyyəsinə çatsa, məmurların villaları, holdinqləri, bahalı avtomobilləri ola bilməz. Ona görə ki, müəllim cəmiyyətin dəyərinə çevrilsə, seçki saxtakarı kimi istifadə oluna bilməz.
Deməli, millət vəkili, icra başçısı, komitə sədri, nazir və digər vəzifəlilər yüksək əmək haqqı alaraq, komfort həyat sürməlidilər. Müəllim isə məktəbdən çıxandan sonra həmin məmurun bağında, obyektində fəhlə işləməlidir. Həqiqətən də analoqu olmayan ölkədə yaşayırıq. 5 il Universitet oxuyub müəllim, həkim ixtisasına yeyələnirsən ki, fəhləlik edərək dolanasan.
Görəsən 1000-1500 manat əmək haqqı alan məmurlar milyonluq villaları, iri holdinqləri, bahalı avtomobilləri necə əldə edirlər? Onlar da işdən sonra kərpic hörməyə, suvaq vurmağa gedirlər? Hörmətli deputatımız bu məsələnin sirrini bizmlə bölüşsəydi, şad olardıq. Əgər məmurlar bu qədər var-dövləti halal yolla əldə ediblərsə, bunun sirrini müəllimə, həkimə, təqaüdçüyə açmaq savab olardı.
Dəhəşətli olan budur ki, millət vəkili müəllimin əmək haqqının artırılmasının zəruri olduğunu təsdiqləmək əvəzinə, sürünə-sürünə yaşamağın yollarını öyrədir, bu hakimiyyətin səfil gününə qoyduğu hansısa müəllimin həyatını nümunə göstərir. Bizə rüşvət almayan, aldığı maaşa qane olan, ölkənin sərvətini talamayan məmurun nümunəsi lazımdır. Kərpic hörən müəllim nümunəsi bu ölkəyə yaxşı heç nə vəd etmir. Suvaq vurmağa, yer belləməyə məhkum edilmiş müəllim, təhsil binası ucalda bilməz. Məhz bunun göstəricisidir ki, Azərbaycan təhsilinin bünövrəsi çat verib.