Yaxud, 1 nəfərin etirazının əhəmiyyəti
Həqiqətən də ölkəmizdə baş verənlər möhtəşəm bir filmin, bestsellerə çevriləcək kitabın mövzusu ola bilər. Bu ölkədə cərəyan edən hadisələrin fonunda komediyadan tutmuş, faciəyə qədər bütün janrları görmək olar. Bu ölkənin hər bir vətəndaşı 1 “janr”lı insanların müxtəlif janrlara parçalamış olduğu tarix hadisəsidir. Hər bir insanın taleyində hakimiyyətin yarıtmaz siyasətinin dərin izləri görünür. Məsələn, övladını müalicə etmək üçün 5 min manat tapa bilməyən valideynin gözləri qarşısında, milyonlarla manatın xərclənməsi hesabına başa gələn gül bayaramı keçirməkdən daha böyük faciə səhnəsi varmı? Yaxud, şəhid olmuş övladının məzarı üzərinə bir dəstə qələnfil qoya bilməyən valideyn üçün, 10 milyonluq gülün havaya sovrulması nə deməkdir?
Ölkəyə daxil olan bütün məhsullar 20 dəfə baha qiymətə satılırsa, 2.5 milyon vətəndaş kredit borcunun dərdi ilə yüklənibsə, 13500 şəhid ailəsi sığorta pulunu ala bilmirsə, həkim, müəllim, təqaüdçü 150 manatla yaşamaq rekordu vurursa, xarici futbol klublarına 70 milyon manat xərcləmək “absurd riyakarlıq” janrının göstəricisi deyilmi?
Bəlalarla, yalanlarla, talanlarla mühasirəyə alınmış ölkədə “Talana son” deməkdən daha ləyaqətli addım ola bilərmi? Xalqın açıq-aşkar aldadıldığı bir vaxtda Milli Şura martın 15-də “Talana son” mitinqi təşkil etdi. Amma “Talana davam” deyənlər qətiyyən dayanmaq istəmədilər. Ona görə də aprelin 5-də “Talana son” mitinqi davam etdirildi. Tribunadan milyonlarla vətəndaşın haqqı tələb edildi, israfçılığa, talançılığa etiraz edildi və ölkə vətəndaşına yürüdülən siyasətin yanlış olduğu çatdırıldı.
Amma həmişə olduğu kimi mitinqlərin möhtəşəmliyinə kölgə salmaq istəyənlər bu dəfə də “iş” başında oldular. Bu adamların əsas arqumenti sayla bağlı olur. Ölkənin milyardlarını oğurlayıb sayanlar da, hakimiyətin ənamlarını saymağa öyrəşənlər də mitinq iştirakçılarının sayının azlığından yapışıblar.
Əvvəla, bugün ölkədə ikinci bir qüvvə yoxdur ki, onun çağırışı ilə minlərlə insan meydana axışsın. Hətta bütün resurslara malik olan YAP hakimiyyəti də kütləviliyi yalnız müğənnilərin, salyutların, şounun hesabına təmin edə bilir.
İkincisi, indi texnologiya əsridir. Mitinqdə nə qədər insanın iştirak etdiyini görüntülərdən, fotolardan müəyyən etmək mümkündür. Kimlərsə 1000-lərlə insanı 600 nəfər görürsə, bu onun vicdanının korluğu ilə bağlıdır.
Üçüncüsü, bu qədər sərt avtoritarizm şəraitində, insanların ən zəif yerləri ilə şantaj edildiyi bir reallıqda, bu qədər şər-böhtan kampaniyasının aparıldığı vaxtda, minlərlə insanın mitinqə gəlməsi böyük göstəricidir.
Deməli, 20 ildən artıq birtərəfli təbliğatın aparıldığı ölkədə, heç bir resursu olmayan müxalifətin çağırışına 1000-lərlə insan gəlir. Hansıki, həmin təbliğatı aparanların cəmiyyətdə heç bir real dayağı yoxdur. Əgər, milyonlarla insanın bu hakimiyyətə rəğbəti olsaydı, seçki saxtakarlığına da ehtiyac olmazdı. Amma hakimiyyət bilir ki, səsverməyə gələnlər müxalifətin namizədinə səs verəcək. Hətta bu qədər saxtakarlıqdan sonra Cəmil Həsənliyə 205 min səs yazmışdılar. Yəni, rəsmi şəkildə etiraf edilən bu idi ki, 100 minlərlə insan Milli Şuranın namizədinə səs verib.
Yuxarıda da qeyd etdiyimiz kimi bu mitinqdə sosial vəziyyətin ağırılığından əziyyət çəkən milyonlarla insanın haqqı tələb olunurdu. Müxtəlif səbəblərdən bu mitinqə qatıla bilməyən insanlar var idid. Amma bu o demək deyil ki, 5 aprel mitinqində 9 milıyon insan iştirak etmirdi. Bəli, Milli Şuranın mitinqində 9 milyon insanın haqqı tələb olundu, 9 milyon insanın taleyindən söhbət açıldı, 9 milyon vətəndaşı gözələyən ağır sosial-iqtisadi fəlakətin anonsu verildi.
Yeri gəlmişkən, YAP-çı deputat Siyavuş Novruzov da mitinq iştirakçılarının sayının şişirdildiyini, rəqəmlərin yanlış olduğunu bildirib. Görəsən, bir layihənin qiymətini 10 dəfə şişirtmək daha böyük cinayətdir, yoxsa mitinq iştirakçılarının sayını artıq təqdim etmək? Görəsən, maaşı 1500-2000 manat olan məmurun 10 milyonluq şirkətə, villalara, avtomobillərə sahib olması daha böyük rüsvayçılıqdır, yoxsa mitinq iştirakçılarının sayını 1000 nəfər artıq demək? Görəsən, seçkili orqana təyinatla əyləşməkdən, seçki qutusunun seçkidən əvvəl dolmasından daha böyük şişirdilmə ola bilərmi?
Amma bu saymağa vərdiş etmiş adamlara demək istəyirəm ki, ədalətsizliyə qarşı 1 nəfərin etirazı da möhtəşəmdi, əvəzsizdi, təqdirəlayıqdir. Tarixin bütün dövrlərində haqq carçıları azlıqda olub, amma qalib gəlməyə də məhkum olublar. Mitinqə 1 nəfərin gəlməsi də, heç kimin gəlməməsi də çağırış edənlərin haqsız olduğunun göstəricisi deyil. Kağız üzərində 600 min YAP- çının olması, 600 min insanın YAP-ın siyasətini bölüşdüyünü ifadə etmədiyi kimi.
Bir sözlə, 5 aprel mitinqi hər bir Azərbaycan ailəsinin üzləşdiyi reallığın ifadəsi idi və 9 milyon insan bu mitinqdə iştirak etdi.