
Yaşadığımız ölkənin reallığı göstərdi ki, ən böyük fəlakətlər yalanlara aldanmaq, yalanı həzm etməklə başlayır. Bəli, uzun illər ərzində o qədər rəngarəng yalanlar eşitdik ki, həqiqəti yaddaşımızın arxivinə atdıq. Hakimiyyət təmsilçiləri “ölkədə problem yoxdur” deyə-deyə, həqiqətən də problemi ləğv etdilər. Bir dəfə yazmışdım ki, bu ölkədə bütün problemlər dərdə çevrilib. Yəni, ən xırda problemin həlli də ağır dərd halına gəlib. Bu ölkənin vətəndaşını mənzil almaq deyil, kirayə qaldığı mənzilin pulunu ödəmək sevindirir. Ona görə yox ki, mənzil almaq istəmir, ona görə ki, bu haqda düşünməyin də əbəs olduğunu bilir. Bu ölkənin vətəndaşları ən xırda məsələnin həllinə sevinə bilir, ən ucuz arzunun reallaşmasından təsəlli tapır. Yalan tilsiminə düşəndə nəticə məhz belə olur.
Vəziyyət o həddə çatır ki, 20 yaşlı oğlan 40 qəpiklik çörək oğurlamaq məcburiyyətində qalır. Çörək satan şəxs isə bu “cinayətkar”ı tutaraq, polisə təhvil verir. Son günlər bu hadisə mətbuatda, sosial şəbəkədə xeyli müzakirə olundu. Kimi çörək satanı, kimi çörək oğurlayanı, kimi isə hakimiyyəti günahlandırdı.
Təbii ki, oğurluğa haqq qazandırmırıq. Çörəyə möhtac bir insanı polisə təhvil vermək də qəhrəmanlıq deyil. Amma baş verənlər Azərbaycanın şəffaf mənzərəsini göstərir. Bəli, o çörək satan da, çörək oğurlayan da mövcud sistemin “şah əsəri”dir. Biz tərəzidə 100 qram əskik çəkən, avtobusu möhkəm sürən, 40 qəpiklik çörəyi oğurlamağa cəhd edən adamları bağışlamırıq. Amma ölkəmizi talan edən, taleyimizi oyuncağa çevirən, hüquqlarımızı əlimizdən alanlara qarşı susmaq qərarı vermişik. Biz “hökumətlə hökumətlik etmək olmaz” prinsipinə sadiq qalıb, “ehtiyacı olana güzəşt etməzlər” prinsipi yetişdirmişik. Bəzi ağzıgöyçəklər “92-93 cü illərdə çörək növbələri olurdu, çörək tapa bilmirdik” deyərək, mövcud hakimiyyətə haqq qazandırmaq, yarınmaq istəyirlər. Amma 2015-ci ildə ölkədə çörək bol olsa da, çörək tapmayanlar var. Nisyə dəftərlərində çörək borcları yığılıb qalıb.
Bu ölkədə şərlənərək həbs olunumuş 10-larla vicdan məhbusu var. Bu ölkədə yarıtmaz siyasətə etiraz edən 100-lərlə mübariz vətəndaş var. Onlar ölkə insanının çörəklə imtahan edilməməsi üçün mübarizə aparırlar. Əfsuslar olsun ki, bu ölkədə artıq “çörək məhbusu” da var. Milyardlarla sərvəti olan ölkənin vətəndaşı 40 qəpiklik çörəyə görə zindan həyatı yaşamağa məcbur olur. Hakimiyyət isə “Latsio” klubuna 40 milyon hədiyyə edir.
Əslində, bu hadisənin baş verməsində kənarda seyrçi mövqeyi tutan hər kəsin günahı var. Hamının bir gün çörək oğrusuna çevriləcəyi realdır. 2.5 milyon vətəndaşımız kredit borcu ödəyir. 1 milyarddan artıq ödənməmiş kredit borcu var. Yavaş-yavaş çoxlarımız “çörək məhbusu”na çevriləcəyik. Tarix bizə dərs verir. Taleyinin, gələcəyinin oğurlanmasına göz yuman insan, bir gün çörək oğrusuna da çevriləcək. Bu ölkənin sərvətlərini oğurlayanlar, bu sərvətin həqiqi sahiblərini çörək oğrusuna çevirdi. Biz isə bu iyrənc tamaşanın sadiq tamaşaçısına çevrildik.
O çörək satan hüququnun, sərvətinin, taleyinin oğurlanmasına, çörəyinin oğurlanması kimi reaksiya versəydi, 20 yaşlı oğlanın çörək oğurlamasına ehtiyac qalmazdı. Biz hamımız sabahın çörək oğrularıyıq.
O qədər susduq ki, çörəyi cinayət alətinə çevirdik. Yaşamaq üçün oğurlamağın zərurətə çevrildiyi bir ölkənin vətəndaşlarıyıq. Belə getsə həbsxanalarda xeyli çörək cinayətkarları peyda olacaq. Hansısa bayram ərəfəsində də bu çörək məhbusları prezidentin əfv sərəncamına düşəcəklər. AzTv-nin mikrofonuna yaxınlaşıb “əməlimizdən peşmanıq” deyəcəklər. Və bu mənzərə növbəti humanist addım kimi qiymətləndiriləcək./azadlıq/