
Kimin qazancı çoxdur?
Bəzi həqiqətlər var ki, çox təkrar olunduğuna görə adiləşir. Adamlar bu həqiqətləri şablon fikir, pafoslu ifadə kimi dəyərləndirirlər. Amma zamanın yaratdığı mənzərə bu həqiqətlərə möhür vurur. Bu həqiqətin adı ədalətdir. Roma filosofu Siseron deyirdi ki, ədalət dəyərli insanların sahib olduğu ən şərəfli tacdır. Monteskye isə “bir insan barəsində yol verilmiş ədalətsizlik, hamı üçün hədədir” söyləyirdi.
Təəssüf ki, yaşadığımız ölkədə ədalət uğrunda vuruşanlarla yanaşı, ədalətsizliyə təkan verənlər də var. Son günlər ölkə gündəmini iri oliqarxların həbsi xəbəri zəbt etdi. Məlum oldu ki, milyonların içində “rəqs” edən bu adamlar “bondatdel”ə dəvət olunublar. Üstəlik, “maliyyə xəyanəti” ittihamı ilə üz-üzə qalıblar. Yəni canları və malları təhlükədədir. Bu adamlar dünənə qədər hakimiyyətə beyət etməyin, ədalətsizliyə göz yummağın, yalanı alqışlamağın nümunəsini yaratmışdılar. Bir dəfə də olsun qanunsuzluğa, korrupsiyaya, sadə vətəndaşın haqqının tapdanmasına etiraz etmədilər. Əksinə, zülm aparatının dəyənəyinə çevrildilər.
Hansıki, onlar milyonlarla “rəqs” edərkən, cibində 5-3 manatı olan gənc fəallar “polisə müqavimət” ittihamı ilə həbs olunurdu. Yaxud, ölkənin tanınmış hüquqşünasları, jurnalistləri, ziyalıları qondarma ittihamlarla ləkələnirdilər. Beləliklə, ölkədə 100-ə yaxın ədalətsiz məhkəmə hökmünün qurbanları ortaya çıxdı. Indi milyonları olan oliqarxlarla, heç nəyi olmayan ədalət savaşçıları eyni məkanı bölüşməkdədilər. Bəs, güclü olan kimdir? Cəsarəti, vətəndaş mövqeyi olan gənc fəal, yoxsa milyonları olan oliqarx?
Bugün ədalətsziliyə üsyan edtiyinə görə şərlənən kasıb vətəndaş bütün dünyanın diqqətindədir. Onu “vicdan məhbusu” adlandırırlar. Bütün dünya bu ləyaqətli insanlara azadlıq tələb edir. Beynəlxalq tribunalardan onların adı çəkilir, ən nüfuzlu mükafatlara layiq görülürlər, onların haqqında məqalələr yazılır, şeirlər qoşulur. Hər kəs bu adamlarla bağlı xatirələrini danışır, nə vaxtsa bu adamlarla çəkdirdikləri şəkilləri ictmailəşdirməkdən qürur duyurlar.
Yəni bugün şərlənərək həbsə atılmış “polisə müqavimət göstərən”, milyonlara sahib olanlardan daha hörmətlidir. Ölkəsində baş verən qanunsuzluqlara dözməyən insanların həbsdən öncə də vicdanı, cəsarəti, ləyaqəti var idi. Həbsdə olduqları müddətdə də bu dəyərlərə sahibdilər. Amma bu oliqarxların sahib olduqları yalnız milyonlar idi. Indi onu da itirməkdədilər. Dünən milyonların əhatəsində olanlar, bugün saqqız oğrusunun, xuliqanın, bomjun yanındadılar. Yəni ədalətsizliyə xidmət etmək onları sığortalaya bilmədi. Ancaq bu adamlar ortaya vətəndaş mövqeyi qoymuş olsaydılar, haqqı tapdanana sahib çıxsaydılar, zülmə etiraz etsəydilər, bugün cəmiyyətin sevgisini qazanmış olardılar. Onlara da azadlıq tələb edilərdi.
Necə də ibrətamiz mənzərədi. Cibində 1 manatı olanlar, milyonu olanlardan daha çox reklam olunur. Daha dəqiq desək vicdanı ilə “Ədalət” layihəsinə investisiya qoyanlar, milyonları ilə biznes layihələrinə pul yatıranlardan daha çox qazanır.
Xədicə Ismayıl, Seymur Həzi, Intiqam Əliyev, Tofiq Yaqublu, Asif Yusifli, Elvin Abdullayev və digərləri milyonların sevimlisinə çevrilə bildi. Milyonlarla vəsait isə 70-dən artıq oliqarxı sevimli vətəndaşa çevirə bilmədi.
Ədalət böyük qüvvədi. Gənc fəalın yaşlı oliqarxdan önə çıxması ədalətin qələbəsidir. Bəzən 100 milyonlarla vəsait təmiz ad qazanmağa kömək edə bilmir. Bəzən isə “polisə müqavimət” ittihamı, tarixin “Şərəf” ordeninə çevrilə bilir.
Cənablar, milyonlara arxayın olmayın. Gələcəyə vicdanınızla, cəsarətinizlə investisiya yatırın./azadlıq/