Yaxud bizə “vətən xaini” kimi təqdim edilənlər
Ötən gün ölkə gündəmini Cəbrayıllı Seymur zəbt etdi. Daha dəqiq desək regionun lider dövlətinin “Lider” kanalı Cəbrayıl sakinini İngiltərədən gəlmiş turist kimi təqdim etdi. Əlbəttə ki, ölkəmiz analoqsuz inkişaf etdiyinə görə Seymur Səfərovun Ceyms Bonar olması mümkündür. 20 ildən artıqdır ki, bu ölkədə tənəzzülü tərəqqi, səfaləti yoxsulluğun kökünün kəsilməsi, yaltaqlığı vətənə xidmət, tənəzzülü tərəqqi, hüquqsuzluğu qanunun aliliyi kimi təqdim etmirlərmi? Bu ölkənin ən vicdanlı, ləyaqətli insanlarını “xuliqan”, “vətən xaini”, “ermənipərəst” kimi təqdim etmirlərmi?
Amma başqa versiyalar da var. Bəlkə də bu hakimiyyət üçün məcburi köçkünlər də turist kimi görünür. Bəli, ölkəyə obyekt kimi baxanların, yurd-yuvasından didərgin düşən adama turist kimi baxması təbiidir. Görünür, “Lazım” gələnə kimi bu “turist”lər hələ çox ad dəyişəcək.
Avropa oyunları öncəsi və oyunlardan sonra Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiq gücləndi. Daha doğrusu beynəlxalq aləm hər şeyi öz adı ilə çağırmağa başladı. Bütün dəyərlərin adını dəyişimiş hakimiyyət üçün isə baş verənlər olduqca sarsıdıcıdır. Ona görə də real vəziyyəti cəmiyyətdən gizlətmək üçün siyasətçilərin tənqidini, turistlərin tərifi ilə sığortalamağa qərar verdilər. İndiki situasiyada Seymur Səfərovlar hakimiyyət üçün Ceyms Bonardan daha çox, Ceyms Bond kimi görünür. Xoş söz söyləyən hər bir turist nadir tapıntı kimi qiymətləndirilir. Görünür, Bakıdan fərqli olaraq Mingəçevirdə turist qıtlığı yaşandığına görə, məcburi köçkünü inglisə çevirmək zərurəti yaranıb. Ümumiyyətlə, YAP hakimiyyətinin bütün dövrlərində vəziyyətdən “çıxış yolu” tapılıb. Məsələn, Almaniya hökuməti Azərbaycan hakimiyyətini balaca tənqid edən kimi AzTv, ATV Almaniyada kütləvi aclıq və zorakılıq “yaratdı” . Hansıki, 10 minlərlə Azərbaycan vətəndaşı Almaniyaya mühacirət edir və bütün tələbatları ödənilir. Hakimiyyətin ən yuxarı postlarını zəbt etmiş adamlar müalicə üçün Almaniyaya pənah aparır. İndi isə AzTv –lər Almaniyanı Ermənistandan betər “acından öldürür”.
Əslində, “Lider” in bu əməyini yüksək qiymətləndirmək lazımdır. Hakimiyyətin “fantaziya”sına nabələd olan insanlar üçün İngiltərəli məcburi köçkün Seymur Səfərovun performansı ciddi arqument oldu.
Biz uzun illərdi deyirik ki, telekanalların təqdim etdiyi məhsullar zaydı, yalandı, siyasi sifarişdi və.s “Lider” isə göstərdi ki, belə “şedevr”lər yaratmaqda hökumətimiz həqiqətən də mahirdir.
Məsələnin ən maraqlı tərəfi isə bu gün həbsdə olan və bütün dünyanın “vicdan məhbusu” hesab etdiyi şəxslərlə bağlıdır. Bəli, Seymur Səfərovla bağlı baş verənlərin ölkədəki siyasi məhbuslarla birbaşa aidiyyatı var. “Azadlıq” qəzetinin 3-cü səhifəsindən boylanan bu şəxsləri də cəmiyyətə yanlış təqdim ediblər. Həmin “Lider” lər, AzTv-lər, “Səs”lər, “Yeni Azərbaycan”lar bu ləyaqətli insanları da cəmiyyətə başqa adla sıramağa çalışıblar. Seymur Həzini, Xədicə İsmayılı, Tofiq Yaqublunu, İntiqam Əliyevi və digərlərini pis nümunə kimi göstərməklə, həqiqətin səsini boğmağa çalışıblar.
Bu hakimiyyət üçün dəyişiklik islahat kimi yox, həqiqətə yalan libası geyindirmək kimi assosasiya olunur. Vəziyyət o həddə çatdı ki, əsrin əvvəlində demokratik cümhuriyyət hesab olunan ölkə, əsrin sonunda avtoritarizmin hökm sürdüyü ölkə kimi tanındı. Yəni, həqiqətlərin adını dəyişə-dəyişə ölkənin təmiz adını da çirkələndirdilər.
Bir sözlə, İngiltərəli məcburi köçkün Seymur-Bonarın sərgüzəştləri Azərbaycan reallığının ümumiləşdirilmiş formasıdır. O, “turist”in simasında Azərbaycanı görmək mümkündür.
Görəsən, bizim əsl adımız nədir?/azadlıq/