Yaxud şirin bədbəxtlikTəbii ki, xoşbəxtlik nisbi anlayışdır. Əgər xoşbəxtlik sabit anlayış olsaydı, bəlkə də bədbəxtlik arzulanan dəyərə çevrilərdi. Arzuların tükənməz olması da xoşbəxtliyin həmişə axtarıldığının və heç vaxt tam əldə edilmədiyinin göstəricisidir. Hansısa filosof “ən böyük xoşbəxtlik, xoşbəxt olmaqdan imtina etməkdir” söyləmişdi. Ümumiyyətlə, xoşbəxtlik haqqında müxtəlif fikirlər, müxtəlif yanaşmalar var.
Amma Azərbaycan reallığında xoşbəxtlik tamam fərqli bir anlayışa çevrilib. Bugünlərdə məlum oldu ki, “Gallup” analitik şirkətinin keçirdiyi sorğuya görə Azərbaycan dünyanın ən xoşbəxt 4 ölkəsi sırasındadır. Bu xəbər sosial şəbəkələrdə də çox müzakirə olundu, həm aqressiya, həm də ironiya ilə qarşılandı. Əslində, xoşbəxtlik haqqında yazmağıma da məhz bu araşdırmanın nəticəsi səbəb oldu.
Biz dünyanın xoşbəxt ölkələri siyahısında ola bilərdik. Bunun üçün lazım olan hər şeyi Azərbaycanda tapmaq olardı. Indiki halda isə ölkəmizin adını “asan xoşbəxt ola bilən xalqlar” siyahısında birinci yerə salmaq olar. Bəli, bu gün Azərbaycan xalqını sevindirmək, xoşbəxt etmək çox asandır. Məsələn, devalvasiyadan bir gün əvvəl 1000 manat pulunu dollara çevirmiş, bahalaşmadan öncə yanacaqdoldurma məntəqəsində avtomobilinə 50 litr benzin vurmuş, maaşı 10 manat artmış vətəndaşın üzündə hədsiz sevinc görmək mümkündür. Həm də bu adamlar baş verənləri o qədər həvəslə, coşquyla danışırlar ki, sanki ən böyük arzularına çatıblar. Yaxud heç bir süründürməçiliklə üzləşmədən JEK-dən arayış alan, hansısa məmurun qəbuluna düşə bilən vətəndaş, bunu uğur kimi dəyərləndirir. Yəni yaşadığımız ölkədə insanların arzuları qısırlaşıb, ona görə də böyük arzulara düşməkdən qorxurlar.
Ancaq Azərbaycan kimi bir ölkənin vətəndaşları tamam fərqli yaşamalıdı. Ölkə balaca, əhali az, sərvət çox. Mövcud hakimiyyət insanların təfəkküründə xoşbəxtliyin yeni düsturunu yaratdı. Insanlara sübut etməyə çalışdılar ki, xoşbəxtlik ölkədə sabitliyin olmasıdır, kreditlə avtomobil ala bilməkdir, gündə 3 dəfə yemək yeməkdir və s. Yəni hamıya başa saldılar ki, xoşbəxtlik mədəylə bağlı anlayışdır. Yaxud beyinlərə yeritdilər ki, azadlıq anlayışı həbsxandan kənarda qalmaq deməkdir. Beləliklə, “hökumətlə hökumətlik etmək olmaz”, “mən siyasətə qarışmıram”, “onsuz da heç nə düzələn deyil”, “bunlar yeyib doyublar” arqumentləri formalaşdı. Biz xalq olaraq xoşbəxtlikdən qaçmaqla məşğul olduq. O qədər sürətlə qaçdıq ki, bədbəxtliyə çatdıq. Amma bədbəxtliyə çatmaqla da dayanmadıq. Bədbəxtliklə dost olduq, ona öyrəşdik, onsuz həyatımızı təsəvvür etmədik. Bəli, biz bədbəxtlikdə şirinlik, sevinc axtarmağa başladıq. Milyardlarımızı oğurlayan məmura deyil, bazarda alma satan satıcıya hirsləndik. Hansısa nazirin 50 şirkəti yox, qonşumuzun “Mersedes”i bizi təəccübləndirdi. Biz, bədbəxtliyin himayəsinə sığındıq, hökumət də bədbəxtliyimiz üzərində xoşbəxtlik qurdu.
150-200 manatın istisinə qızınan, kredit borcunun şaxtasıyla sərinlənən xalqa çevrildik və bunu normal həyat kimi qiymətləndirdik. Bəlkə də xoşbəxtlikdən bu qədər sürətlə qaçan xalqı, “xoşbəxt xalqlar” siyahısına salmaq ədalətlidir. Bəlkə də nə qədər bədbəxt olduğunu dərk etməmək də xoşbəxtlikdir. Biz bədbəxtlərin ən xoşbəxti olmaqda israrlıyıq.
Ona görə də məlum sorğunun nəticəsinə görə narahat olmayaq. Bu qədər ədalətsizlikdən, talançılıqdan, hüquqsuzluqdan sonra susuruqsa, bizi məqsədli şəkildə bədbəxtliyə yuvarladıqlarını dərk etmiriksə, deməli, xoşbəxtik.
Bəli, biz bədbəxtliyin içindən şirin anlar tapıb, xoşbəxt ola bilən xalqıq. Kaş ki, arzularımız böyüyüb həqiqi xoşbəxtliklərə doğru uçaydı. Uçmaq qabiliyyəti olduğunu dərk etməyən quşu necə xoşbəxt saymaq olar? Sadəcə olaraq dən tapıb yediyinə görəmi?