Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

Üzən devalvasiya, batan xalq

Yaxud manatın alın yazısı

Biz çoxdandır ki, gəzə bilmirik. 2016-cı ilə də sürünə-sürünə qədəm qoyduq. Təbii ki, yalanların mötəbər olduğu, həqiqətin hər gün solduğu ölkədə normal addımlamaq çox çətindir. Ona görə də xalq olaraq sürünməklə məşğuluq. Amma sürünən təkcə biz deyilik. Bir vaxtlar dolların çiyninə dırmaşan manatımız indi ayaqlar altında qalıb.


Uzun illər hökumət bizi inandırmağa çalışıb ki, milli valyuta zirvələrdən enməyəcək. Yəni manatın Everest zirvəsindən Marian çökəkliyinə düşməyəcəyinə and içmişdilər. Sən saydığını say, gör neftin qiyməti nə sayır. Sən demə, manat o zirvəyə “təhlükəsizlik kəməri” olmadan dırmaşıbmış. Ona görə də kəllə-mayallaq oldu. Bundan sonra “manatşünas” hökumətimiz cəmiyyətə inandırmağa çalışdı ki, manat zirvədən okeana düşsə də batmayacaq. Daha dəqiq desək, manatın “üzən məzənnə”yə keçəcəyini söylədilər. Amma bir neçə aydan sonra manat o qədər uzağa üzdü ki, Mərkəzi Bankın “xilasiedici”ləri onu sahilə qaytara bilmədilər. Beləliklə, manatımız heç bir valyutaya qismət olmayan taleyi yaşadı.

Bu qədər yarıtmaz və yaramaz siyasətdən sonra hökumət yenə də dilə gəldi, 3-cü devalvasiyanın olmayacağını bəyan etdi. Amma reallıq budur ki, manat hər gün gözümüzün qarşısında qəpik-qəpik əriyir. Artıq “üzən valyuta” söhbəti bitib, “üzən devalvasiya” mərhələsinə qədəm qoymuşuq. Dünya iqtisadiyyatına yeni “töhfə”lər verməkdəyik. 3-cü devalvasiyanı yavaş-yavaş hiss edirik. Bəli, “üzən devalvasiya”, xalqı da yavaş-yavaş batırır. Dollarla krediti olanlar, 150-200 manatın girovluğunda qalanlar, işini itirənlər, təhsil haqqını ödəyə bilməyənlər də yavaş-yavaş batır. Qarşıdan da bayram gəlir. Adamlar bayram süfrəsi açmaq arzusuyla yaşayırlar. Vətəndaş azar-bezarını çərşənbə tonqalının üzərinə atmaq istəmir, özünə od vurub yandırır. Adamlar bütün bəlalardan qurtulmaq üçün ölümə pənah aparırlar. Bəli, bu ölkədə təkcə milli valyuta ucuzlaşmayıb, insan həyatı da ucuzlaşıb. Əslində, manatın bu qədər dəyər itirməsi, vətəndaşa dəyər verilməməsinin nəticəsində mümkün olub. Əgər hesabatlı, şəffaf, xalqa söykənən bir hökumət olsaydı, nə manatımız bu vəziyyətə düşərdi, nə də xalqımız borc bataqlığında çırpınardı.

Vətəndaşın zərrə qədər dəyəri olsaydı, manatın saxlanmasına 10 milyardlarla vəsait xərclənməzdi. Manatı süni şəkildə şişirtdikcə, vətəndaş təbii şəkildə məhv oldu. Beləliklə, 3-cü devalvasiya start götürdü və hər gün manat qan axıdır.

Bir sözlə, manatın “alın yazısı”nı hökumət yazdı. Və xalqa inandırmaq istədilər ki, bu, qismətdi. Biz isə bilirik ki, manat öz əcəliylə ölmədi, onu qətlə yetirdilər.


7285 dəfə baxılıb
در حال ارسال اطلاعات...