Bu ölkədə insanları yaşatmaq naminə heç bir addım atılmasa da, insanları öldürmək naminə iri addımlar atılır. Hökumətimiz israrla vətəndaşı ölümə tələsdirir. Bu ölkədə çoxdandır ki, ölüm yaşamaqdan daha cazibədardı. Hökumətin bütün fəaliyyəti ölümə stimul verməyə yönəlib.
İndi də məlum olur ki, rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulub. Bu da vətəndaşa “qayğı”nın növbəti nümunəsidir. Belə çıxır ki, xəstələnmiş adam sağalmağa cəhd etmək əvəzinə, ölməyə səy göstərməlidir. Hökumətimiz çalışır ki, vətəndaşla ölümün münasibətlərini istiləşdirsin. Bu qadağa “hərə öz yurdunda ölsün” mesajını verir. Onsuz da bu ölkədə səhiyyənin özü ağır xəstəliyə yoluxub. Bölgələrdə isə vəziyyət daha acınacaqlıdır. Əlbəttə ki, ölkə insanı ölkə səhiyyəsinə etibar etmir və yüzminlərlə vətəndaş sağlamlığını Gürcüstanda, İranda, Türkiyədə axtarır. Amma Azərbaycan səhiyyəsinə sığınmağa məhkum olanlar da var. Bölgələrdəki insanlar üçün də paytaxt nisbətən təsəlli rolunu oyanyır və ümid edirlər ki, Bakıda sağalmaq ehtimalları daha çoxdur. Amma “ümid killeri” olanlar vətəndaşın bu ümidini də öldürmək eşqinə düşüblər. Ağır xəstələrin təcili yardımla Bakıya gətirilməsinə qadağa qoymaq, vətəndaşa “təcili ölüm” xidməti göstərməkdi. Vətəndaşın xəstəliklə mübarizə aparmasına da imkan vermirlər. İntihar həddinə çatdırmaqla kifayətlənməyib, ölümə aparan yeni yollar kəşf edirlər.
Bəli, ölkənin hər yerinə hüquqsuzluq, saxtakarlıq, talançılıq aparmaq olar, Bakıdan bölgələrə, bölgələrdən Bakıya yalan, yaltaqlıq daşımaq olar. Amma bölgələrdən Bakıya xəstə daşımaq qadağandır.
Bəlkə də təəccüblü heç nə yoxdur. 23 ildir 9 milyon əhalinin təcili yardıma ehtiyacı var, amma vətəndaşa yardım əli uzadan yoxdur. Kredit bataqlığında çabalayan, ədalətsiz məhkəmə qərarlarının qurbanına çevrilən, təhsil haqqını ödəyə bilməyən, dilənçi maaşına möhtac buraxılan adamların da “təcili yardım”a ehtiyacı var. Amma hələ də yardımdan əsər-əlamət yoxdur. Bu ölkəyə bütövlükdə təcili yardım xidməti göstərimləsinə qadağa qoyulub.
Bir sözlə, ölkədəki idarəçiliyin, aparılan “islahat”ların, verilən qərarların özünə “təcili yardım” lazımdır.