
Bu gün Azərbaycanda ən aktual sual “bizim axırımız necə olacaq” sualıdır. Qohum da, qonşu da, dost da, tanış da bu sualın cavabını axtarır. Mən də hər dəfə cavab verirəm ki, vallah bu gedişlə axırımız yaxşı olmayacaq. Bu təkcə proqnoz, ehtimal, analiz deyil. Bu hər gün hökumətin bizə təqdim etdiyi statistikanın üzə çıxardığı gerçəklikdir.
Məsələn, bu gün yaşadığımız ölkədə baş verənlərə diqqət edək. Azərbaycandakı “inkişaf”ın bir gününü nəzərdən keçirək. O zaman nələrlə qarşılaşacağıq.
Noyabrın 16-da eşitdiyimiz xəbərlərin bir hissəsi bunlardan ibarətdir: “Ölkədən çıxışına qadağa qoyulan müəssisə rəhbərinin sayı 727-yə çatıb”, “Maliyyə Nazirliyinin 64 idarəsi ləğv edilir”, “Beynəlxalq Bank dollar satışını dayandırdı”, “Dollar 1,77 manatı keçdi”, “Azərbaycanda qızıl hasilatı 14,5% azalıb”, “Azərbaycanın xarici ticarəti yenidən mənfiyə düşdü”, “Daha 2 şirkət Azərbaycanı tərk edir”, “MTN generalı 4,5 milyonluq əmlakı 305 min manata oğluna alıb”, “Beynəlxalq hesabat: Azərbaycanda 38, Gürcüstanda 7% rüşvət verilir”, “Ət idxalı – 112.99, süd idxalı – 131.52, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı – 121.34, meyvə- tərəvəz idxalı 126.98, çay idxalı– 189.80, şəkər idxalı 47.46 faiz artıb”. “12 neft zavodu satışa çıxarıldı”, “Əli Abbasovun 6,8 milyonunu alıblar”. “Azərbaycanın sığorta şirkəti müflis elan olundu”, “SOCAR-ın büdcəyə ödənişləri 10% azalıb”, “Ölkəyə investisiya qoyuluşu 26% azalıb”.
Bəli, bu siyahını davam etdirmək də olar. Hələ günün başlanğıcıdır və “inkişaf” xəbərləri davam edəcək. Təkcə bir gündə bu qədər tənəzzül xəbərini eşitmişik. Bütün sahələrdə sürətli eniş müşahidə olunur. Vəziyyətin düzəldilməsi bir yana qalsın, vəziyyəti sabit saxlamaq mümkünsüz olub.
Faktiki olaraq, ölkə uçuruma gedir və statistik məlumatlar da bunu təsdiqləyir. Amma mənzərənin bu qədər şəffaf olmasına baxmayaraq, hökumət saxta proqnozlar verməkdə davam edir. Yuxarıda sadaladğımız faktlar da göstərir ki, böhran ölkəni hər gün, hər saat ağuşuna alır. Hökumət isə “facebook”da tənqid yazanların, mitinqə gedənlərin izinə düşür, müxalifət funksionerlərini həbs edir, müxalifət liderlərinə qarşı çirkin kampaniyalar aparır və s. Yəni əhalinin vəziyyətinin sürətlə pisləşməsi, ölkənin səfalət yuvasına çevrilməsi qətiyyən hökumət komandasını narahat etmir. Ancaq tənqidçiləri və yığdıqları pulları nəzarətdə saxlayırlar.
Sözün həqiqi mənasında vəziyyət acınacaqlıdır. Bir gündə bu qədər pis xəbərin ortaya çıxması o deməkdir ki, real vəziyyət daha ağırdır. Çünki Azərbyacan reallığında rüsvayçı statistikaları bir qayda olaraq gizlətməyə çalışırlar.
Heç bir sərvəti olmayan Ermənistanda qazın qiyməti aşağı salınır, Gürcüstanda müəllimlərin əməkhaqqı artırılır, zəngin Azərbaycanda isə hər gün “qara xəbər” eşidirik.
Ölkəni o qədər bərbad vəziyyətə saldılar ki, ölkə vətəndaşı qonşu Gürcüstana həsəd aparır.
Yarıtmazlıq, məsuliyyətsizlik, tənəzzülə aparan idarəçilik hər gün daha aydın görünür. AzTv-lərin yalan xəbərlərini nəzərə almasaq, bu ölkədə xoş xəbər eşitmək mümkünsüz olub. Bunların islahat proqramı, anti-böhran tədbirləri yalnız tənəzzülə xidmət edir. Faktiki olaraq ölkə yeyəsiz qalıb, Allahın ümidinə buraxılıb.
Azərbaycan hər gün geriyə doğru sürətlə inkişaf edir.