Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2016

"Prezident Aparatında “deputatlar kabineti” yaradılsın"

Milli Məclisi qənaət edək

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək.2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

2017-ci ildə böhranın Everest zirvəsi boyda olacağını nəzərə alsaq, 23089714 manatın əhəmiyyətli məbləğ olduğunu deyə bilərik. Bu qədər məbləğin hansısa məclisə xərclənməsi absurd görünür. Məsələn, bu qədər vəsait xeyir-şər məclislərinin pulsuz qurulmsına sərf olunsaydı, ikiəlli razı olardım. Heç olmasa bilərdik ki, kasıb camaat məclislərini dövlətin qayğısı hesabına yola verəcək. İndiki halda isə 23 milyon manat 125 nəfərin böyük zalda klaviaturayla oynamasına, “hə-yox” deməsinə sərf olunacaq.

Onsuz da uzun illərdi Milli Məclisin saxlanmasına külli miqdarda vəsait xərclənib və bu xərclərin nəticəsində vətəndaş heç nə tapmayıb. Nə ürək qızdıracağımız vəkilimiz, nə də ürəyimizi soyudacağımız parlamentimiz olub.

Ümumiyyətlə, Azərbaycan reallığında Milli Məclisə ehtiyac yoxdur. Uzaqbaşı vətəndaşa soğan əkməyi, kərpic hörməyi məsləhət görürlər ki, bunu mandat daşımadan da etmək olar. Biz 23 ildir o məclisdə xalqa görə göz yaşı tökən, xalqa görə ayağını yerə döyən, xalqa görə barmaq silkələyən deputat görmürük. Əksinə, o məclisdə cərimələrin sərtləşdirildiyinin, olmayan inkişafa mədhiyyə deyildiyinin, mürtəce dəyişikliklərə könül verildiyinin şahidi olmuşuq. O 125 nəfərin nə vaxtsa sessiyadan xoş xəbərlə çıxdığının, seçicinin üstünə müjdəylə getdiyinin şahidi olmamışıq. Azərbaycan kimi ölkələrdə Prezident Aparatı varsa, Milli Məclisə, məhkəməyə, prokurorluğa ehtiyac yoxdur. Hökumətimiz “özünəməxsus” Asan xidmət yaradıb və bütün qərarlar bir mərkəzdən verilir. Azərbaycan xalqı da başa düşür ki, o məclisdə heç vaxt sürpriz olmayacaq. Kimsə maaşların qaldırılmasını, devalvasiyanın vurduğu zərərin ödənilməsini, günahsız insanların azadlığa buraxılmasını, iri korrupsionerlərin cəzalandırılmasını tələb etməyəcək.

Təklif edirəm ki, Prezident Aparatında “deputatlar kabineti” yaradılsın və 15 nəfərdən ibarət deputat seçilsin. Onlar da lazım olanda müxalifəti söysün, lazım olanda ABŞ-ı cırmaqlasın, lazım olanda inkişafın püskürməsindən xəbər versin və.s

Vallah, bu çətin vəziyyətdə 23 milyon manatı Milli Məclisə israf eləmək günahdı. Gəlin, heç olmasa böhran illərində parlamenti qənaət edək. Başqa ölkələrdə parlament dövlətin sütunudur, bu strukturun varlığı önəmlidir. Amma biz analoqsuz ölkədə yaşadığımıza görə Milli Məclisimiz olmasa da keçinərik.

O, əzəmətli binanı arendaya verək, 23 milyonu da xalqın 23 dərdinə dərman tapmağa xərcləyək. Biz Siyavuşun, Hadinin, Aydının, Oqtayın, Ziyafətin və digərlərinin vəkilliyinə ehtiyac duymuruq. 125 nəfəri bəsləməkdənsə, 9 milyonun işğına, qazına, suyuna əlac edin.

Sizi and verirəm mandata, səsimə səs verin!


5665 dəfə baxılıb
در حال ارسال اطلاعات...