Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2016

Müasir cəlladların övladlarına qoyduğu miras

“Çörək pulu”, yoxsa əbədi utanc?

İnsan bir dəfə verilmiş ömrü şərəflə yaşamalıdır. Nə qədər baş kəssən də, insanların haqqını oğurlasan da, var-dövlət yığsan da, sonda qara torpaqla qucaqlaşmalı olursan. Deməli, yaxşı insanın da, pis insanın da əbədi həyat şansı yoxdur. Amma yaxşı insanın əməlləri öləndən sonra da yaşayır, bu yaxşı əməllər onun ailəsinə, övladlarına, ətrafına da xeyir verir. Həmişə belə adamlar hörmətlə anılır, istinad yerinə çevrilir. Pislik edən adamlar isə yaşadığı vaxta da, öləndən sonra da ləntlə anılır. Amma onlar təkcə özlərinə yox, övladlarına da, yaxınlarına da pislik etmiş olurlar. Övladları, yaxınları həmişə onun əməllərinə görə utanır, həmişə keçmişdən qaçmağa çalışırlar. Ən əsası isə budur ki, bu pis adamlar əsl simalarını həmişə gizlədə bilmirlər. Elə bilirlər ki, həmişə hökmranlıq edəcəklər, həmişə insanları qorxu altında yaşadacaqlar və əsl qiymətlərini almayacaqlar.

Bugünlərdə Rusiyanın “Memorial” hüquq cəmiyyəti “SSRİ təhlükəsizlik orqanlarının kadr heyəti: 1935-1939” adlı sənəd dərc ediblər. arxiv sənədində keçmiş xüsusi xidmət orqanının -NKVD-nin 40 mindən artıq işçisinin adı və rütbəsi göstərilib.Stalin repressiyalarının tüğyan etdiyi 1937-1938-ci illərdə həmin NKVD işçiləri Sovet hakimiyyətinin yerlərdə əsas repressiya silahı olub. Maraqlıdır ki, siyahılda Azərbaycan SSR-nin NKVD-sində 1935-1939-cu illərdə çalışan 278 şəxsin adı hallanır.

Bəli, illər ötsə də şər rejiminin əlaltısına çevrilənlərin, insanlara işgəncə verənlərin kimliyi üzə çıxır. Yəqin ki, bu adamalrın nəvələri, nəticələri, onları tanıyanlar bu siyahının dərc olunmasındanc sonra utanc hissi keçirirlər. Onlar bundan sonra heç vaxt babaları haqqında qürurla danışa bilməyəcəklər. Əksinə, babalarının ləyaqətsiz həyatı həmişə onları kölgə kimi izləyəcək, əbədi damğa olacaq.

Təəssüf ki, bu gün də Azərbaycanda repressiyanın vintciyinə çevrilən, şər-böhtan maşını rolunu oynayan, günahsız insanlara işgəncə verməkdən zövq alan, insani dəyərləri pula satan adamlar var. Siyasi məhbusların məhkəmələrində tükürpədən faktların şahidi oluruq, günahsız insanlarla vəhşicəsinə davaranıldığı, insanların yaxınları ilə şantaj olunduğu, ləyaqətli insanlara qarşı iyrənc davranıldığı üzə çıxır. Hələ bu hökumətin dövründə həmin adamların bir qismi zindan həyatı yaşamalı olub. Dünənə qədər xidmət etdikləri rejim, bu gün onların cəhənnəminə çevrilib. Yığdıqları milyardlar, qurdulaqı biznes imperiyası onları xilas edə bilmir. İndi heç kim Akif Çovdarovla, Hacı Məmmədovla, Vəli Ələsgərovla fəxr eləmir. Hətta yaxınlar belə onların şərəfli işlə məşğul olduğunu dilə gətirə bilməzlər. Bu gün dövlətin sərvətini mənimsəyənlər, vəzifəsindən sui-istifadə edərək insanların haqqını yeyənlər, saxtakarlıqla məşğul olanlar, sifarişli hökm oxuyanlar, sabah eyni aqibətlə üzləşəcəklər. Onlar üçün ən böyük caza, cəmiyyətin nifrəti olacaq. Bu adamların saysız-hesabsız cinayətləri, anti-insani fəaliyyətləri hər an övladlarının başına çırpılacaq, doğmalarını təqib edəcək.

Ona görə də bugün əldə etdiyi səlahiyyətlərə güvənənlər, sabahını fikirləşməlidir. Onların işgəncə verdiyi, həbsə göndərdiyi adamlar sabah qəhrəman kimi qəbul olunacaqlar. Amma onların əməlləri həmişə lənətlənəcək, həmişə bu adamlar pis nümunə kimi göstəriləcəklər.

Cənablar, heç olmasa övladlarınızı, nəvərlənizi düşünün. İmkan verməyin ki, sizin biabırçı həyatınızın yükünü onlar çəksin. Bu gün hansısa günahsız adama işgəncə verib, boynuna cinayət yıxmaqla məşğulsunuz, sabah övladlarınız utanc işgəncəsi yaşayacaq.

Heç nə gizli qalmayacaq. Ləyaqətsiz ömürdən imtina edin, əbədi lənətdən, doğmalarınızı əzab çəkməkdən qurtarın. Bəlkə də çoxlarınız “mən balalarıma şörək pulu qazanıram” arqumenti ilə özünüzə haqq qazandırırsız, bəlkə də bunu övladlarınızın varlı həyat sürməsi naminə etdiyinizi düşünürsüz. Amma övladlarınızın çörəyini haram edirsiz, mənəvi yoxsulluq içində yaşamaq məcburiyyətində qoyursuz.


5818 dəfə baxılıb
در حال ارسال اطلاعات...