Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2017

Müstəqilliyi şərləyənlər

Yaxud, cavan ölkə necə qocalır?

Avtoritar rejimlər təkcə maddi sərvətləri talan etməklə məşğul olmur, həm də mənəvi sərvətlərə “od” vurur. Nəticədə təfəkkür xəstələnir, normal düşüncə qeybə çəkilir və köləlik damcıları ruha hopmağa başlayır.
Bu mənada ölkəmizdə vəziyyət daha acınacaqlıdır. Uzun illərdi həqiqət gah bəhanələrlə, gah da yalançı arqumentlərlə şərlənib. Xüsusən də haqqı deməyə cəsarəti çatmayanlar, şərin zülmünə “dur” deməyi bacarmayanlar müstəqilliyi şərləyiblər. Bəli, hökumətin verdiyi tezisləri qəbul edib, cəmiyyətə “brak” informasiya paylayıblar.
Cəmiyyətdəki çatışmazlıqlardan, ədalətsizliklərdən, talançılıqlardan danışanda dərhal “ağıllı” adamlar peyda olur və “müstəqilliyimizi yeni əldə etmişik, hökumətdən çox şey tələb etmək olmaz” nəsihəti verirlər.
Guya, bütün problemlərin səbəbi müstəqilliyimizin yaşının az olmasıdır. Əvvəla, yaxın tariximizdə qısa müddət ərzində böyük işlər görülməsinin yüzlərlə nümunəsi var. Təkcə qonşu Gürcüstana nəzər salmaq kifayət edir ki, 23 illik hakimiyyət dövründə böyük dəyişikliklərə nail olmağın mümkünlüyünə inanaq. Amma başqa ölkələrin nümunələrinə baş vurmaq niyyətində deyiləm. Öz ölkəmizin nümuləri “müstəqilliyimiz gəncdir” arqumentinin əsassızlığını göstərməyə kifayət edir.
Necə olur ki, 23 il ərzində korrupsiyanı çiçəkləndirmək, monopoliyalar yaratmaq, milyarderə çevrilmək, ölkəni ata malı kimi bölüşdürmək olur, amma vətəndaşa əl tutmaq, ədalət yaratmaq, dövlət əmlakını qorumaq olmur?
Biz hökumətdən Yupiterdə stansiya tikməyi, robot yaratmağı, uçan avtomobil istehsalına başlamağı tələb etmirik. Biz hökumətdən o şeyləri tələb edirik, onlar həlli üçün 2-3 ay da kifayət edər. Vətəndaşı sevmək, ədalətli məhkəmə sistemi qurmaq, şərlənərək həbs edilmiş adamları azadlığa buraxmaq, monopoliyları ləğv etmək üçün uzun illər lazımdır? Deməli, bir məmurun milyarderə çevrilməsi üçün 23 il bəs edir, amma bir məmurun şərəflə vəzifəsini icra etməsi üçün müstəqilik qoca olmalıdır?
Göründüyü kimi hökumət bütün yarıtmazlıqlarını müstəqilliyin yaşının azlığı ilə əlaqələndirməyə çalışır və cəmiyyətdə də bu təbliğatı aparır.
Ən dəhşətlisi isə budur ki, ötən müddət ərzində irəli getmək əvəzinə, geriyə addımlamışıq. Əgər uzun illər ərzində hökumət hansısa yol qət etmiş olsaydı və bu tendensiya hiss olunsaydı, “asta-asta düzələcək” qənatəniə gəlmək olardı. Reallıq isə onu göstərir ki, hər ötən il oğurluq, ədalətsizlik, saxtakarlıq daha da şaxələnib. 23 il ərzində 140 milyard dollar neft pulunu mənimsəməyə bəs edibsə, bu müddət ərzində həmin vəsaiti real işlərə sərf etmək də olardı.
Tam əminliklə demək olar ki, Azərbaycanı cənnətə çevirmək üçün 23 il kifayət edərdi. Amma bu illər ərzində Azərbaycanı cəhənnəmə çevrimək üçün gücləndirilmiş iş rejiminə keçdilər. Müstəqilliyin verdiyi imkanlardan müstəqilliyi qocaltmaq üçün istifadə etdilər. Bəli, gənc müstəqilliyi əldən salmaq, yaralamaq, xəsətləndirmək, qocaltmaq üçün nə lazımdırsa etdilər. İndi də bütün pislikləri müstəqilliyin yaşının üstünə atırlar.
Zaman isə göstərdi ki, başlar şeytanın əlində olanda yaşın heç bir fərqi olmur.


6524 dəfə baxılıb
در حال ارسال اطلاعات...