Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2017

Ölkəmizə iki mahnı gətirən Ledi Qaqaya 1 milyon dollar bağışlayırlar.

İdmanın böhran növü

Azərbaycan çoxdandır ki, “ziddiyyətlər ölkəsi” adını alıb. Statistik rəqəmlər tənəzzülü, hökumətin rəqəmləri tərəqqini göstərir. Ümumiyyətlə, dünyanın heç bir ölkəsində “inkişaf” sözü Azərbaycandakı qədər işlədilmir. Amma dünyanın heç bir yerində də tənəzzül Azərbaycandakı qədər sürət götürməyib. Məsələn, ölkə əhalisinin 35 faizi kredit bataqlığında çabalayır. Yaxud, ölkədə minimum əməkhaqqı 116 manat müəyyən edilib. Yəni, bizim məmləkətimizdə əməkhaqqı yaşamaq üçün yox, ölməmək üçündür.
Amma tənəzzülün ölkəmizdə məskən salması hökumətin “səxavət”inə təsir göstərmir. 13500 şəhid ailəsinin “qan pulu”nu verməsələr də, mənasız yarışlara milyonlar xərcləyirlər. Dünyaya uşaq gətirən Azərbaycan ledilərinə analıq pulu verməsələr də, ölkəmizə iki mahnı gətirən Ledi Qaqaya 1 milyon dollar bağışlayırlar.
Məsələ burasındadır ki, hökumətimizin daşlaşmış inkişaf göstəriciləri var. Bizim ölkəmizdə inkişaf təhsildən, səhiyyədən, məhkəmə sistemindən, vətəndaşın maaşından, seçki məcəlləsindən deyil, idman yarışlarından boylanır.
Vətəndaş intihara can atsa da, 3 devalvasiyanın yükü vətəndaşın belinə yüklənsə də olar, əsas odur ki, ölkəmizdə Avropa Oyunları keçirilib. Bizim ölkəmizdə inkişaf milyonlarla vətəndaşa aidiyyatı olmayan yarışmalara ev sahibliyi etməyimizlə ölçülür. Vətəndaşa sahib çıxmaq istəməyənlər, sahibsiz yarışlara məmnuniyyətlə ev sahibliyi edirlər.
Vətəndaşın mədəsi acından açılıb-bağlanır, hökumət isə Avropa Oyunlarının açılış-bağlanış mərasimləriylə vətəndaşa təsəlli verir. Daha sonra uzun müddət bu tədbirin təbliğatı aparılır, uzaqgörən siyasətin nəticəsi kimi dəyərləndirilir və vətəndaşa minnət qoyulur. Axırda da məlum olur ki, Avropa Oyunlarına 8 milyard dollar pul xərclənib.
Avropa Oyunlarının “istifadə müddəti” başa çatdıqdan sonra Formula-1 “muştuluq”u verdilər. Avropalı pilotlar Bakının küçələrində şütüdülər, istirahət etdilər, pullarını qazandılar.Sadə vətəndaşın bu yarışmanı izləmək imkanı çox məhdud idi. Çünki, biletlər 500-600 manat ətrafında dəyişirdi. 60 manatlıq bilet isə yarışı ayaqüstə izləməyə imkan verirdi. Bu yarışdan sonra da məlu oldu ki, əzəmətli hökumətimiz 100 milyon dollar pul xərcləyib və bu yarış 5 il ölkəmizdə keçiriləcək.
Ardınca xəbər tutduq ki, itkin neftçilərin ailələrinə 1000 manat müavinət təklif edən SOCAR şirkəti, futbol üzrə Avropa çempionatına 120 milyon dollar ərməğan edib.
Amma “idman inkişafımız” bununla yekunlaşmadı. “Uğur göyərçinləri” xəbər verdilər ki, bu il ölkəmizdə “İslam Həmrəyliyi Oyunları” və “Formula-1” yarışı keçiriləcək. Bu iki tədbirin keçirilməsinə isə 417 milyon manat xərclənəcək. Təbii ki, “sürpriz”lər bununla bitmir. İdmançı hökumətimiz növbəti illərdə “Beynəlxalq Ordu Oyunları”na və Kişi Gimnastikası üsrə 34-cü Avropa çempionatını da sahiblik etmək niyyətindədir.
Bəli, bütün sahələrdəki uğursuzluqları beynəlxalq tədbirlərə ev sahibliyi etməklə gizlətmək istəyirlər. Amma nəticə göz qabağındadır. Bu əjdaha boyda tədbirlərdən sonra büdcəmiz siçan boyda oldu. Xarici borcumuz artdı. Manatımız rəhmətə getdi. Vətəndaşlar banklarla “nikah”a girdi.
Deməli, bu qədər təmtəraqlı yarışlar böhranın sürətlənməsinə xidmət etdi. Biz dünyada idman ölkəsi kimi yox, böhran ölkəsi kimi tanındıq. Hətta kasıb qonşularımız da beynəlxalq agentliklərin qiymətləndirməsində bizdən perspektivli göründü. Beləliklə, biz böhran çempionu olduq. Dünyaya yüzlərlə idmançı təqdim edə bilməsək də, milyonlarla “böhrançı” təqdim edə bildik.
Bu qədər idman yarışlarına ev sahibliyi etmək inkişaf göstəricisidirsə, o zaman biz idmanın böhran növündə qalibik. Xalq olaraq qara kəmər sahibi olmasaq da, “böhran kəməri”nə sahib olmuşuq. Bəli, milyardları qurban verib, böhran qazanmışıq.


5357 dəfə baxılıb
در حال ارسال اطلاعات...