Ötən gün bazara getmişdim. Alıcıların çoxluğunu görüb sevindim. Düşündüm ki, vətəndaşlar bayram süfrəsi açmaq iqtidarındadı. Amma qısa müddətdən sonra təəssüratlarım alt-üst oldu. Şahid oldum ki, adamlar bazara doyumluq üçün yox, dadımlıq üçün gəliblər. Adamlar yarım kilo düyü, 200 qram qoz ləpəsi, 1 banan, 2 armud, 2 portağal alırdı. Satıcılar kilo-kilo sata bilmədiklərinə görə, alıcılar qram-qram ala bildikləri üçün kefsiz idilər. Bəli, bizim vətəndaşlarımız üçün 1 kilo qara kürü almaq nə qədər əlçatmazdırsa, 1 kilo qoz ləpəsi almaq da o qədər əlçatmazdır. Son 16 ildə “Azəri- Günəşli -Çıraq” yatağndan ölkəyə123 milyard dollar vəsait daxil olub. Amma bu zəngin ölkənin vətəndaşları 123 manatlıq bazarlıq etməyə çətinlik çəkir. Bu ölkədə kredit götürüb avtomobil almaq dəbdən düşüb, indi kredit götürüb bayram süfrəsi açırlar. Onminlərlə uşaq şəkərbura-paxlava arzusuyla yaşayıb, noğulla kifayətlənməli olur. Müşahidə etdiyim bir məqam xüsusilə ürək dağlayırdı. Alıcılar üstündə qiyməti yazılmış məhsullardan daha çox, qiyməti yazılmamış məhsullara hücum çəkirdilər. Çünki, qiyməti yazılmış məhsul ümidləri ilk andan öldürür və alıcı başa düşür ki, bu qiymətə gücü çatmayacaq. Amma üstündə qiyməti yazılmamış məhsul qısa müddətli ümid yaradır, “bəlkə qiyməti ucuz olar” təsəllisiylə yaşayırsan. Minimum əməkhaqqının 116 manat olduğu ölkədə qoz ləpəsinin 20-25 manat olması, həmin ləpənin “biz varlıların süfrəsi üçün varıq” deyərək qışqırması kimi görünür. Bəli, bizim təkcə Qarabağ boyda dərdimiz yoxdur, bu ölkədə ən xırda problem Qarabağ boyda dərdə çevrilib. Azərbaycan insanının ət dərdi, yağ dərdi, paxlava dərdi var. Adamlar əlamətdar günlərin gəlişinə yox, gedişinə sevinir. Ən gözəl bayramın gəlişi də alınları düyünlədir, fikir həbsxanası yaradır. Adamlar üçün böhranın gəlişi,bayramın gəlişindən daha çox arzulanandır.Sanki, bayram ərəfələrində vətəndaşdan “bayram qisası” alınır. Qiymətlərin bayram ərəfəsi kəllə-çarxa çıxması, belə deməyə əsas verir.
Bir sözlə, siz bu hökumətin Qarabağ problemini, kredit problemini həll edəcəyinə ümid edirsiz, bunlar isə paxlava problemini həll etməyə də qadir deyillər. Əlbəttə, bayram günü hökumət komandası şəhərin mərkəzində gəzintiyə çıxacaq, yol boyu müxtəlif şirniyyatlar düzüləcək, hər rayonun özünəməxsus əl işi nümayiş ediləcək və AzTv-də “xalq təmtəraqlı bayram keçirir” sədaları eşidiləcək. Vətəndaş süfrəsindəki məhdud təamları dadacaq, rəsmi təbliğatın bəxş etydiyi “inkişaf”la doyacaq. Analoqsuz ölkədə yaşadığımıza görə acmağımız real, doymağımız virtual olur.
Paxlavanın ortasına qoyulan fındığa qənaət edib, şəkərburanın içinə vuran xalqımızı təbrik edirəm.