
Mən Əhli-beyt aşiqiyəm sözüm var,
O mərhəmət qapısında gözüm var,
Təzyiqlərə, təqiblərə baxmaram,
Fani dünya acısa da dözüm var.
Mən Əhli-beyt aşiqiyəm sınmaram,
Bu sevdadan özgə sevda qanmaram,
Lütf etsələr qurbanı olduqlarım,
Hətta oda atsalar da yanmaram.
Mən Əhli-beyt aşiqiyəm yolum düz,
Bihəmdillah həm sağım düz, solum düz,
Bu dostluqdan usanmadım, doymadım,
Daha da çox hey sevdim ki, olum düz.
İlahinin qismətidir bu sevgi,
İki dünya nemətidir bu sevgi,
Günahım çox xəcalətdir tək işim,
Amma derlər şəfaətdi bu sevgi.
Vəsf etsəm də vəsfə sığmayanları,
Allah üçün mədh eylədim onları,
Qulun borcu sahibini öyməkdi,
Ümidvardı bəxş edər ehsanları.
Artır məndə ya Rəbb bu məhəbbəti!
Çünki bu eşq artırar sədaqəti,
Eşq olmasa, haqqa yetişmək olmaz,
İlahi çox eylə bu hərarəti!
Bu Rövşənin diləyi bəlli oldu,
Ali-Əba müşküllər həlli oldu,
Ümid etdi sultanların lütfünə,
Sultanların fərəci külli oldu.