Размер шрифта:
A+
A
A-
25 Апрель 2015

Ölkəni neftsiz idarə etmək olarmı?

Neft ucuzlaşmaqda davam edərsə, hansı addımlar atılmalıdır?
Son vaxtlar neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına cavabdeh insanları narahat etməyə başlayıb. Onlar belə bir sualla üzləşiblər ki, neft ucuzlaşmaqda davam edərsə, hansı addımlar atılmalıdır? Bir gün neft hasilatı sıfra enərsə, çıxış yolu nədir? Bu günlərdə İran İslam Respublikasında “İran neftsiz və müqavimət iqtisadiyyatının zərurətləri” adlı kitab çapdan çıxıb. Kitabda yuxarıdakı suallar cavablandırılır.
Neftin ucuzlaşması problemi aradan qalxsa belə yer üzündə neft ehtiyatlarının hər gün azalması məsullarda sual yaradır ki, bu yanacaq növü tükənən zaman nə baş verəcək? Rayihə nəşriyyatında çapdan çıxmış “İran neftsiz və müqavimət iqtisadiyyatının zərurətləri” kitabında müəllif Mehdi Mehrpur gözlənilən variantları və mümkün tədbirləri nəzərdən keçirir. Kitabda bir qrup mütəxəssis, iqtisadçılarla müsahibələr yer alıb. Onlar əvvəlcədən hazırlanmış səkkiz sualı cavablandırıblar. Cavablar toplanıb, suallar üzrə ayrıca fəsillərdə yerləşdirilib. Cavablar bəziləri istisna olmaqla xülasə şəkildədir. Hər fəsildə cavab verənlərin adı əlifba sırası ilə qeyd olunub və cavablar toxunulmadan, olduğu kimi verilib. Sualları 58 mütəxəssis cavablandırıb. Hər fəslin sonunda xülasə, nəticə verilib. Bu nəticələrdə nöqsan olması mümkündür.

Birinci fəslin sualı: Əgər bu gün sanksiyalar səbəbindən İran neft ixracını dayandırmalı olsa, hansı problemlərlə üzləşəcək? Mütəxəssislər öz cavablarında neft gəlirlərini nəzəri baxımdan araşdırıblar. İran iqtisadiyyatı 100 ilə yaxındır neftdən aslıdır. Neft satışının tam dayandırılması qısa müddətə olsa belə bütün iqtisadiyyata təsir göstərəcək. Əsas məsələ budur ki, neft satışından gələn gəlirə sərvət yox, qazanc kimi baxılıb. Bu qazanc birbaşa dövlət büdcəsinə yatırılıb. Neft gəlirləri dəyişən gəlirlərdir və bu gəlirlərdən aslı iqtisadiyyat təlatüm keçirir. Neft qazancı kəsiləndə isə bütün iqtisadiyyatın zərbə alması labüddür.
İkinci fəslin sualı: Neftsiz iqtisadiyyat qurmaq üçün qısamüddətli, ortamüddətli, uzunmüddətli layihələr nədən ibarətdir? Əksər mütəxəssislər neftsiz iqtisadiyyat qurmaq yox, neftdən asılılığı azaltmaq, neft qazancını sabit şəklə gətirmək barədə düşünür.
Üçüncü fəslin sualı: Nə üçün neftdən asılılığı azaltmaq istəkləri ortada ikən bu asılılıq yüksələn xətlə güclənib? Cavablar fərqli olub. Müştərək nöqtə düzgün idarəetmənin olmasması göstərilir.
Dördüncü fəslin sualı: Neft asılılığından qurtaran ölkələr buna hansı yolla nail olub? İqtisadi sabitlik və daxili imkanlardan düzgün istifadə çıxış yolu kimi göstərilib.
Beşinci fəslin sualı: Neft gəlirlərindən asılılıqdan qurtarmaq üçün vergilərin artırılması mexanizmi necə olmalıdır? Mütəxəssislər bildiriblər ki, bu işdə vergiləri artırmaq yox, vergi mənbələrini artırmaq lazımdır.
Altıncı fəslin sualı: Müqavimət iqtisadiyyatı ölkə iqtisadiyyatına hazırkı vəziyyətdə nə kömək edə bilər? Mütəxəssislər bu məqsədlə islahatların aparılmasını zəruri sayıblar.
Yeddinci fəslin sualı: Əgər sanksiyalar davam etsə hansı sahələrdə hansı islahatlar aparılmalıdır? Ümumi cavab daxili istehsalın gücləndirilməsi zərurəti olub.
Cəkkizinci fəslin sualı: Sanksiyaların ləğvi iqtisadiyyatdakı problemlərə son qoyacaqmı? Mütəxəssislər həm sanksiyaların ləğvi, həm də daxili istehsalın gücləndirilməsini təsirli sayıblar.

Vilayet.nur-az.com
8168 dəfə baxılıb
ожидание...