İranın son 200 il tarixinə baxanda anlamaq olur ki, ziyalı hərəkatında iki bariz xüsusiyyət olub. Bunlardan biri qərbpərəstlik, digəri asılılıqdır. Ziyalı hərəkatı ölkənin inkişafı üçün bu iki nüsxəni təyin edib. Buna görə də özünəgüvənc və istiqlala müxalif olublar. 15 xordad jurnalının redaktoru doktor Müzəffər Namdarla bu hərəkat haqqında söhbətləşirik (Khamenei.ir)
Sual: İranda Məşrutə hərəkatı formalaşdıqdan sonra belə bir baxış mövcud olub ki, İranın inkişaf üçün yeganə çıxış yolu özünü qərblilərə bənzətməkdir. Bu təfəkkür haradan qaynaqlanır, onun əsas dəlili nədir?
Cavab: Bu hadisələr ruslarla müharibədən sonrakı dövrə təsadüf edir. Biz həmin dövrdə ağır itkilər verdik, ölkənin əhəmiyyətli bir hissəsini itirdik. Bəzi müasir araşdırmaçıların təbirincə, İran tarixində Qərb mədəniyyətinin seçilməsi həmin dövrdən başlayıb. Hökumət adamları arasında yaşanılan məğlubiyyətin səbəblərini axtarmağa cəhd edilib. Bu insanlar arasında Abbas Mirzə öndə gedir. Onun Fransa səfiri ilə söhbəti maraqlıdır. Bir sual tarixdə yer alıb: Biz nə üçün ruslara məğlub olduq? Günəş onlara çox işıqlandırır, bizə az? Biz sayça az idik?.. Fransa səfiri deyir: Onların malik olduğu texnikadan siz məhrum idiniz. Sizin belə vasitələriniz yox idi. Müharibə dövründə alimlər savaş üçün fitva verdiyindən siz sayca çox idiniz, amma məğlub oldunuz. (Tarixdə belə bir söhbət qeydə alınıb)
Həmin dövrdə dövlət adamları ilə yanaşı ordu komandanları arasında da belə bir fikir formalaşıb ki, biz texnikaya yiyələnməliyik. Əvvəlcə qərara gəlirlər ki, bu texnikalara sahib olmaq üçün xaricə mütəxəssislər göndərmək lazımdır. Bir müddət bu işi görürlər, amma müsbət təsiri olmur. Həmin dövrdə yalnız xalqın təhqirindən ibarət olan qərbpərəstliyə şahid oluruq.
Yenilik tərəfdarı olanlar deyirlər ki, əgər ölkənin inkişafını istəyiriksə bu vaxta qədər olanlarımızı kənara qoyub, qərblilərə tabe olmalıyıq. Güya bizim mədəniyyətimizdə istehsal istedadı yoxdur. İstehsal mənbələrə malik olmalıdır. Bizimsə belə mənbələrimiz yoxdur. Demək, onlardan borc almalıyıq. Nasirəddin şah dövründən başlayaraq münəvvər adlandırılan insanlar ortaya çıxır. Onlar yazırdılar ki, ölkənin tərəqqisini istəyiriksə təqlid etməli, Qərbin ardınca getməliyik. Deyirdilər ki, ağılı kənara qoymaq, təcrübə nərdivanı ilə yüksəlmək lazımdır. Zaman ötdükcə bu fikirlər bir ideologiyaya çevrildi. Bu fikirləri ilk dəfə risalə şəklində çap edən Mirza Molkumxan oldu. Ölkədə tədricən formalaşan nəşriyyatlarda belə risalələr çap olunurdu.
Əlbəttə ki, həmin dövrdə asılılıq kimi ifadələrdən istifadə olunmurdu. Sadəcə təkrarlayırlar ki, tərəqqi istəyiriksə yeniləşməliyik. Məşrutədən sonra, ikinci dünya müharibəsinin ardınca dünyada inkişaf nəzəriyyəsi ortaya qoyuldu. Ədəbiyyatımıza yeni söz daxil oldu. Biz bu ifadəni asılılıq adlandırırıq. Asılılıq ifadəsi Pəhləvi dövründən sonrakı ədəbiyyatda yer alıb. Qacar dövründə həmin ifadə ilə rastlaşmırıq. Təqlidçilik, qərbpərəstlik var idi, amma bu ifadə işlədilmirdi. Rzaxan dövründən İranda solçu cərəyanlar zühur etdi, asılılıq sözü o zamana qədərki ifadələrin yerini tutdu.
Sual: Nə üçün deyirdilər ki, tərəqqi üçün qərbləşməkdən başqa yol yoxdur?
Cavab: Qacar dövrünə nəzər saldıqda görürük ki, ölkə dünyadan çox geri qalıb. Ölkədəki dövlət quruluşu monarxiya quruluşu idi. Alimlərin gözəl bir təbiri var, deyirlər ki, bu bəsit istibdad idi. Bəsit istibdadla yanaşı mürəkkəb istibdad olur. Mürəkkəb istibdad bir neçə laylığın, bir neçə yönlüdür. Buna görə İmam Xomeyni (r) buyurur ki, Pəhləvi istibdadı Qacar istibdadından daha qaranlıqdır. Çünki Pəhləvi istibdadı mürəkkəb, Qacar istibdadı bəsit idi. Buna görədə bizim siyasi quruluşumuz geriliyimizin əsas səbəblərindən biri sayılır.
İkinci dəlil məişət iqtisadiyyatıdır. Deyirdilər ki, məişət iqtisadiyyatının sərmayəni yenidən istehsal gücü yoxdur. Buna görə inkişafdan qalırıq. Bu meyarları araşdırır, deyirlər ki, bütün bunlar gerilik səbəbləridir. İctimai təminat, xalqın rifahı inkişaf prosesində işlədilən ilk ifadələrdir. Su, işıq, yol problemləri ölkənin əsas problemləri idi. Əvvəldə təlim-tərbiyə, hüquq müstəvisində bir iş görülmürdü. Münəvvər adlandırılan ziyalı zümrəsi bildirirdi ki, geriliyin əsas göstəriciləri bunlardır.
Sual: Mirza Molkumxan erməni idi, Mirzə Fəthəli Axundzadə, Hacı Səyyar Məhəllati kimi ilk münəvvərlərin səhnəyə gəlişindən İslam İnqilabının qələbəsinə qədərki münəvvərlərin “biz bacarmarıq” fikri cəmiyyətə nə dərəcədə təsirli idi?
Cavab: Biz iki nöqtəyə diqqət yetirməliyik. Biri budur ki, ziyalını xəyanətkar saymaq, hələ ki mürtəceni üstün tutmaq demək deyil. Bizim tənqidimizin mövzusu budur ki, onları başqaları yox, məhz özləri ziyalı adlandırırdı. Onların düşüncəsində elə bir istehsal yox idi ki, ziyalı adlandırılsınlar. Əslində deməliyik ki, İranda bu proses formal idi. Avropada ziyalılıq düşüncədə hərəkat nəticəsində yaranmışdı. Onlar tarixi proseslərdəki fəaliyyətinə görə ziyalı adlandırıldı. Amma İranda bir qrup özünü onlara bənzətməklə ziyalı adını öz üzərinə götürmüşdü. Mirza Molkumxan kimi biri deyir ki, ağılı kənara qoymaq, təcrübə nərdivanı ilə yüksəlmək lazımdır. Deyirdi ki, qərblilər qalxıb və onların ardınca getmək, təqliddən başqa yol yoxdur. Belə bir adamı ziyalı adlandırmaq olarmı?! Bu, təfəkkürdə ən qaranlıq nöqtədir.
Qərb renessans dövrünə çatanda gerilik bir fakt olaraq ortaya çıxdı. Səlib müharibələrində də anlamışdılar ki, geriyə qalıblar. Nə iş gördülər? Dedilər ki, öz mədəniyyətimizi bir kənara qoyub inkişaf etmiş ölkələrə təqlid edək? Qətiyyən belə bir yol seçmədilər. Tarixdə belə bir proses görmürük. Əslində renessans tarixi dövrlərin bünövrə prinsiplərinə qayıdış idi. Həmin idealizə olunmuş dövr Yunan və Rum dövrü idi. Roma və Yunan imperatorluğunun əzəmətini yada salmayan renessans mütəfəkkiri tapmaq olmaz. Yəni bu insanlar ilkin sərmayələrə qayıtmaq yolunu seçmişdilər. İrandakılar isə bunun ziddinə hərəkət etdilər. Demədilər ki, dəyişmək, ilkin sərmayələrimizə qayıtmaq istəyirik. Qərbdən borc almaqla yenilənmək yolunu seçdilər.
Əgər istehsal etmək istəyirsinizsə, sərmayəyə ehtiyacınız var. Bu sərmayə ya özünüzün olmalıdır, ya da başqasından almalısınız. Hər ikisinin yanaşı olması da mümkündür. Bundan başqa yol yoxdur. Əgər sərmayə özünüzün olsa istehsalınızın qazancı da özünüzün olacaq. Əgər borc alsanız, istehsaldan gələn qazancın da böyük bir hissəsini borca qaytaracaqsınız. Din alimləri ilə münəvvərlər arasında fikir ayrılığı da bu nöqtədə başlayır. Qərbdən, yeniləşmədən, insan haqlarından dəm vuran münəvvərlər bütün başqa fikirləri rədd edərək özlərindən başqalarını geri qalmış adlandırırdılar. Əslində din alimlərinin tərəqqi istəməməsi iddiası kökündən yanlışdır. Sadəcə inkişaf yoluna baxış fərqlənirdi. Münəvvərlər, ziyalınümanalar iddia edirdilər ki, tərəqqi üçün Qərbə üz tutmaq, təqlid yolu getmək lazımdır. Əksinə, digər cəbhə milli mənbələrin müəyyənləşməsini, özünə istinadı önəmli sayırdı. Onlar düşünürdülər ki, əgər inkişaf borc hesabına baş versə, qazancı da borca vermək lazım gələcək. Bu nöqtə aydın olduqda prosesin davamını dərk etmək asanlaşır.
Sual: İslam İnqilabının qələbəsinə qədər “biz bacarmarıq” düşüncəsini cəmiyyətdə yayan münəvvərləri necə dəyərləndirirsiniz?
Cavab: Əslində onların başqa bir şüarı olmayıb. Heç zaman xalqa deməyiblər ki, biz öz milli sərvətlərimizə sahib olmalı, ölkəmizi asılılıqdan azad etməliyik. Həmişə xalqın ümidini xaricdən asılılığa yönəldiblər.
Bu insanlar hətta ölkədəki həkimlərə inanmırdılar. Kiçik bir soyuqdəyməyə görə xaricə gedirdilər. Mərhum İmam (r) xəstəliyinin ən ağır vaxtında xaricə getməyə razılıq vermir. İran həkiminin nə eybi var, buyurur. Buyurur ki, İran həkimi xarici həkimin hansı işini bacarmır?! Ötən ilə Cənab Rəhbər Ayətullah Xamenei Tehrandakı xəstəxanada iranlı həkimlər tərəfindən cərrahiyyə əməliyyatı keçirdi. Xəstəxanadan tərxis olunanda İran həkimlərinə, tibb işçilərinə dərin minnətdarlığını bildirdi.
Sual: İran İslam İnqilabının bu prosesə təsiri nə olub?
Cavab: Mərhum İmam Xomeyni (r) milli mədəniyyətə söykənməyən hərəkatı rədd edirdi. İslam İnqilabı xalq inqilabı idi. İmam bunu xüsusi vurğulayırdı. Höccətülislam Seyid Həmid Ruhaniyə yazdığı məktubda tövsiyə edir ki, inqilab tarixinin yazılması üçün istedadların yox, xalqın sorağına gedin, tarixi xalqın dilindən eşidib yazın.
Dünyadakı inqilabların əksəriyyəti cəmiyyətin aparıcı simalarının başçılığı ilə həyata keçib. Bir növ yüksək təbəqənin proqramı əsasında hərəkət edilib. İran İslam İnqilabının proqnozlaşdırılmamasının bir səbəbi bu ola bilər ki, bu inqilabın hərəkətverici qüvvəsi xalq idi, bunu görə bilmirdilər. Xalqın bütün ideallarını görmək çətin işdir.
Düşünürəm ki, İslam İnqilabı Qacar dövründən formalaşan münəvvər düşüncəsinə, məhdud baxışlara zidd bir inqilab idi. Belə bir təfəkkürü ortadan götürmək lazımdır. Təəssüf ki, bir dövr səhnədən çıxan bu təfəkkür inqilabın ikinci 10 illiyində yenidən özünü göstərməyə başladı. Yenidən ölkədəki aparıcı şəxslər oxşar fikirlərlə çıxış etməyə başladılar. Cənab Rəhbər Ayətullah Xamenei diqqətli olmağa, siyasi ədəbiyyatda ötən dövrün ifadələrinə yer verməməyə çağırıb. Ruslar buna nomenklatura deyirlər. Bunun dini rəngi də ola bilər.
Sual: Bəziləri iddia edirlər ki, hazırkı dövrdə müstəqillik anlayışı mənasızdır. Tarixi baxımdan bunu necə dəyərləndirirsiniz?
Cavab: Bu da həllini tapmalı olan problemlərdəndir. Müstəqillikdən danışılanda ziyalılar aranı qarışdırır, xalqa deyirlər ki, müstəqillik dünya ilə rabitələri kəsməkdir. Güya biz dünyanın elmi nailiyyətlərindən istifadə etmək istəmirik. Əslində müstəqillik bu deyil. İmam hökumət quranda ona sual vermişdilər ki, sizin quruluşunuz nasist quruluşa bənzəmir? İmam cavab vermişdi ki, İslamda nasizmə, faşizmə yer yoxdur, faşizm Qərb ideologiyasının məhsulu idi. İmam buyurmuşdu ki, biz Qərbin elmi nailiyyətlərindən qorxmuruq. Əlavə etmişdi ki, bizi qorxudan sizin ideologiyanızdır. Qərb ideologiyası insanı məhv edir, amma elm təqdir olunur, kimsə deyə bilməz ki, elmdən imtina edirik.
Müstəqillik budur ki, xalq kiminlə rabitə qurduğunu diqqətlə araşdırır. Kimlərlə müqavilə bağlamaq, kimlərlə əlaqə saxlamaq olar? Bir dövlətdə bu məsələni xalq həll edirsə bu xalq dövlətidir. İstiqlala baxışımız budur. Dünyanın elmi nailiyyətlərindən imtina etmək barədə düşünmürük. Bu sadəlöhvlük olardı. Dünyanın heç yerində mövzuya belə yanaşmırlar.
Ziyalıların ikinci mövzusu budur ki, dünyaya inteqrasiya Amerika və Avropa ölkələrinə inteqrasiyadır. Çünki hazırda İran dünya ölkələri ilə rabitə saxlayır. Onlar bunu inteqrasiya hesab etmirlər.
Üçüncü mövzu budur ki, Amerika dünyada anqlo-protestant kimliyini yaymaq istədiyini açıq bəyan edir. Bu gün həmin baxışa həm də Avropa birliyi etiraz edir. Yunanıstan, İspaniya, İtaliya, Norveç, Danimarka və bir çox başqa ölkələr bu fikrə qarşı çıxırlar. Onlar öz kimliklərini qorumaq əzmindədirlər. Biz də istiqlaldan danışanda öz kimliyimizi qorumağı nəzərdə tuturuq. Belə bir istiqlal konistitusiyamızda nəzərdə tutulub.
Ziyalılar iddia edirlər ki, dünya bir neçə dövlətin təsiri altındadır, və bu ölkələrin ardınca getməsək, inkişaf mümkün deyil. Biz isə bunu müasir kapituliyasiya sayırıq. Hansısa ölkələrin qarşısında baş əymək qloballaşdırma adlandırılsa da mahiyyətcə kapituliyasiyadır. Bu gün qloballaşdırma adı altında təslimçilik istəkləri Qacar və Pəhləvi dövründəki kapituliyasiyadan fərqlənmir. Bütün bunlar müstəqilliyə ziddir. Bu gün biz qloballaşmanın son mərhələsindəyik. Bunun İslam Cümhuriyyətinə aidiyyatı yoxdur. Qloballaşma Pəhləvi dövrünə aid idi, İslam Respublikası dövrünə yox. Nəinki İran, dünya qloballaşma mərhələsindən ötüb keçib. Bir proses başa çatdığı zaman bizim ziyalılar onu bu gün ortaya qoyur. Bu gün ziyalılar Avropada ziyalıların 70 il əvvəlki sözlərini təkrarlayır.
Sual: İnkişaf və xarici siyasət arasında münasibətlər necədir? Xarici siyasi problemləri həll etmədən inkişaf mümkün deyil?
Cavab: Əgər biz inkişafı xarici bir hadisə kimi qəbul etsək, deməliyik ki, xarici ölkələrlə münasibəti normallaşdırmadan inkişaf edə bilmərik. Biz məşrutədən Pəhləvi dövrünün sonuna qədər bu işi gördük. Nə üçün inkişaf etmədik? Pəhləvi dövründə mütləq şəkildə özümüzü dünyaya təslim etmişdik. Bütün milli sərvətimiz onların əlində idi. Hətta ölkəmizin dövlət büdcəsini onlar təyin edirdi. Amma inkişaf edə bilmədik. Nə üçün?!
Trümenin 4-cü maddə sənədlərinin iki cildi təcrümə edilib, prezident administrasiyasının dəstəyi ilə çap olunub. Müsəddiq dövrünün sənədləri də amerikalılar tərəfindən çap olunub. Bunlar mühüm sənədlərdir. Müsəddiq Amerikaya münasibətdə bir səhvə yol verdi və tarazlığını itirdi. Bu səhv səbəb oldu ki, özü süquta uğrasın, məmləkət də zərbə alsın. Amerikalılarla müzakirə mizi arxasına əyləşəndə dedi ki, biz müflis olmaqdayıq, İngiltərənin sanksiyaları bizi süquta uğradır. Dedi ki, əgər siz kömək etməsəniz, biz Sovetlər Birliyinə üz tutmağa məcburuq. Beləcə Müsəddiq öz dövlətini qoruyub saxlaya bilmədi. Aydın olur ki, dünyanın imkanlarından istifadə etmək üçün diz çökmək siyasəti yanlışdır. Aydın məsələdir ki, amerikalılar sizə imkan yaratmayacaq. Kim özünə problem yaradar?!
Bəziləri elə düşünürlər ki, inkişaf ölkə xaricində xarici ilə şərtlənmiş bir prosesdir. Bu yeni bir söz deyil. Yüz ildir ki, münəvvərlər bu mövzunu ortaya atıb. Pəhləvi dövründə 70 il bu yolla getdilər, nəticə olmadı. Nə üçün bu gün həmin cərəyan bizi nəticəsiz bir tarixi yola sürükləyir?
Bir dəfə humanitar elmlər üzrə kitabların araşdırılması şurasında çalışan insanlarla Cənab Rəhbərin görüşünə getdik. Cənab Rəhbər sual verdi ki, humanitar elmlərlə başqa elmlərin fərqi nədir? Buyurdu ki, digər elmlər cibxərcliyi kimidir, humanitar elmlər sərmayə kimi. Buyurdu ki, heç bir sadəlövh insan sərmayəni xərcləməz. Sərmayə istehsal üçün mənbədir. Ölkədə neftin pulu sərmayədir. Avropa ölkələrinə baxın, qloballaşma ardınca gedənlər növbə ilə sıradan çıxır. Bir neçə il öncə Amerika böhran yaşadı, Malaziya müflis oldu, Koreyaya ciddi iqtisadi zərbə dəydi. Çünki iqtisadiyyat müstəqil deyildi. Bütün bunlara baxmayaraq ölkəmizdə bəziləri iqtisadiyyatın riçaqlarının super ölkələrin ixtiyarına verilməsini istəyirlər.
Vilayet.nur-az.com