Размер шрифта:
A+
A
A-
11 Октябрь 2015

İsrailin gələcəyi yoxdur!

General Sənayirad Mehrlə söhbətləşir
Düşüncəli dövlət rəsmisi hərbi sirrin açılmasına yol verməz

İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi şöbə rəisi Rəsul Sənayirad Amerikanın İraqda kütləvi qırğın silahı olmasını bəhanə edib təftiş aparmaq istəməsinə münasibət bildirib: Bu gün biz bunu təcrübədə görmüşük, heç bir düşüncəli dövlət rəsmisi hərbi sirrin açılmasına yol verməz...
Cənab Sənayirad Mehrlə söhbətində deyib: Yeni qurulmuş İran İslam Respublikası müharibə hazırlığına malik olmadığı bir zamanda 8 illik müharibəyə cəlb edildi. İmam Xomeyninin (r) əmri ilə dünyanın həssas dövründə əzəmətli İslam İnqilabını qələbəyə çatdırmış gənclər nəfəs dərmək imkanı tapmamış uzun sürən müharibədə öz fədakarlıqlarını dünyaya nümayiş etdirdilər. 
8 illik müqəddəs müdafiə müharibəsi bütün çətinliklərinə və acılıqlarına baxmayaraq inqilabçı gənclərin meydanda öz etiqadlarını sübuta yetirməsi üçün meydan oldu. 
Ölkəyə təcavüz etmək istəyən düşmən qarşısında iranlı gənclərin yaratdığı qəhrəmanlıq dastanı bu gün üçün dəyərli təcrübədir. Bu təcrübələr əsasında düşmənə, başda Amerikaya etimadsızlıq mövcuddur. Digər tərəfdən ölkəyə nüfuz üçün çalışan düşmən qarşısında müdafiə təcrübəsi toplanıb. 
Rəsul Sənayirad İmam Xomeyninin (r) əmri ilə döyüş libası geyib cəbhəyə yollanan gənclərdən olub. Müharibədə böyük təcrübə toplayıb. Onun təcrübələri sonradan inqilabın məqsədlərinə çatmaq yolunda faydalı olub. General Sənayirad hazırda SEPAH-ın siyasi bölməsinin rəisi, SEPAH komandanının müavinidir. Müqəddəs müdafiə həftəsi səbəb oldu ki, Rəsul Sənayiradla müharibə illəri, ondan sonrakı illər barədə söhbətləşək. 

Sual: 1359-cu il, şəhrivər ayının 31-də, yəni müharibə başlayan gün harada idiniz?

Cavab: Mən 1345-ci ildə dünyaya gəlmişəm. 59-cu ildə müharibə başlayanda məktəbli bir yeniyetmə idim. İnqilabdan məlumatlı ədəbiyyat müəllimimiz vardı. Müharibənin ilk günlərində Xürrəmşəhrdən olan bir yeniyetmənin qəhrəmanlığından danışdı. 
Mən yaxşı inşa yazırdım. Müəllim buna görə məni həvəsləndirirdi. Mən müharibəni müəllimin dilindən tanıdım. BƏSİC, könüllülər sırasında idim, ilk hərbi təlimləri BƏSİC vasitəsi ilə gördüm. Beləcə döyüş texnikası ilə tanış oldum. 
Xüsusi bir gərginlik yaşanan inqilab ab-havasında BƏSİC sıralarına qatılmışdım. Bu iş çox mühüm idi. Amma cəbhədə 60-cı ildə oldum. 1360-cı il, dey ayında hərbi təlimlərdə oldum. Cəbhəyə getmək üçün ilk hazırlıqdan keçdim. 
“Təriqul-Qüds” əməliyyatından 1 ay keçməmiş Bustana ezam edildim, təchizatdan bir gün sonra ön xəttə göndərildim. 15 yaşım vardı. Mən də ön xəttə getməsinə icazə verilməyən yeniyetmələrdən idim, döyüşə getmək üçün çox çalışmalı idim. 

Sual: Cənab Rəhbər Ayətullah Xamenei son günlərdə düşmən nüfuzundan çox danışır. Müqəddəs müdafiə illərində də bu məsələ haqqında ciddi danışılırdı? Əgər danışılırdısa hansı nöqtələrə toxunulurdu?

Cavab: Düşmənin nüfuzu xüsusi bir dövrə aid olmur. Əgər rəqiblər gərgin şəraitdə qarşı tərəfin iradəsinə təsir göstərə bilirsə nüfuz baş verir. 
Düşmənin nüfuzu hərbi sahədən siyasi sahəyə keçir. Hərbidə düşmənin nüfuzu dedikdə xüsusi bir qrupun rəqibin arxasına keçib kəşfiyyat məlumatı toplaması nəzərdə tutulur. Bu kəşfiyyat əməliyyatlarını nüfuz adlandırırlar. Mənim olduğum cəbhədə iraqlıların belə imkanı yox idi, biz düşmən arxasına nüfuz edə bilirdik. 
Sual: İnqilabdan əvvəl və müharibə dövründə düşmənin nüfuz etmə şəraiti necə idi?
Cavab: Şahlıq rejimi dövründə İran Qərbin təsiri altında idi, bu nüfuzdan da yuxarı bir vəziyyətdir. İnqilabdan əvvəl ölkənin taleyi ilə bağlı qərar çıxaran onlar idilər. Ona görə də həmin dövrdə düşmənin nüfuzu aktual deyildi. Nə zaman düşmənin qarşısında bir xətt çəkilirsə və düşmən bu xətti aşmalı olursa onun nüfuz etməsi də məna kəsb edir. 
Mən cəbhədə olduğum dövrdə düşmənin nüfuz etdiyini xatırlamıram. Biz bunun qarşısını almaq üçün səngərlər qurmuşduq. Düşmən nüfuz etmək üçün fürsət gözləyir. Keşikçi oyaqsa onun nüfuz etməsi çətin olur.

Sual: O zaman komandirlər düşmən nüfuzundan ehtiyatlı olmağa çağırırdılar. İndi də Cənab Rəhbər düşmənin nüfuzu təhlükəsindən danışır. Son 2-3 ayda bu xəbərdarlıqlar artıb. Olsun ki, nüvə razılaşması düşmənin nüfuzuna şərait yaradıb. Müharibə zamanı düşmənin necə nüfuz edə biləcəyi məlum idi. Bu gün isə aydın deyil. Sizin nəzərinizcə, bu gün Cənab Rəhbər hansı nöqtələri nəzərdə tutur, düşmən nüfuzunun qarşısını necə almaq olar?

Cavab: Düşmən təsəvvür edir ki, nüvə razılaşmasından sonra İrana nüfuz etmək şəraiti yaranıb. Onların nəzərincə müzakirələrdən sonra təzyiqlər bizim strategiyamıza təsir göstərib. Onlar razılaşma vasitəsi ilə ölkəyə nüfuz üçün hazırlıq görürlər. 
Düşmənin bu yolu seçməsinin səbəbi əvvəlki üsulların təsirsiz olmasıdır. Bütün yollara əl atmış düşmən planlarının baş tutmadığını görüb yeni yol seçir. O şahid olub ki, sanksiyalar şəraitində İran elm və texnologiya sahəsində böyük nailiyyətlər əldə edib. 
Bu gün biz raket sanayesində böyük nailiyyətlər əldə etmişik, sanksiyalar şəraitində yeni texnologiyalar əldə olunub. Elmi inkişafa sanksiyalar mane ola bilməyib. Mədəniyyət və ideologiya sahəsində də geri qalmamışıq, hərəkət üçün şövq var. Belə bir şəraitdə düşmən keçmiş siyasətləri faydasız sayaraq yeni yol axtarır. 

Sual: Kimlər Amerika ilə əlaqələrin bərpasına kömək edə bilər?

Cavab: Bəziləri düşünür ki, Amerika ilə əlaqələr qaçılmazdır, bir sıra məsələlərin həlli üçün əlaqələr bərpa olunmalıdır. Bu adamlar rabitələrin bərpasına kömək edə bilər. 
Açıq desək, İran İslam Respublikasındakı qərbyönlü cərəyan Amerika ilə rabitələrin bərpa olunması tərəfdarıdır. Ölkəmizdə Qərbə vurğun olanlar var. Onlar xəyanətkar deyil, sadəcə təsəvvür edirlər ki, inkişaf üçün Qərb modelini seçməkdən başqa yol yoxdur.
Bəziləri isə müstəqilliyi qurban vermək bahasına da olsa Qərblə rabitələri tələb edir. Amma azadlıq bəhanəsi ilə müstəqilliyi qurban vermək olmaz. Əslində müstəqillik yoxsa azadlıq da yoxdur. Kimsə deyə bilməz ki, biz İslamsız respublika istəyirik. Qərb modeli ardınca olanlar bu günə qədər şahid olublar ki, İslam Respublikası müqavimətdə necə uğurlar qazanıb. Amerikalılar da baş-başa gəlməyin faydasız olduğunu gördülər. 
Bu gün Amerika xalqımızın inancını dəyişmək istəyir. Təlqin edirlər ki, rabitələrin bərqərar olmasında İranın da xeyri var. Onlar nüvə sahəsində müzakirələri başqa sahələrə də sirayət etdirmək istəyirlər. Hətta regionda nüfuz məsələsini qabardırlar.

Sual: Düşmən nə üçün regionda nüfuz ardıncadır, bunun üçün hansı vasitələri var?

Cavab: Məntəqənin bəzi ərəb ölkələri uzun illərdir Qərbə bağlıdır. Bu ölkələrin vətəndaşları özlərini İran İslam Respublikasının vətəndaşı ilə müqayisə edəndə itkilərini anlayırlar. 
Misirin tanınmış şərhçisi Həsəneyn Heykəl nüvə razılaşmasından sonra belə bir şərh verib ki, Qərblə iki anlaşma modeli mövcuddur. Bir model açıq qapılar siyasətidir və Qərbə təslimçilikdən ibarətdir, ikinci model İran İslam Respublikasının modelidir, müqavimət vasitəsi ilə Amerikanı geri oturtmaqdır. Şərhçi bu fikirdədir ki, İranın 5+1 ilə müzakirələri İslam Respublikasının iqtidarını göstərir.
Şərhçi vurğulayıb ki, İran İslam Respublikası sionizmlə sazişə getmir. Bu vəziyyətdə İsrailin gələcəyi yoxdur, çünki xalq İran modelindən ilahmlanır, sionizmə qarşı çıxır.
Bu gün düşmən nüfuzundan danışarkən mövzuya əhatəli yanaşmalıyıq. Ötən günün tanınmış inqilabçısı da bu gün mübarizədən yorulub Amerikaya xilaskar kimi baxa bilər. Bu yanlış hesabatın nəticəsidir. Amerikalılar hiss edirlər ki, bu gün nüfuz etmək üçün zəmin var. 

Sual: İsfənd ayında keçiriləcək seçkiləri bəziləri düşmənin nüfuzu üçün münasib dönəm sayır. Bu sahədə önləyici tədbirlər nədən ibarətdir?

Cavab: Amerikalılar ümid edir ki, Qərblə saziş tərəfdarları İranda iş başına gələcək. Bu arzunun həyata keçib-keçməməsi xalqın diqqətindən asılıdır. Bu gün bəziləri hətta Nəzarət Şurasının vəzifələrini sual altına alır. Bu nigaran edicidir. 
Bu gün siyasi ekspertlər tərəddüddədir ki, nə üçün Nəzarət Şurasına qarşı şüarlar düşmənin nüfuz cərəyanı ilə eyni vaxtda verilir. Həqiqət budur ki, son söz xalqındır. Əgər xalqın ləyaqətli şəxsləri tanıması üçün münasib atmosfer olsa düşmənin nüfuz imkanı zəifləyir. Siyasi qruplar şəffaf fikir bildirməlidir. Əllərinə imamın əksini götürüb, daxildə Qərbə üz tutmamalıdırlar. Əgər bu insanlar açıq mövqe ortaya qoysalar, xalq düşmənin nüfuzuna səs verməyəcək, öz ləyaqətini, izzətini uca tutacaq. 
Fəza şəffaf olsa xalqımız yetkin xalqdır. Əgər xatırlayırsınızsa, nüvə şənliyi deyilən tədbirə çox adam qatılmadı. Ramazan ayı ruhiyyəsində olan insanlar müzakirələr uzandığından Amerikaya etimadsızdır. 
Amerikalılar öz hesabatında səhvə yol verib. Xalqımızı yaxşı tanısaydılar zorakı addımlar atmazdılar. İnqilabın bərəkətindən xalqımız siyasi yetkinliyə sahibdir. Amerikalılar 28 mordad çevirilişində, müqəddəs müdafiə illərində böyük səhvlərə yol verib. Biz İraqla müharibə aparanda amerikalılar Fars körfəzində bizim neft estakadalarımıza hücum etmişdi. SEPAH və ordunun diqqətini bu məsələyə cəlb etmişdilər, diqqətimizi bir nöqtəyə yönəldə bilmirdik. Bütün bunlar bizim tarixi yaddaşımıza həkk olunub. 
Amerikalılar bizim xalqın ittihad xüsusiyyətlərinə diqqətli olmalıdırlar. Amerika imperializmi İran və İslam kimliyinə uyğun olmayan addımlar atır. Biz İslam kimliyimizdə aşura qiyamından ilham almışıq. İranlı kimliyimizlə də heç vaxt zor və təcavüzə boyun əyməmişik. 



Sual: Ölkə prezidenti deyib ki, nüvə razılaşması sayəsində müharibə təhlükəsi aradan qalxıb. Razılaşmadan öncə müharibə təhlükəsi vardımı?

Cavab: Düşünürəm ki, amerikalılar, həddini aşanlar qarşısında əlbir olmalıyıq. Ölkə prezidenti amerikalılara çox xəbərdarlıq edir. Olsun ki, müəyyən məqamlarda rəqibi razı salmaq üçün siyasi gedişlər olub və bu gedişlər o qədər də səmərə verməyib. 
Amerikalılar hərbi təcavüzə işarə ilə bütün seçimlər miz üstədir deyib yalan danışırlar. Onlar İrana xəbərdarlıq edəndə özlərində ruhiyə yaratmaq istəyirlər. Amma yaşadıqları iqtisadi böhran, Əfqanistan və İraqa təcavüzləri artıq buna yol vermir. Obama ciddi dəyişikliklər şüarı ilə seçilib. Amerika xalqı siyasi səhnədə dəyişiklikləri yalnız nüvə müzakirələri yolu ilə mümkün sayır. 
Bəli, meydan həqiqətləri başqa söz deyir. Prezident SEPAH komandanları ilə görüşdə dedi ki, dünyanın heç bir gücü İranla müharibəyə cürət etməz. Bəli, düşmən qarşısında vəhdəti qorumalıyıq. 

Sual: Cənab Rəhbər SEPAH komandanları ilə görüşdə buyurdu ki, SEPAH-ın düşmənin nüfuzu müqabilində rolu böyükdür. Bunu da vurğuladı ki, SEPAH-ın fəaliyyəti təkcə hərbi sahədə deyil. SEPAH düşmənin nüfuzuna qarşı hansı işləri görə bilər?

Cavab: Düşmən nüfuzu iqtisadiyyat, mədəniyyət, siyasət, təhlükəsizlik sahəsində məna daşıyan məfhumdur. SEPAH öz missiyasına uyğun olaraq bütün bu sahələrdə iş görə bilər. Hazırda SEPAH təhlükəsizlik baxımından dəqiq analiz aparıb məsullara lazımi informasiyanı verə bilər. SEPAH müqavimət iqtisadiyyatına kömək edə bilər. Bu sahədə düşmən nüfuzunu aşkarlayıb məsulları məlumatlandırar. Quruculuq işində dövlətə yardımçı ola bilərik. Bu halda səmərəlilik daha çox olar. 
Prezident İnqilab Keşikçiləri qarşısında açıq bildirdi ki, SEPAH işsizliyin aradan qaldırılmasında dövlətə yardımçı ola bilər. Əgər düşmən bizim etiqadımızı hədəfə alıbsa, SEPAH mədəniyyət və ideologiya sahəsində addım ata bilər, bu sahədə təcrübələri də var. 
İmam Xomeyni (r) buyurur: “Əgər ölkədə BƏSİC, könüllülük təfəkkürü hakim olsa, biganələrin tamah gözü kor olacaq.” Əgər biz cihad təfəkkürünü mədəniyyətə çevirsək uğur qazanacağıq. Dini düşüncə, aşura düşüncəsini gücləndirsək, bu düşmən nüfuzu qarşısında səmərəli tədbir olacaq. 
Əgər siyasi səhnədə SEPAH düşməninin analizini aparsa, əldə etdiyi informasiyanı vaxtında dövlət başçılarının ixtiyarına versə bu çox səmərəli olar. Müharibə dövründə azadlıq hərəkatı düşmənin beşinci sütunu idi. Bu hərəkat düşmənə işlədiyini özü də bilmirdi. Amma gördüyü işlər düşmənin xeyrinə idi.

Sual: Müharibədən sonra düşmənin nüfuzu nə vaxt güclənib?

Cavab: Müharibə dövründə, müharibədən sonrakı illərdə düşmən nüfuzu aktual mövzu olub. Bu nüfuzun güclənən və zəiflənən dövrləri var. Bu gün qərblilər İran cəmiyyətinin liberallaşmasından danışır. Təəssüf ki, bəzi cənablar Qərbin normallaşdırma təkliflərini teorizə edirlər. Bir cənab deyir ki, islahatlar dövründə işə başladıq, amma başa çatdıra bilmədik. Onlar inqilabdan qaynaqlanan təfəkkürü dəyişmək istəyirlər. Mübarizə və müqavimət şüarlarından öz istədikləri çıxarışları aparırlar. 
Biz müharibə başlayanda da düşmən nüfuzundan zərər çəkirdik. Bəni Sədr kimi bir şəxs ölkə prezidenti məqamına qalxmışdı, amma düşmənin xeyrinə işləyirdi. İran İslam Respublikasının əsas sütunu xalqdır. Əgər müharibədə BƏSİC olmasaydı nələr baş verəcəyini demək çətindir. Müharibə başlayandan xalq öndə olub. 

Sual: Bu gün İran xalqı düşmənin nüfuzuna qarşı nə edə bilər? Sizin nəzərinizcə, düşmənin nüfuz şəraiti ağırlaşıb, yoxsa asanlaşıb?

Cavab: Bizim təcrübə və siyasi yetkinliyimiz artıqca düşmən də hiyləgərləşib. Onlar yeni üsullar seçib. Ötən günə qədər regionda bizə qarşı vuruşanlar nüvə razılaşması modelində addımlarla ölkəyə nüfuz etmək istəyir. Onlar öz daxili məsələlərini beynəlxalq hüquqla şərtləndirib. Bu sahədə hiyləgərlik edirlər. Öz məqsədlərini müzakirələrlə həyata keçirməyə çalışırlar. Bizim ideoloqlar və siyasətçilər düşmən nüfuzu mövzusunu sonadək aydınlaşdırmalıdır. Əgər xalq başa düşsə ki, düşmənin məqsədi ölkəyə nüfuz etməkdir 57-ci ildəki kimi ayağa qalxacaq. 
Bu gün düşmən seçkilərdən faydalanmağa çalışır, sazişçiləri iş başına gətirmək istəyir. Əgər siyasi şəxsiyyətlər, dövlət rəhbərləri məsələnin nə yerdə olduğunu xalqa çatdırsa xalq düşmən nüfuzunun xeyrinə səs verməyəcək. Xalq siyasət və iqtisadiyyat sahəsində düşmən nüfuzunun nə olduğunu dərk etsə bununla razılaşmaz. 
Düşmən o zaman nüfuz edə bilir ki, üzünə maska taxıb dost çöhrəsində səhnəyə daxil olur. Biz düşməni tanımaq məharətinə yiyələnməliyik. Xalq həqiqəti bilsə inqilab və respublikanın müdafiəsində dayanacaq. Xalq müstəqillik və azadlığa əhəmiyyət verir. Müharibə illərində düşmənin kim olduğu göz qabağında idi. Şəffaflaşdırmağa ehtiyac yox idi. Amma siyasi nüfuz məsələsi mürəkkəb məsələdir, mütəxəssislər bu mövzunu aydınlaşdırmalıdır. 

Sual: İnformasiya şəbəkələrinin nüfuzuna qarşı nə edə bilərsiniz?

Cavab: Bəli, nüfuz yollarından biri informasiya vasitələridir. Bir zaman Cənab Rəhbər bu barədə danışdı. Onun söhbətindən sonra bəziləri mətbuatı düşmən qərargah-ı adlandırdılar. Bu söz çoxlarına toxundu. Amma bir müddət öncə ölkə mətbuatında çalışanların müəyyən hissəsi hazırda BBC, Amerikanın radio şəbəkələri ilə həmkarlıq edirlər. Amerikanın beyin mərkəzlərində İslam Respublikasına qarşı plan cızırlar. Bir zaman İran informasiya vasitələrində çalışan Məsud Behnəvəd bu gün haradadır?! 
İnformasiya işçiləri bizim düşüncə sahəsində aparıcı insanlarımızdır. Onlar bu işdə böyük rol oynaya bilər. Bir qəzet pəhləvi rejiminin xeyrinə yaza bildiyi kimi, İslam və inqilabın da xeyrinə yaza bilər. 

Sual: Nə üçün Cənab Rəhbər nüvə razılaşmasından sonra təkidlə vurğulayır ki, hərbi mərkəzlərə baxışa heç bir şəraitdə icazə verilməsin?

Cavab: Burada iki nöqtəni vurğulamaq lazımdır. Biri budur ki, hərbi şərəf və gücümüz müdafiə olunmalıdır və onun ilk müdafiəçisi Cənab Rəhbərdir. Ona görə də buyurur ki, hərbi mərkəzlərə baxışa, nüvə mütəxəssisləri ilə söhbətə icazə verilməyəcək. 
İkinci nöqtə budur ki, bu profilaktik, önləyici addımdır. Qərb qarşısında bu addımlar atılmalıdır. Bizim hərbi imkanlarımız bu gün onlar üçün sirdir. Hərbi gücümüzün məxfi olması özü önləyici təsirə malikdir. Amerikalılar İraqı kütləvi qırğın silahları saxlamaqda ittiham edirdi. Təftiş apardılar, aydın oldu ki, bu ölkənin hərbi gücü nədən ibarətdir. Yalnız bundan sonra hücuma keçdilər. 
Bu gün biz müəyyən təcrübələrə sahibik və heç bir düşüncəli başçı hərbi sirrin açılmasına imkan verməz. Bəzən biz öz hərbi texnologiyamızı nümayiş etdiririk. Düşmənə mesaj veririk. Raket manevrləri buna misal ola bilər. Amma bəzi məqamlarda hərbi imkanlarımızı gizli saxlamalıyıq. Məqsəd budur ki, düşmən bizim hərbi gücümüzü dəqiq qiymətləndirə bilməsin.
Düşmən hərbi mərkəzlərdən xəbərsiz olanda bir müəmma ilə üzbəüz qalır. Bizim nüvə mütəxəssislərimizi şəhadətə çatdırırlar. Ağıllı insan bir məsələdə iki dəfə aldanmaz. Biz bu gün də şübhədəyik ki, nüvə mütəxəssisləri ilə bağlı informasiyalar onların əlinə necə keçib. Cənab Rəhbər bu baxımdan mütəxəssisləri və elmi nailiyyətləri himayə edir. 

Sual: Maqate başçısı Amano Tehrana səfərində Parçin mərkəzinə baxış keçirdi. Bunu hərbi mərkəzə baxış saymaq olarmı?

Cavab: Parçin hərbi mərkəzdir. Amma bu məsələni aydınlaşdırmaq lazımdır. Bəzən belə məsələlər daxili rəqabət mövzusuna çevirilir. Görək Amanonun baxış keçirdiyi yer bir inzibati bina idi, yoxsa strateji silahların saxlandığı mərkəz? Bunun hər birinin öz mənası var. Biz xüsusi bir məharətlə həm məlumatlarımızı sirr saxlayaq, həm də onların suallarına cavab verə bilərik. 
Keçmiş təcrübələri unutmamalıyıq. Amano açıqlamadı ki, hansı informasiyaları istəyir. Onun əksər hesabatları İran İslam Respublikasının əleyhinə, ikili olub. Heç vaxt qətiyyətli mövqe nümayiş etdirməyib. Qətiyyətsizlik bizim xeyrimizə deyil. Son addım da bir röya kimi qarşılanmamalıdır. Belə olsa istəkləri çoxalar. Biz çərçivələr müəyyənləşdirməliyik. Hərbi sirlər, mütəxəssislər, komandanlar, hərbi mərkəzlər, texnologiyalar məhrəmanəliyini saxlamalıdır. 

Sual: Düşmən istədiyi məlumatları əldə etmək üçün kəşfiyyata çoxlu pul xərcləməlidir. Maqatenin keçmişini nəzərə alsaq, bizim ona etimadımız yoxdur. Amanonun baxışı barədə düşünməyə dəyməzmi? Amerikalılar və Qərb ölkələri həmişə İrana hədə-qorxu gəlir. Hazırkı vəziyyətdə onlara necə cavab vermək olar?

Cavab: Amerika rəcəz oxuyur, boş danışır. Amma hərbi sahədə mütəxəssislərimiz bütün bunları ciddiyə almalı və hazırlığını yüksəltməlidir. Əgər sözdə hədə-qorxunu həyata keçirmək istəsələr böyük itkilərlə razılaşmalıdırlar.
Şübhəsiz ki, onlar bizim hərbi imkanlarımızdan yetərincə məlumatlı deyillər. Buna görə də hərbi sahədə addım atmaları böyük risk və axmaqlıq olar. Neçə illərdir hərbi təcavüzə işarə ilə bütün variantlar miz üstədir deyirlər. Bu bir yalandır. Hər halda İran İslam Respublikasının iqtidarını qəbul edib onunla müzakirə stolu arxasına əyləşdilər. 
Bugünkü İslam Respublikası müharibə dövründəkindən çox fərqlənir. Müharibənin bir bərhəsi bu oldu ki, müdafiə sahəsində böyük təcrübələr əldə edildi. Həmin təcrübələrin bir qazancı da bu gün hərbi arsenalımızda yer almış uzaqmənzilli raketlər, ballistik raketlərdir. 
Müsahibəni hazırladı: Cavad Bəxşi, Məhəmmədmehdi Rəhimi 

Vilayet.nur-az.com
10089 dəfə baxılıb
ожидание...