Qurani-Kərimi araşdırdıqda görürük ki, güclü olmaq Quranda imtiyaz sayılır, müsbət dəyərləndirilir. Bunu aydınlaşdırmaq üçün bəzi ayələri nəzərdən keçirək.
Bəni-İsrail öz peyğəmbəri tərəfindən Talutun rəhbər seçilməsini tənqid edəndə o belə cavab verir: "Allah onu sizin üçün seçmişdir, ona sizdən üstün elm və cism gücü vermişdir."
Qurani-Kərim hərbi qüvvənin gücləndirilməsi ilə bağlı buyurur ki, düşmənlər qarşısında bütün gücünüzü ələ alın. Təbii ki, burada təkcə hərbi güc nəzərdə tutulmur. İqtisadi, ideoloji, siyasi nüfuz da düşmən üzərində qələbə amili ola bilər.
Bəzi rəvayətlərdə buyurulur ki, ağarmış saçlara qara rəng qoyun. Çünki bu vaxt döyüş sırasında yaşlılar cavanlardan seçilmir və düşmən yaşlılara hücum edə bilmir. Göründüyü kimi ayənin mənası çox genişdir.
Qurani-Kərim həzrət Musa haqqında danışarkən onu güclü şəxs kimi təqdim edir: "Musa o kişiyə bircə yumruq vurdu və o öldü!" Başqa bir ayədə oxuyuruq ki, həzrət Şüeybin qızı ona xitabən deyir: "Atacan! Musanı işə götür. O seçə biləcəyin güclü və etibarlı şəxsdir."
Həzrət Hud Allahın nemətlərini öz qövmünə sadalayanda vurğulayır ki, Allah sizin cisminizə güc verdi. Həm Quran ayələri, həm tarixdən aydın olur ki, onlar iri sümüklü, güclü insanlar idilər. Onların öz dilindən deyilir ki, kimdir bizdən güclüsü?!
Allah-Taala çoxsaylı ayələrdə öz gücünü qeyd edir. Allah o kəsdir ki, əzəmətli qüdrət sahibidir, hər şeyə hakimdir. Bütün güc və qüvvə Allaha məxsusdur. Onlar anlamadılar ki, Allah onlardan çox güclüdür?! Allahdan başqa güc sahibi yoxdur. Ruzi verən Allahdır və O güc, iqtidar sahibidir. Həqiqətən, Allah güc sahibidir və cəzası ağırdır. Bəli, sənin Allahın güclü və qalibdir. Allah qəti şəkildə bəyan edir ki, Mən və rəsulum düşmənə qalibik.
Əgər güclü olmaq yaxşı sifət sayılmasaydı Allah heç vaxt özü barədə danışanda güclü olduğunu bildirməzdi.
Din övliyaları, məsumlar arasında da güc mövzusu diqqət mərkəzindədir. Həzrət Əlinin (ə) gücü onun möcüzə və kəramətləri sırasındadır. Bəşər tarixində həzrət Əli (ə) qədər gücü olan ikinci bir şəxs tanımırıq. Həzrət özü buyurur ki, onun gücü adi deyil, ilahi gücdür. Bu güc Allaha dərin imandan qaynaqlanır. Olsun ki Allah bu qeyri-adi güclə insanlara nəsə anlatmaq istəyib. Həzrət Əlinin (ə) fövqəladə gücü diqqəti çəkir.
Şübhəsiz ki, həzrətin fiziki gücü onun fəzilətləri sırasındadır. İslama böyük xidmətləri həm də bu güclə bağlıdır. Əgər həzrət Əli (ə) fövqəladə gücə malik olmasaydı İslam döyüş meydanlarında çox geri düşərdi. Həzrət Peyğəmbər (s) həzrət Əlinin (ə) gücündən danışarkən buyurur ki onun bir qılınc zərbəsi cin və insin bütün ibadətindən üstün və dəyərlidir. Bu güc və şücaət sayəsində həzrət Əlinin (ə) Əsədullah, yəni Allahın şiri adlandırmışlar.
Bu məqamda bir neçə tarixi məqamı yada salmaq yerinə düşər. İmam Sadiq (ə) buyurur: Həzrət Əlinin (ə) anası Fatimə binti Əsəd deyir: "Əli bir qədər böyüdü, mən onu böyük möhkəm parçaya büküb beşiyə qoydum. O əlləri və dişləri ilə parçanı açdı. Sonra onu iki parçaya bükdüm. Əli hər iki parçanı üstündən atdı. Nə qədər çalışdımsa onu büküb saxlaya bilmədim."
Ömər ibn Xəttab deyir: Həzrət Əli (ə) beşikdə olanda zəhərli bir ilan ona yaxınlaşır. İmamın əlləri bələkdə bükülü olur. Əli çırpınıb sağ əlini çıxarır və ilanı tutub elə sıxır ki, ilan ölür. Anası gəlib onun əlində ilan görəndə haray çəkir, adamları köməyə çağırır. Aydın olanda ki Əli ilanı boğub anası deyir: "Sən qəzəbli şir kimisən!"
Cabir Cöfi deyir: Həzrət Əlinin (ə) dayəsi Bəni-Hilal tayfasında idi. Onun Əlidən bir yaş böyük oğlu var idi. Bir gün dayə iki uşağı bir yerdə qoyub iş dalınca bayıra çıxır. Uşaqlar da qadının ardınca çölə qaçırlar. Dayənin oğlu quyuya yaxınlaşanda birdən qəfil hadisə baş verir, uşaq quyuya yumbalanır. Ondan bir yaş kiçik olan Əli cəld əlini atıb uşağı tutur. Hadisə yerinə toplaşan camaat həzrət Əlinin (ə) gücünə heyran qalır. Həzrət Əli (ə) yeniyetmə yaşlarında güclü pəhləvanlarla meydana çıxır. O özündən heykəlli insanları başı üzərinə qaldırıb yerə vurur. Onun qaçan ata çatıb atı saxlaması adi bir iş idi.
Həzrət Əlinin bir əllə qaldırdığı daş parçasını üç nəfər qaldıra bilməzdi. Kimin əlini sıxsaydı ağrının şiddətindən nəfəs çəkə bilməzdi.
Həzrət Əlinin (ə) fövqəladə gücünə ən böyük dəlillərdən biri Xeybər qalası qapılarının qaldırımasıdır. Xeybər qalası yəhudilərə məxsus idi. Bu qala bir müddət müsəlmanların mühasirəsində qaldı. Heç bir sərkərdə qalanı ala bilmirdi. Onun ətrafında xəndək qazılmışdı. Qalanın başından mahir ox atanlar qalaya hücumun qarşısını alırdılar. Müsəlmanlar hətta bir neçə min döyüşçü ilə qalanın qapılarını aça bilmirdilər. Nəhayət, Peyğəmbər (s) Xeybərin fəthini həzrət Əliyə (ə) tapışrdı. Həzrət Əli (ə) xeybər döyüşlərində iştirak etməmişdi. Şiddətli göz ağrısından əziyyət çəkirdi. Peyğəmbərin (s) şəfaəti ilə gözü sağaldı və xeybərə doğru yola düşdü. O elə iti çapırdı ki, yanında süvarilər ayaqlaşa bilmirdi. Xeybər qalasına çatanda İslam bayrağını yerə sancdı. Qalanın daş qapıları açıldı, xeybər döyüşçüləri meydana çıxdılar. Meydana ilk çıxan döyüşçü iki müsəlmanı məğlub
etdi. Bu şəxs Mərhəb Xeybərinin qardaşı Haris idi. Çox heybətli olan bu şəxs qarşısına çıxanı məğlub edirdi. Həzrət Əli (ə) onunla döyüşə girdi və bu döyüş cəmi bir neçə saniyə çəkdi. Harisin cəsədi yerdə qaldı. Bu səhnəni görən Mərhəb qəzəblənib özünü meydana çatdırdı. Onun zirehini hər döyüşçü qaldıra bilməzdi. Döyüş papağı daşdan yonulmuşdu. O qarşı tərəfin ruhiyyəsini zəiflətmək üçün rəcəz oxuyurdu. Beləcə, iki böyük qəhrəman döyüş meydanında üz-üzə gəldi. Həzrət Əli (ə) öz zülfüqarını düşmənin başına endirdi. Onun döyüş papağı ikiyə bölündü. Qılınc başdan enib Mərhəbi iki yerə böldü. Bu zərbə o qədər ağır idi ki, Mərhəbin arxasında dayanan döyüşçülər geriyə qaçdılar, qalaya daxil oldular. Mərhəbdən sonra həzrət Əli ilə döyüşüb qətlə yetirilənlər Davud ibn Qavus, Rəbi ibn Əbilhəqiq, Əbülbaəd, Mərrə ibn Mərvan, Yasər Xeybəri, Zəcih Xeybəri idi. Bu altı şəxsdən əlavə də qətlə yetirilənlər də oldu.
Nur-az/ ghadeer