Размер шрифта:
A+
A
A-
25 Январь 2014

Ömrün duzu?..

Hətta bəzi ağsaqqalardan eşidirik ki, ailədə dava-dalaş onun duzudur. Amma deyən yoxdur ki, bəzən bu duz o qədər artıq olur ki, ailə parçalanır, faciə yaranır. Bu hallarda bəzən geri dönmək mümkünsüz olur.

Yaxın qohumlardan birində gənc ailədə dava-dalaş yaranmışdı. Maraqlıdır ki, bu gənclər heç bir il deyildi ailə qurmuşdular. Gənc ailənin ailə problemi artıq ətrafdakılar, qohumlar, qonşular üçün də nigarançılıq yaradırdı. Ağsaqqallarsa məsələyə qeyri-ciddi yanaşır, dava-dalaş ailənin duzudur deyirdilər. Hansı ki bu ailə sevgi-məhəbbət üzərində qurulmuşdu və heç kim proqnozlaşdırmazdı ki, belə qısa müddətdə rabitələr soyuyacaq.

Bəli, "dava-dalaş ailənin duzudur" fikri artıq kitablarda da yer alıb. Bəziləri israr edir ki, ailədə dava-dalaş olmasa ailə bağları möhkəmlənməz. Bu insanlar düşünmür ki, insan hissləri alov kimidir. O bir qığılcımla alışır, şölələnir, hətta ətrafını yandırıb külə çevirir. Bir ovuc kül üzərində həyatmı olar?! İnsanın öz düşüncəsinə istinadən hökm verməsi təəssüf doğurur. Belə hökmlər səbəbindən ailədə ər arvadı, arvad isə əri ittiham edir. Amma mühakimənin öz qanunları var, ittiham üçün əldə dəlillər olmalıdır. Yol verməməliyik ki, əsassız düşüncələr, şəxsi rəylər, mətbuat və televiziya ailəmizdə ixtilaf yaratsın.

Ailə rabitələrinə qiymət qoyan insanlar adətən möhkəm ailə qura bilir. Bu insanlar əmindirlər ki, ailəni dava-dalaş yox, qarşılıqlı hörmət və sevgi möhkəmləndirir. İstənilən bir ixtilaflı məsələ çərçivədən çıxdıqda, tərəflər qəzəbləndikdə bu həm sağlamlığa zərbə vurur, həm də ailə sütunlarını titrədir.

Mütəxəssislər bu fikirdədir ki, dava-dalaş ailə rabitələrini sarsıdır. Çünki hər davadan sonra ərla arvad arasında sevgi hissləri zəifləyir. Rabitələr zəiflədikcə bu tərəflərin fəaliyyətlərində özünü göstərir. Psixoloqlar hər bir fərddə spesfik xüsusiyyətlər olduğunu bildirir. Bəli, Allah insanları fərqli yaratmışdır. İnsan zahirən və ya rəftarları baxımından başqasına oxşaya bilər. Amma bu oxşarlıq eyniyyət demək deyil və yanaşı yaşamaq üçün hansısa güzəştlərə ehtiyac var. Gözləməməliyik ki, ətrafdakı insanlar bizim bütün fikirlərimizlə razılaşacaq. Uzun müddət dostluq etdiyimiz bir şəxsdən elə bir rəftar görə bilərik ki, onu bu günə qədər tanımadığımızı düşünə bilərik. Bunun bir səbəbi də onu özümüz kimi görmək istəyimizdir. Amma insanlar bir-birlərinin surəti deyil. Onların bir-birini başa düşməməsi təbii hadisədir. Ailə həyatında da fərqli baxışlar, fərqli düşüncələr yer ala bilər.

Bütün ölkələrin kostitusiyasında insan azadlıqları ilə bağlı maddələr yer alıb. Biz qanunları möhtərəm sayırıq. Ətrafdakı insanlarla münasibətdə həmin qanunlara riayət edirik. Təəssüf ki, ailə həyatında cəmiyyətdəkindən fərqli olaraq tələblərimiz artır, güzəştimiz az olur. Əgər cəmiyyətdə iki nəfərin söhbətinə qulaq asmağı, bir nəfərin o birinə oxumağı qəbahət sayırıqsa, ailədə rəftarımız fərqli olur. Həyat yoldaşının kiminlə nə barədə danışması, kimə nə yazması diqqət mərkəzimizdə dayanır. Hətta bəzən ailədə tərəflərin bir-birinin ciblərinə və ya çantasına baxması adi hal alır. Bunu çox vaxt ailədə səmimiyyətə yozurlar. Amma səmimiyyət bizə belə bir hüquq vermir ki, kiminsə, hətta ailə üzvünün şəxsi məsələlərinə maraq göstərək. Çöldə kənar şəxslə görüşümüz olanda adətən soruşuruq ki, onun üçün hansı vaxt münasibdir. Hansı ki ailədə belə qaydalara əməl olunmur, məsələn, ailənin bir üzvü o birinə hökm edir ki, filan vaxt filan yerdə səni gözləyəcəyəm.

Müvəffəq ailələrdə həm ər, həm də arvad dava-dalaşın mənfi təsir göstərdiyini düşünür. Bir sözlə, dava-dalaş ailənin duzudur fikrini məntiqi insanlar qəbul etmir. Məşğul qadınlar evdarlıq və analıq vəzifələrindən əlavə ictimai məsuliyyət daşıyırlar. Əgər ər qadının ictimai məsuliyyətini yerinə yetirməsi üçün şərait yaratmasa qadın müvəffəq ola bilməz. Qadınlar da ərə münasibətdə uyğun nöqtəyə diqqətli olmalıdır.

Kişinin ər və ata məsuliyyətlərindən əlavə iş məsuliyyəti var. Bəzən elə bir vəziyyət yarana bilər ki, zərurət səbəbindən kişi evə geciksin. Bu yubanma onun atalıq və ər vəzifələrinə kölgə salır. Əgər ailə güzəştə getməsə ortaya problem çıxır. Ailə üzvlərindən kimsə mütaliəyə və ya bir televiziya proqramına maraqlı ola bilər. Bu zaman onun diqqəti tam şəkildə həmin mövzuya yönəlir. Ətrafdakılar bunu özlərinə qarşı diqqətsizlik kimi dəyərləndirməməlidir. Bəzi qadınlar deyinir ki, kişi gecə işdən qayıdır və qayıdan kimi də oturur televizorun qarşısında. Unutmamalıyıq ki, insan maşın deyil. Əgər gün uzunu işdə çalışıbsa onun istirahətə ehtiyacı var. Bütün bu problemləri qarşılıqlı anlaşma şəraitində həll etmək mümkündür. Əks təqdirdə ailədə söz-söhbət yaranır və sonda söz-söhbət dava-dalaşa çevrilir. Bəzən ər və ya arvad şəxsi rəyi əsasında arşı tərəfi ittiham edir. Bu məsələdə ehtiyatlı olmaq, ədalətə riayət etmək lazımdır. Bir şəxsi ittiham edərkən hansısa filmlər və ya kitabların təsiri altına düşməməliyik.

Nəsrin Səfəri
Nur-az.com
7274 dəfə baxılıb
ожидание...