Размер шрифта:
A+
A
A-
10 Март 2014

Həzrət Xızr (ə)

Həzrət Xızr (ə) ilahi peyğəmbərlərdəndir. "Xızr" sözü yaşıl mənasını bildirir. Belə şərh verilir ki, Xızr peyğəmbərin möcüzələrindən biri üzərində əyləşdiyi quru torpaqların yaşıllaşması olub.

İmam Sadiq (ə) buyurur ki, Allah Xızrı tövhidə dəvət üçün göndərdi. Xızr həzrət Musadan əvvəl dünyaya gəlib və dünyanın sonunadək həyatdadır. Bütün müsəlmanlar bu barədə eyni əqidədədir. Rəvayətlərə əsasən, Adəm övladları arasında ən uzun ömür Xızra məxsusdur. Həzrət Xızr Nuhun oğlu Samın övladlarındandır, Zülqərneyinin xalası oğludur. Deyilənlərə görə bu adda iki məşhur şəxs olub. Böyük Xızr Samın övladlarındandır, ikinci Xızr Bəni-İsrail peyğəmbərlərindəndir. Musa ilə söhbət edən də ikinci Xızrdır. Xızr əslində məsihilərin Rafail kimi tanıdığı şəxsdir. İmam Sadiqin (ə) buyuruğuna əsasən Allahın bu saleh bəndəsi Xızrdır. Onun uzun ömrünün səbəbi nə peyğəmbərliyi, nə ona kitab verilməsi, nə imamətidir. Allah nəzərdə tuturdu ki, İmam Əsrin qeyb dövrü uzun olsun. Əvvəlcədən məlum idi ki, çoxları bu uzum ömrə şübhə edəcək. Bu səbəbdən Allah öz saleh bəndəsi Xızrın ömrünü uzatdı və bunu Əsrin İmamının uzun ömrünə şübhə ilə yanaşanlara qarşı dəlil kimi ortaya qoydu. Hazırda Xızrın ömründən 6000 min ildən çox ötür. İmam Riza (ə) buyurur: "Həzrət Xızr dirilik suyu içdi və sur üfürülənə qədər həyatdadır. O bizim yanımıza gəlir, bizimlə danışır, biz onu eşidirik, amma özünü görmürük. Həzrət Xızr həcc mərasiminə qatılır, bütün əməlləri yerinə yetirir, ərəfə günü ərəfatda dayanır, möminlərin duasına amin deyir. Allah qeyb dövründə Xızrın vasitəsilə İmam Qaimi tənha qoymur..." Hədisdən aydın olur ki, həzrət Xızr daim Qaimin hüzurnda olan 30 nəfərdən biridir. Qurani-Kərimin Kəhf surəsinin 60-82-ci ayələrində həzrət Musa ilə Xızrın görüşündən danışılır. Məsum İmamların buyuruğuna əsasən, həzrət Xızrın məskəni Səhlə məscididir. Şeyx Abbas Qummi Məfatihul-cinanda bu mövzuya işarə edib. Həmin məsciddə Xızrın məqamı deyilən yer var və orada namaz qılmağın savabı böyükdür. Həzrət Musanın həyatında ən şirin macəralardan biri onun Xızrla görüşüdür. Onların söhbətində ibrətamiz sözlər çoxdur.

Firon və fironçular Nil çayında batıb həlak oldular. Bəni-İsrail həzrət Musanın rəhbərliyi altında uzun illər mübarizə aparıb qalib gəldi. Həzrət Musa Bəni-İsrailin qarşısında çıxış etdi. Qəfildən bir şəxs ondan soruşdu: "Özündən elimli bir şəxs tanıyırsanmı?" Həzrət Musa buyurdu ki, belə bir şəxs tanımır. Bəzi rəvayətlərə əsasən Tövrat nazil olandan sonra Musa elə düşünürdü ki, ondan elimli şəxs yoxdur. Həmin vaxt Allah Cəbrailə vəhy etdi ki, Musa fəlakətli bir haldadır, özünü ona çatdır. Cəbrail həzrət Musanın görüşünə gəldi və ona bildirdi ki, səndən elimli bəndə həzrət Xızrdır. O hazırda iki çay arasında böyük qaya parçasının yanındadır. Həzrət Musa soruşdu ki, Xızrı necə görə bilər? Vəhy nazil oldu ki, bir balıq tut, onu zənblə qoy, yola çıx. Harada balığı itirsən Xızrı orada taparsan. Musa elmi sevirdi. Çətinliklə də olsa bu məqsədə çatmaq qərarında idi. Səfərdə Bəni-İsraildən olan imanlı və şücaətli Yuşə ibn Nunu özünə yoldaş götürdü. Yolda istirahət üçün dayananda balığı yaddan çıxardılar. Sonradan aydın oldu ki, balıq möcüzəli bir şəkildə çaya düşüb. Uzun yol onları yormuşdu. Balığı onların yadından çıxaran şeytan idi. Musa başa düşdü ki, ona deyilən məqam həmin məqam olub. Geriyə qayıtdılar və Xızrı axtarmağa başladılar. Nəhayət onu tapdılar. Salamlaşandan sonra Musa dedi ki, mənə öz bildiklərindən öyrədərsənmi? Xızr dedi: "Sən mənimlə bir yerdə qalmağa dözməzsən. Musa Allahın ona səbr verdiyini söylədi. Söz verdi ki, Xızrın əmrinə qarşı çıxmayacaq.

Kəhf, 60-82: "(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızrla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!”

Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.

Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”

O isə: “Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi.

(Musa: ) “Elə istədiyimiz də (axtardığımız da) budur!” – dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.

(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.

Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”

(Xızr) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan).

Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?

(Musa) dedi: “İnşallah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”

(Xızr: ) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” – dedi.

Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızr) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)”.

(Xızr) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?”

(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”

Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızr) dərhal onu öldürdü. (Musa) dedi: “(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”.

(Xızr) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?

(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”.

Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızr) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın.”

(Xızr) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!

Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.

Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.

Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.

Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!”

Həzrət Musa Xızrdan ayrılanda Xızr ona dedi: "Üç şeydən çəkin: İnadkarlıq etmə, ehtiyac olmadan yola çıxma, xətalarını yada salmaqla xalqda xəta axtarma."

Həzrət Xızr Allaha həqiqi bəndəlik, nəfsinə nəzarət sayəsində elə bir məqama çatmışdı ki, hadisələri öncədən görürdü. Rəvayətlərdən belə görünür ki, həzrət Musada olan xüsusiyyətlər həzrət Xızrda, həzrət Xızrda olan xüsusiyyətlər həzrət Musada yox idi. Bu müəllim və şagirdin hər birinin öz imtiyazı vardı. Həzrət Musa şəriət bilicisi, həzrət Xızr hadisələrin batinindən xəbərdar idi. Mötəbər hədislərdə nəql olunub ki, həzrət Peyğəmbərin (s) vəfatından sonra Xızr Əmirəlmömininin (ə) evinə gəlib onlara başsağlığı verdi. Əmirəlmöminin də dünyasını dəyişəndə Həsən və Hüseynə başsağlığı verildi. İmamın qəbrini Nuh hazırlamışdı. Həzrət Xızrın uzun ömrünün səbəbi qeyb dövründə İmam-Zamana munis olmaqdır. Amma Xızrın peyğəmbər olub-olmaması mübahisəli mövzudur. Əllamə Məclisi Seyid Mürtəza Ələmülhüdadan nəql edir ki, həzrət Musanın müəllimi peyğəmbər olmaya bilməzdi. Əllamə Təbatəbai idə Xızrın peyğəmbər olmasına dəlillər göstərib. Amma bir sıra rəvayətlərdə Xızrın peyğəmbər olmadığı bildirilir. Həmin rəvayətlərə əsasən Xızr Zülqərneyn, Asəf ibn Bərxiya kimi alimlərdəndir. Şiə və sünni rəvayətlərində nəql olunur ki, Xızr Zülqərneyinin qoşununun qabağında gedirdi və onun içdiyi dirilik suyuna Zülqərneyn çata bilmədi. Əlbəttə ki, bu rəvayətlərin tam şəkildə qəbulu münasib deyil. Əlimizdə Quran və sünnədən götürülmüş qəti dəlil yoxumuzdur. Müqəddəs Qum şəhərinin 6 km-də bir dağ var. Bu dağdan bütün şəhər görünür. Həzrət Xızra aid edilən bu dağın üç min il tarixi var. Nəql olunur ki, üç min il əvvəl həmin dağ üzərində həzrət Xızrın yaşadığı mağara olub. Həmin yerdə hazırda məscid var. Bu yer uzun illər ariflər, seyr-süluk əhlinin ibadət yeri olub. Nəql olunur ki, həzrət Xızr Əməvi məscidində də namaz qılıb. Hazırda məscidin divarında yaşıl bir tabloda "Xızr peyğəmbərin məqamı" yazılıb. Suriyanın bəzi nöqtələrindən həzrət Xızrın bu məqamı görünür.

Həzrət Xızrın bəzi xüsusiyyətləri rəvayətlərdə nəql edilir. Əvvəla həzrət Xızr dirilik suyu içmiş şəxsdir. Hazırda sağdır və sur üfürülənə qədər yaşayacaq. Allah-Taala həzrət Xızra böyük güc verib. İmam Sadiqin (ə) buyuruğuna görə həzrət Xızrın qədəm qoyduğu yer yaşıllığa bürünüb.

Qurani-Kərimdə Xızrın adı çəkilmir. Ayələr onu alim kimi yada salır. Nəql olunur ki, Xızr onun adı çəkilən yerdə hazır olur. İmam Riza (ə) buyurur ki, Xızrı yada salın, ona salam verin.

Həzrət Xızr hər il həcc mərasimində olur. Xızr öyüd nəsihət verən, öyüd nəsihət qəbul edən saleh bir şəxsdir. Rəvayətlərə görə bəzən Xızr Məsumların görüşünə gəlib onlardan nəsihət istəyib. Məsələn, Əmirəlmöminindən (ə) istəyib ki, onu cəhənnəm əzabından qurtaracaq bir əməl öyrətsin.

Nur-az.com
7413 dəfə baxılıb
ожидание...