İlk etiraz bu ola bilər ki, Azərbaycan getmir, dayanıb! Hər sözə etiraz etmək mümkündür. O dünyadakı Rafiq Tağıdan bu dünyadakı Ağalar Məmmədova qədər, küfr qatarından boylananlar Allahın sözünə etiraz edirsə, bəndənin sözünə nə var ki.
Bəqərə, 6: Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
Deyəcəklərimi ehtimal hesab edin. Fərz edək ki, Azərbaycan hərəkətdədir və yerində qurcalanmır, harasa gedir. Hara?
Deyirlər yol adamı çəkir. Bəli, bəzən yox, çox vaxt insan sağa getməli olduğu zaman yol onu çəkir sola. Maşında razval, “rasxojdeni” deyilən bir vəziyyət yaranır. Avtomobilin qabaq təkərləri duruş və təzyiq baxımından fərqli olduqda sükan bir tərəfə çəkir. Sükan sola çəkirsə sürücü daim sükana sağa doğru güc verməlidir.
Azərbaycanı gəmiyə bənzədə bilmərik. Çünki dəniz sakit olanda bütün su nəqliyyat vasitələri sükana güc düşmədən hərəkət edir. Azərbaycanda sükançı sayılan dövlət, əslində prezident və onun yaxın ətrafı sükanı zorla saxlayır. Demək, biz suda deyilik, bu yəqindir. Onlar avtopilot rejimdə 20 dəqiqə sükanı buraxsalar Azərbaycan uçuruma gedər. Avtopilot rejimindən hamar yolda, eləcə də razvalsız maşın üçün istifadə etmək olar. Sükançı aydın oldu. Bəs avtomobil nədir, sükan nədir, razval nədədir, yol hara aparır?
Bənzətmələrə görə üzr istəyirəm. Azərbaycan cəmiyyətini maşına bənzətməkdən başqa çarə qalmır. Sükan bu cəmiyyətin düşüncəsidir. Başçı və komandası daim sağa meyl edən düşüncəyə güc vurmaqla onu sola çəkir, beləcə cəmiyyət başda dayananların istədiyi istiqamə yönəlidir. Bu İRƏLİ deyil. Hər nədirsə, irəli deyil.
Vaqiə, 7-10:
Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:
Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)
Sol tərəf sahibləri (əməl dəftərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)
Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər!
Quranda təsdiqlənir ki, sağ və sol var:
Qaf, 17: Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!
Adama tövsiyə verəndə “sağına-soluna yaxşı bax” deməklə giriş verirlər. Buna Şərq və Qərb də deyə bilərik. Biri materialist, o biri sekulyar. Hər ikisi bir bezin qırağı. Bir nöqtə yaddan çıxdı: sükançını, sükanı, maşını nəyəsə bənzətdik, sükanı çəkən razval qaldı. Əslində avtomobili, bəşəriyyət gəmisini sükançının istədiyi yöndən qaçıran qüvvə FİTRƏTdir. Allah insanda Özünə cazibə qüvvəsi yaradıb. İnsana, cəmiyyətə heç bir kənar təsir olmasa, onlar inanclı, vicdanlı, ədalətli, mərhəmətlidir. Azərbaycan cəmiyyətini azad buraxsan nə edər? Onu Rusiya, İsrail, ABŞ, Qərb, lap Türkiyə və İranın təsirindən azad etsən, hara gedər? Bunu bilmək üçün xalqın marağını bilmək lazımdır. Necə ki hakimiyyət öz maraqlarına görə bu xalqı bir gün Şərqə, bir gün Qərbə çəkir. Hakimiyyət deyilən qrup cibinə işləyir. Yalan deyirəmsə doğrunu göstərsinlər, sübut etsinlər. İran prezidenti Ruhani Novruz bayramı günü bütün mobil rabitə istifadəçilərinə təbrik mesajı göndərdi. Bütün ölkə bildi ki, bu mesajlara 900 milyon tumən, təqibən 300 min dollar xərclənib. Etiraz edənlər oldu. Bizimkilərinsə hara və nə qədər xərclədiyini Allah bilir. (Heç etiraz edən də yoxdur. Səsini çıxarını da izolə edirlər.) Allah ona görə bilir ki, hər şeyi biləndir. Amma bizim komandanın xərclərini şeytan da bilir. Çünki özü təyin edir hara xərcləsinlər.
Hə, dostum, bu xalq azad buraxılsa hara gedər? Elə bilirəm ki, nə qədər intellektsiz, gözübağlı olsa da seçkilərə gedər. Kimi seçər? Yox, molla seçməz. Allah Quranla yaşamağı əmr etsə də çoxluq başqa cür yaşamaq istəyir. Bu istək 70 ilə sovetlər tərəfindən formalaşdırılıb. Onu 70 ilə dəyişə bilən oğul lazımdır. Mollanın hakimiyyətə gəlməsi hamının başını bağlayıb, namaz qılması demək deyil. Bu hakimiyyət Allah qanunları əsasında qurulur. Rüşvətə yox! Harama yox! Ayrıseçkiliyə yox! Qudurğanlığa yox! Fahişəliyə yox! Biz rüşvətə, arağa, dəstəbazlığa, əlimizə pul düşəndə onu kiminsə başına çırpmağa, bazlığa öyrənmişik. Nə qədər ki ürəyimiz vurur, canımızda təpər var, mollalıq işimiz yoxdur. Bunu miollalar da bilir. Nə qədər ki, biri sağdır qapısına getməzlər. Elə ki eşitdilər filankəs ölüb, dərhal baş alırlar evinə. Demək, biz nədənsə imtina edə bilirik, hətta Allah qanunlarından!
Nə üçün imtina etmirik korrupsioner hakimiyyətdən, bəziləri demişkən mafioz qrupdan? Razıyıqmı onlardan? Əsla! Razı olsaydıq bu lap pis idi. Hakimiyyətdən razılıq Qarabağın işğalından, qızlarımızın Dubayda satılmasından, intiharlardan, əsgər ölümlərindən, nazir balalarının harınlığından razılıq olardı. Belə şeylərdən razı olan üzr istəyirəm uzunqulaqdır. Razı deyilik. Bəs necə olur ki, səsimiz çıxmır? Saat namaz vaxtına qurulur, amma vaxt çatanda zəng çalmır. Çünki onun səsini bir qapazla, kopazla alıblar. Allah bəşəriyyəti ibadətə, özü də haqqa ibadətə çağırır. Xoruz namaz vaxtı durursa, insan da durmalıdır. Bəs nə üçün durmur? Çünki düyməsini basıblar. Namaz vaxtı çatanda düyməsi basılmış saat kimi sakitcə çıkk edib dayanır.
Azərbaycan qorxur. Ac xalq onun milyardlarını yeyən, qızlarını Dubaya daşıyan, oğlanlarını orduda məhv edən quldurların yaxasından yapışmaqdan qorxur.
Quran ayələridir:
Yalnız Məndən qorxun!
Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!
Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!
İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.
Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!
...Demək, insan o zaman qorxmur ki, günah onun qəlbini daşlaşdırır. İnsanları Allah qorxusundan vaksin etmək üçün Azərbaycanın hər kəndində günah boçkası qoyulub. Ağlı kəsəni o boçkaya salıb-çıxarırlar. Elə ki, spirtli içkilərin, narkotikanın, zinanın, parnoqrafiyanın dadını bildi, onu istədiyin tərəfə sürmək üçün azca güc verməlisən. Bir də günah çəlləkləri boş qalmamalıdır. Azərbaycanda spirtli içki, narkotika, fahişənin kilosu neçəyədir? Bütün bunlarsız, peyk kanalı xəstəliyinə tutulan adam başqa heç nə istəmir. Onun düşüncəsi sərxoşdur, düşüncəsi uydur, düşüncəsi əyyaşdır. Onun üçün fərqi yoxdur ki, süvar olduğu gəmi hara kurs götürüb. Azərbaycan hara gedir? Hələ ki boşluğa, qaranlıq bir boşluğa!
Qələmçi
qelemchi@mail.ru