Ariflərlə fəqihlər arasında ən çox ixtilaf doğruran məsələ «şəriət, təriqət, həqiqət» məsələsidir. Fəqihlər şəriət dedikdə, insanı xoşbəxt edəcək İslam hökmlərini nəzərdə tuturlar və şəriətə əməl etməyi yeganə yol bilirlər. Ariflər isə şəriəti yol kimi başa düşür və bu yolu təriqət adlandırırlar. Onların fikrincə, bu yolun sonu həqiqətdir. Demək, ariflərin nəzərincə, şəriət təriqət üçün, təriqət isə həqiqət üçün bir vasitədir. Fəqihlərin fikrincə, İslam əqidə, əxlaq və əməldən ibarətdir. Əqidə ağıla, əxlaq nəfsə, əhkam isə əzalara aiddir.
Lakin ariflər sırf zehni etiqadı kifayət bilmir, iman gətirdikdən sonra fəaliyyət göstərib həqiqətlə insan arasındakı pərdələrin aradan qaldırılmasını əqidə məsələsi kimi tanıyırlar. Ariflər fəqihlərin əxlaq proqramı əvəzinə, xüsusi tərkibə malik irfani proqram təklif edirlər. Dini hökmlərə gəldikdə isə, fəqihlərlə ariflər arasında elə bir ziddiyyət yoxdur.
Demək, fəqihlərin «əqidə, əxlaq, əməl» üçlüyünə qarşı ariflər «şəriət, təriqət, həqiqət» üçlüyünü çıxarırlar. Ümumiyyətlə, insan cism, nəfs və əql üçlüyündən təşkil olunduğu üçün irfanın da fiqh kimi üç istiqamət müəyyənləşdirməsi təbiidir. Həm fiqh, həm də irfandakı üçlüklərdən biri zahirə, digəri batinə, üçüncüsü isə batinin batininə aiddir.