Şeyx Bəhai İmam Rzanın (ə) hərəminin layihəsini çəkdikdən sonra işə başlanır. Şeyx bütün işlərə və tikinti mərhələlərinə özü nəzarət edir. Hərəmin tikintisi başa çatmazdan qabaq o mühüm bir səfərə çıxmalı olur.
Şeyx memarlara və inşaat məsullarına lazımı tapşırıqlarını verir və deyir ki, işi dayandırmayın və hərəmin tikintisini başa çatdırın. Ancaq hərəmin əsas darvazasının (bu həyətin qapısı yox, hərəmin içinə və müqəddəs zərihə açılan qapıdır) baş hissəsi ilə işiniz olmasın.
Şeyxin səfəri uzun çəkir. O səfərdən qayıdanda görür ki, hərəmin tikintisi başa çatıb, əsas darvazanın baş hissəsi də tamamlanıb, camaat bu qapıdan hərəmə gəl-get edir. Şeyx onun tapşırığına düzgün əməl edilmədiyinə görə çox narahat olur, onu gözləmədiklərinə görə memarlara etiraz edir. İnşaat məsulu deyir: - Biz sizi gözləmək istəyirdik, amma hərəmin qəyyumu bizim yanımıza gəlib çox təkid etdi ki, hərəmin tikintisini tez başa vuraq. Ona dedik ki, Şeyx bizə tapşırmışdır ki, darvazanın baş hissəsinin tikintisi özümün nəzarətimlə olmalıdır. Ancaq hərəmin qəyyumu qəbul etmədi. Bizim bu işi etmək istəmədiyimizi gördükdə dedi: - Bunun tamamlanmasını göstəriş verən şəxs Şeyxdən böyükdür.
Amma biz yenə də işləmədik. Belə olduqda hərəmin qəyyumu dedi: - Əli ibn Musa Rza (ə) bu işin tamamlanmasını göstəriş vermişdir.
Şeyx Bəhai inşaat məsulları və memarlarla birlikdə hərəmin qəyyumunun yanına gedir. Ondan bu məsələyə izah verməsini istəyir. Hərəmin qəyyumu deyir: - Neçə gün ardıcıl olaraq həzrət İmam Rza (ə) yuxuma gəldi və buyurdu: “Şeyx Bəhainin kətibəsi mənim evimin qapısına yerləşdirilməsin. Bizim evimiz heç vaxt heç kimin üzünə bağlı olmayıb. Hər kəs istəsə, gələ bilər”.
Şeyx bu sözləri eşidəndə gözlərindən yaş axmağa başlayır. O, “ya səttarəl-uyub” (ey eybləri örtən) zikrini vird edə-edə zərihə tərəf gedir. Sonra zərihin yanında o qədər ağlayır ki, huşdan gedir. Şeyx özünə gəldikdən sonra deyir: - Mən bir tilsimi kətibə şəklində əsas darvazanın baş hissəsinə yerləşdirmək istəyirdim. Bu tilsimin təsirindən ziyarətə hazır olmayan adamlar hərəmə daxil ola bilməyəcəkdi. Ancaq həzrət bunu qəbul etməyib və hərəmin qəyyumunun yuxusuna gələrək bu işə razı olmadığını buyurub.
Bəli, bizim imamlarımızın qapısı təkcə şiələrə deyil, hətta qeyri-müsəlmanların da üzünə açıqdır. Onların qapısı kərəm qapısıdır.
Hazırladı: Seyid Zahir