Размер шрифта:
A+
A
A-
20 Февраль 2017

NAMAZDA DÜŞÜNCƏ VƏ ALLAHIN ƏZƏMƏTI

Allahın ayətləri barədə düşünməklə Onun əzəmətini müəyyən bir həddə dərk etmək olar.
Namazda qəlbin iştirakı üçün görüləsi işlərdən biri namazdan qabaq bir neçə dəqiqə diqqəti Allaha yönəldib onun əzəməti haqqında düşünməkdir. İnsan həmin bir neçə dəqiqə ərzində dünya həvəslərini yaddan çıxarmaqla diqqətini namaza yönəltməyə çalışmalıdır. Belə bir təfəkkür sayəsində namazda diqqətə, qəlbin iştirakına nail olmaq mümkündür.
Namazdan qabaq insan öz düşüncəsini nəzarət altına almalıdır. Diqqət namaza, namaz yerinə, səccadəyə yönəldilməlidir. Əgər namaz xəlvət bir yerdə qılınırsa, rahat şəkildə əyləşib Allahın hüzurunu təsəvvür etmək lazımdır.
Biz dildə deyirik ki, bütün varlıq aləmi, eləcə də biz Allahın hüzurundayıq. Amma dilimizin dediyini qəlbimiz hiss etmir. Məsələn, insan gözündən uzaq bir otaqda necə gəldi rəftar edir və bir şəxsi görən kimi özümüzü düzəldirik. Məgər Allahın hüzurunda olduğuna inanan insan nəfsin cilovunu buraxa bilərmi?! Əgər “Əllahu Əkbər” deyərək namaza başlayan insan, doğrudan da Allahın böyük olduğuna inanırsa, Onun nəzərlərini bir uşağın nəzərləri qədər saymaya bilərmi?! Bəli, ibadətin əvvəlində biz Allahın əzəmətini dərk etməkdə aciz olur, yalnız namazın sözlərini oxuyuruq. Amma dil “Allah böyükdür” deyirsə, qəlb də bu barədə düşünməli, qarşısında dayandığın varlığın əzəmətini hiss etməlidir. Əlbəttə ki, bizim düşüncəmizin Allahı dərk edəcək tutumu yoxdur. Amma Allahın ayətləri barədə düşünməklə Onun əzəmətini müəyyən bir həddə dərk etmək olar.
İmam Sadiq (ə) nəql edir ki, ətir satan qadın Zeynəb həzrət Peyğəmbərin (s) evinə gəlib Allah-təalanın əzəməti haqqında ona sual verdi. Həzrət Peyğəmbər (s) onun cavabında varlıq aləmi, kəhkəşanlar, yeddi səma haqqında söhbət edib, onların hər birinin o birinə nisbətdə kiçikliyindən danışdı. Həzrət buyurdu: “Bu yer, köksündə və üstündə olanlara birlikdə birinci səma ilə müqayisədə geniş bir biyabana düşmüş üzük kimidir. Eləcə də birinci səma ikinci səma ilə müqayisədə həmin üzüyü xatırladır.” (“Biharül-ənvar”, c. 60, s. 83-85.) Şübhəsiz ki, bu sayaq müqayisə insanda Allahın əzəməti haqqında təsəvvür yaradır. Yer mövcud əzəməti ilə günəşlə müqayisədə çox kiçikdir. Günəş də bəzi ulduzlarla müqayisədə nöqtəni xatırladır. Bu əzəmətdə səma cisimləri kosmos okeanında rahatca üzür və bir-birləri ilə toqquşmur. Astronomiya ilə tanış olanlar yaxşı bilirlər ki, kəhkəşanlar arasında milyonlarla işıq ili qədər fasilə var. Saniyədə üç yüz min kilometr yol gedən işıq bir nöqtədən o birinə milyon işıq ili ərzində çatırsa, özünüz bu əzəməti təsəvvür edin! Onu da nəzərə almalıyıq ki, gördüyümüz ulduzlar yalnız birinci səmanı bəzəyir. Allah-təala bu barədə buyurur: “Dünya səmasını parlaq çıraqlarla zinətləndirdik.” (“Fussilət”, 12.) Demək, elmin bir bu qədər inkişaf etməsinə baxmayaraq, hələ də gözlə görünən ulduzların arxasında hansı zənginliyin olduğu bilinmir. Əlbəttə ki, bütün bunlar Allahın hikmətindən və əzəmətindən danışır. Bir bunca geniş varlıq aləmini bir “ol” deməklə yaradan Allah nə qədər böyük əzəmət sahibidir! Hansı ki, “ol” kəlməsi də bizim təbirimizdir. Bir işin olması üçün Allahın sadəcə istəyi kifayət edir. Allahın istəyi ilə yaranan varlıq aləmi Onun istəyi ilə də yaşayır. Əgər bir an Allah bu istəkdən dönərsə, bütün varlıq aləmi bir anda fəna olar. Varlıq aləminin yaranışı haqqında düşünən insan namazda kimin qarşısında dayandığını hiss etməlidir. Məgər belə bir əzəmətli varlıq qarşısında çörək, su, geyim və bu kimi başqa şeylərin haqqında düşünməyin yeri varmı?! Axı bütün yer kürəsinin Allah qarşısında nə dəyəri var ki, insan Allahı yaddan çıxarıb, dünya matahı haqında düşünsün?! Məgər aqil insan belə edərmi?! Demək, namazda qəlbin iştirakına səbəb olan işlərdən biri namazdan qabaq Allahın əzəməti haqqında düşünməkdir. Bundan ötrü namazdan əvvəl və sonra dualar oxumağın da təsiri vardır. Namazda oxunan cümlələrin mənası barədə düşünmək lazımdır. “Əsrarus-səlat” kitabında bu sayaq tövsiyələr verilir. Təbii ki, danışmaq istəyən insan əvvəlcə deyəcəyi sözlərin mənasını düşünməlidir. Amma biz elə bir sürətlə namaz qılırıq ki, dediyimiz sözlərin mənasını düşünməyə macal qalmır. Düşüncə ilə namaz qılmaq qərarına gəlmiş insan əvvəllər namazın bir rəkətini bir dəqiqəyə qılırdısa, artıq onun qıldığı namazın hər rəkəti iki dəqiqə çəkir. Namazda qəlbin iştirakına nail olmaq istəyən adam üçün bu vaxt elə də uzun deyil. Bu sayaq, namazda deyilən sözlərin mənası haqqında düşünməyi vərdişə çevirmək olar. İmam Səccad (ə) buyurur: “Hər namaz qılanda təsəvvür et ki, son namazını qılırsan!” (“Biharül-ənvar”, c. 69, s. 408.) Doğrudan da, namaza dayanmış insan əmin ola bilməz ki, o növbəti namazadək yaşayacaq. İnsan qıldığı namazın son namaz olduğunu təsəvvür edə bilsə, Allahla görüş qabağı namazını çox üstün bir halda qılmağa çalışar. Bu üsulla şeytanla mübarizə aparmaq asan olur. Əlbəttə ki, namazdan sonra da Allahı yaddan çıxarmaq olmaz. Məgər sevdiyiniz bir dostla görüşdən sonra onu dərhal unudursunuzmu? Namazın salamını verən tək ayağa qalxıb iş dalınca gedən insan Allahın hüzurunda olmağı məhbusluq kimi qəbul edir. O, namazı tələsik qılaraq zindan qapısının nə vaxt açılacağını gözləyir. Belə bir münasibətin eşqə dəxli ola bilərmi?! Namazdan sonra insanın özünə və başqalarına dua etməsi üçün gözəl fürsət yaranır. Bir rəvayətdə həzrət Peyğəmbər (s) Allah-təalanın belə buyurduğunu nəql edir: “Hər kəsin dəstəmazı batil olsa və dəstəmaz almasa, mənə cəfa etmiş olur. Amma əgər o dəstəmaz alıb, namaz qılıb, dua etdikdə mən onun duasını qəbul etməsəm, ona cəfa etmiş olaram. Mən isə cəfakeş Allah deyiləm.” (“Biharül-ənvar”, c. 80. s. 308.) Demək, Allaha diqqət və onun diqqətinin cəlb olunmasının səbəblərindən biri daim dəstəmazlı olmaqdır. Yaxşı olar ki, insan dəstəmazdan sonra iki rəkət namaz qılsın və namazdan sonra dua edib Allahdan daimi hidayət istəsin. Məgər dəstəmaz alıb iki rəkət namaz qılmağın əziyyəti böyükdürmü? Allah-təala dəstəmaz aldıqdan sonra iki rəkət namaz qılıb dua edənin duasını qəbul edəcəyini vəd edir. Belə bir lütfü nəzərdən qaçırmaq olarmı?!
Bu məsələyə diqqətli olub daim dəstəmaz alan, dəstəmaz aldıqdan sonra iki rəkət namaz qılıb dua edən insanlar çox böyük bəhrə götürürlər. Əlbəttə ki, Allahın məsləhəti ilə onların duası bir qədər gec qəbul ola bilər. Ən əsası odur ki, Allah bu duanı qəbul edəcəyini vəd edir.
Merac hədisinin davamında Allah buyurur: “Bu günkü ruzisi hazır olduğu halda sabahkı ruzisini əldə etməyə çalışan bəndəyə, ondan razı olduğumu bilmədiyi halda şad olan bəndəyə təəccüb edirəm.”
6118 dəfə baxılıb
ожидание...