Размер шрифта:
A+
A
A-
25 Март 2017

O zaman nə Rzaxan olacaq, nə də sən!

Sən məktubu yaz, narahat olma. Sənin məktubun şaha çatanda nə səndən bir xəbər olacaq, nə də Rzaxandan bir əsər.
Rzaxan Məşhəd şəhərinə səfər etdikdə Məşhədin o zamankı valisinə tapşırıq verir ki, indiki Axund Xorasani prospektində bir prospekt salsın. Bu tapşırığa görə Gonbədi-səbz (Yaşıl günbəz) adlanan türbə də prospektə düşdüyündən sökülməli idi. Prospektin salınması işlərinə başlanır və türbənin sökülməsi üçün hazırlıq görülür. Bu zaman bir gecə valinin qarnından bərk ağrı tutur. Ağrının şiddətindən qıvrılır, nalə edir. Həkimlər hansı dərmanı verirlərsə, nə qədər dava-dərman edirlərsə də onun ağrısı kəsmir. Valinin müşavirlərindən biri ona duası ilə xəstəliklərin sağalmasına vasitə olmaqda məşhur olan zahid bir alimə müraciət etməyi təklif edir. Dərd valini həmin alimə müraciət etməyə məcbur edir. Həkimdən, dərmandan əli üzülmüş vali naçar qalıb müşavirin təklifinə razı olur və onu alimin evinə göndərir. Müşavir zahid alimin qapısını döyür. Alim qapıya gəlir və ondan nə üçün gəlməsini soruşmadan bir əncir qurusu verib deyir ki, bunu verin yesin, inşallah, ağrısı kəsər.
Müşavir ənciri alıb qayıdır. Vali dua oxunmuş ənciri yeyən kimi ağrısı kəsir.
Onun ağrısı tamamilə dayandıqdan sonra baş vermiş həqiqətdən heyrətə gəldiyini gizlətməyə çalışır, bunun təsadüfi bir hadisə olduğunu, sağalmasını alimin verdiyi əncirlə bir ilgisi olmadığını iddia edir və dostlarını xürafata inanmamağa çağırır. Vali bu sözləri dilinə gətirən kimi yenidən onun ağrısı tutur. Dünya onun gözündə qaralır, bağırtısı hər yeri bürüyür. Müşavirdən xahiş edir ki, dərhal onu alimin evinə çatdırsın. Müşavir valini alimin evinə gətirib qapını döyür. Zahid alim qapıya çıxır və təbəssüm edərək yenə bir quru əncir ona verib deyir: - Duaya inanmırsansa, bəs nə üçün bura gəlmisən? Ağrıdan qıvrılan vali peşman olduğunu deyir. O, ənciri yeyən kimi yenə sağalır, ağrısı kəsir.
Vali bir neçə gündən sonra minnətdarlığını bildirmək üçün alimin yanına gəlir və ondan xahiş edir ki, nə istəyi varsa desin. Ancaq zahid alim ondan heç nə istəmir. Vali bir neçə dəfə alimin evinə gedir və bir neçə dəfə sifariş göndərib israr edir. Bu israrlardan sonra alim deyir: - Rzaxan sənə tapşırıq vermişdir ki, prospekt salmaq üçün “Gonbədi-səbzi” uçurasan. Sən bu işi etmə. Məsələni şaha yaz və ondan xahiş et ki, bu məsələyə yenidən baxsın.
Rzaxanın təəssüb və sözündən dönməzliyini bilən vali deyir ki, şah bunu heç vaxt qəbul etməz və mənə də bu xahişimə görə töhmət verəcək.
Təqvalı alim təbəssüm edərək deyir: - Sən məktubu yaz, narahat olma. Sənin məktubun şaha çatanda nə səndən bir xəbər olacaq, nə də Rzaxandan bir əsər.
Vali alimin bu sözünü başa düşmür, ancaq özünü ona borclu bildiyi üçün alimin tapşırığını yerinə yetirib şaha məktub yazır. Amma hadisədən xəbəri olanlar alimin bu sözünün hikmətini sonradan dərk edirlər. Çünki valinin məktubu Tehranda şahın sarayına çatanda artıq nə vali var idi, nə də Rzaxan. Vali dünyasını dəyişmişdi, Rzaxan isə Mavriki ölkəsinə sürgün olunmuşdu!
Beləliklə, Gonbədi-səbz türbəsi hələ də qorunur və sonradan prospekt salındı, türbə də meydan kimi qaldı.
Tərcüməçidən: Səfəvilər dövründə tikilmiş Gonbədi-səbz (Yaşıl günbəz) türbəsində arif Şeyx Mömin Astarabadi dəfn olunmuşdur. Türbəyə bu adın verilməsi, onun yaşıla çalan firuzə rəngli kaşılarla işlənilməsidir.
Şeyx Mömin Astarabadi dövrünün böyük alim, arif və zahidlərindən sayılır. Onun şəxsiyyətinin böyüklüyü barədə bu qədər demək yetər ki, məşhur arif Şeyx Həsənəli İsfahani (Noxudəki) cümə axşamları onu ziyarət etməyi tərk etməzdi və Şeyx Bəhaiddin Amilinin nəvələrindən birinin öz babasının tərcümeyi-halında yazdığı əlyazma kitabdan bir əhvalatı nəql edərmiş. Bu əhvalata əsasən, Şeyx Bəhai üç gecə ardıcıl olaraq Peyğəmbəri (s) yuxuda görür və həzrət ona buyurur ki, nə üçün bizim gülümüz Şeyx Möminin ziyarətinə getməmisən?!

Qaynaq: İsfahani, Əli Miqdadi, “Nişani əz binişanha”.
Çevirdi: Seyid Zahir
7455 dəfə baxılıb
ожидание...