Öncədən xatırladım ki, iranpərəst deyiləm. Niyəsini indi bilərsiz....
Azərbaycan dilinin qramatika qanunlarına görə xüsusi isimlər (insan, şəhər, ölkə, dağ, çay və s. adlar) böyük hərflə yazılır. Hətta cümlənin ortasında olsalar belə. Bu xüsusi isimlərdən biri də İrandır. Amerika və Avropanın, eləcə də İsrailin daim diqqətdə saxladığı "xüsusi isim" İrandan danışmıram. Ölkə adı hesabıyla deyirəm. Eləcə də, Amerika, Avropa və s. xüsusi isimlərdir. Gərək cümlədə böyük həriflə yazılsın. Amma bu xüsusi isimlərə "pərəst" sözünü qoşanda (iranpərəst, avropapərəst, israilpərəst və s.) gərəkdir ki, bu sözləri kiçik hərflə yazasan. Çünki artıq söhbət xüsusi isimdən getmir. Xüsusi isimlər həmçinin təbiətdə yeganə sayılan varlıqların adlarıdır. Təəssüf ki, çoxları tərəfindən riayət edilməsə də, Ay, Günəş də xüsusi isimdir və böyük hərflə yazılmalıdır. Amma israilpərəst, avropapərəst, həmçinin iranpərəst yeganə varlıq olmadığı üçün balaca hərflə yazılır. Çünki dünyada israilpərəstlərin, avropapərəstlərin və iranpərəstlərin sayı çoxdur.
Bir dəfə yaxın bir dostumla söz İrandan düşdü. İran bütövlükdə (demək olar ki, istisnasız) dost tərəfindən qınandı. Mən isə istər İran olsun, istər Türkiyə, istər fars olsun, istərsə də türk, hamılıqla nə pislənməsinin, nə də yaxşı hesab edilməsinin tərəfdarı deyiləm. Hər yerin pisi də, var, yaxşısı da.
Təəssüf ki, dostun zehnində iranpərəst kimi qaldım. Dost isə klassiklərimizdən olan M.Ə. Sabirə istinad elədi;
Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran oldu.
Bəli, bu beyt Sabir rəhmətliyə aiddir. Bunu təsdiqlədim, amma əlavə edərək bildirdim ki, Sabir 19-20-ci əsrin yazıb-yazaradan dahisi olub. Sağlığında bu beyti işlədibsə də, zamanında gördüyü İran haqqında yazıb. Sabirin sağlığında isə İranda Qacarlar sülaləsi hakimiyyətdə idi. Bu da danılmaz bir həqiqətdir ki, çox zaman (əlbəttə istisnalar öz yerində) bir ölkədə xalq - hakimiyyət onu nə günə qoyursa - o gündə də yaşamına davam etdirir. Biz azərbaycanlıların bu barədə böyük təcrübəmiz var.
Bu kiçik müqayisə dostu qane etmədi və məni "Bəxt üzüyündə"ki şair Moşu Göyəzənliyə bənzətdi. Şair Moşu kinoda veteran Tanrıbəy kişiylə söhbət əsnasında Tanrıbəy kişi M. Ə. Sabirdən stat gətirir;
Fəhlə, özüvü sən də bir insanmı sanırsan,
Pulsuz kişi, insanlığı asanmı sanırsan?
Moşu da cavabında "Sabir o vaxtın fəhləsi üçün deyib bunu" deyir. Moşunun təhlili çox dəqiqdir. Sabir həqiqətən də Moşu dövrünün fəhləsini nəzərdə tutmayıb. Çünki Moşu dövrünə qədər Sabirin ancaq şeirləri gəlib çıxıb, özü yox. (Vallah Moşu Gülüstan, Türkmənçay müqavilələrinə görə hazırkı İrana nifrət edən, Təbriz, Urmiyə məsələlərini ifrat şəkildə qabardan "ziyalılardan" min dəfə ziyalı idi.)
Amma Sabirin bu şeirinin öz aktuallığını itirməsini də iddia etmək cəhalətdir. Elə bu günün özündə üç-dörd xarici dil bilən, iki universitet bitirmiş Nizam dayının Vağzalda yük daşıyıb bir-iki manat camaatdan alması buna bariz nümunədir. Məgər Nizam dayı "adam yerinə" qoyulurmu? Hökümətin sahib çıxırmı Nizam dayıya?
Arxayınlıqla demək olar ki, M.Ə.Sabir anlaşılmamaqda Nəsiminin xələfi olub. Nəsimini də anlamadılar, Sabiri də..
Özü də deyim ki, Sabir dövrünün camaatı Nəsimi dövrünə baxanda heç olmazsa seyrə balonlarla çıxa və avtomobil minə bilməsələr də savadlı və texniki tərəqqi dövrünün insanı olublar. Biri "Ənəl - həqq" dediyi üçün, digəri "Harda müsəlman görürəm qorxuram" deməsindən ötrü kafir hesab ediliblər. Xüsusən də sovet höküməti bu fürsəti əldən verməyib.
İsrailpərəstlərin İranı, dinsizlərin də İslamı "vurması" üçün Sabir bir növ yaxşı bəhanədir. Çünki iranlılara dolayısıyla "qeyrətsiz", müsəlmana da "qorxulu" deyib. İran deyərkən Qacar dövrünün İranından danışıb, müsəlman deyərkən özünün də həmin satiranın sonunda buyurduğu kimi "qan-qan" deyən müsəlmanlardan bəhs edib. Məgər, Sabir səhvmi edib İŞİD-i, Səddamı, əl-Qaidəni nəzərdə tutub?
Heç uzağa getməyək; Bir diktator ömrünün sonlarında gəlmiş-keçmiş kral və şahların aqibətindən yox, idarəetmə sistemindən ibrət alıb öz oğlunun hakimiyyətə gəlməsi, xalqa rəhbər olması üçün dəridən-qabıqdan çıxır. Sonda xalqın "xor-xor"undan istifadə edib arzusuna çatır. Bu, müsəlman ölkəsinin müsəlman başçısının müaviyəsayağı manevridir. Oğlu üçün qanunsuz beyət..
Bəs okeanın o tayında nə baş verir? Çilinin xanım prezidenti öz oğlunun vəzifəsini əlindən alır. Səbəbini özü açıqlayır: "Oğlumu işdən çıxarmaq mənə bir ana kimi ağır təsir etməsin baxmayaraq dövlətin qanunlarına uyğun hərəkət etdiyimi düşünürəm. Kimliyindən asılı olmayaraq hər kəs bu dövlətin qanunlarına riayət etməli, vəzifə hüdudlarını aşmamalıdır. Ölkəyə başçılıq etmək üçün xalq bizə güvənib səs verib. İmkan vermərəm ki, ailəmdən kimsə gəlib bu etibarı sarsıtsın."
Biri müsəlman, digəri qeyri-müsəlman. Amma qeyri - müsəlman müsəlmansayağı hərəkət edir, elə bil ki, İslam onun dinidir. Amma, müsəlman qeyri-müsəlman addımı atır.
Bəli, rəhmətlik Sabiri bəlkə bu hadisələr meydana çıxandan sonra daha yaxşı anlaya bilərik.
Nə edək əziz qardaşım, Nəsimini də, Sabiri də anlamadılar, səni də, məni də..