İyirminci əsrin tanınmış müsəlman mütəfəkkirlərindən olan Doktor Əli Şəriəti eyni din və məzhəbdən olan insanların, hətta böyük din alimlərinin iki cinaha ayrılmasına səbəb olan fenomen olaraq qalır. Kimisi onu inqilabçı lider, kimisi isə xalq qüvvələrini parçalayan xain, kimisi dahi islamşünas, kimisi isə İslamdan xəbərsiz dil pəhləvanı, kimisi əsl müsəlman və mömin, kimisi isə kafir adlandırır. Elə özü də deyirdi ki, Səudiyyə Ərəbistanında mənə radikal şiə, İranda isə vəhhabi deyirlər.
Qısa arayış: Əli Şəriəti 23 noyabr 1933-cü ildə İranın Səbzəvar rayonunun Məzinan qəsəbəsində dindar ailədə anadan olub. Babası Şeyx Mahmud və ulu babası Şeyx Qurbanəli ruhani olmuşlar. Atası Məhəmmədtağı Məşhəd Elm Hövzəsində təhsil almış, sonralar isə klassik fəaliyyət istiqamətini dəyişdirərək orta məktəbdə müəllim işləmişdir. Buna baxmayaraq, o, ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etmiş, ictimai ədalət uğrunda mübarizə aparmışdır. İlk dini təhsilini atasından öyrənən Əli Şəriəti Məşhəd Ədəbiyyat İnstitutunda Fars ədəbiyyatı, 1959-1963-cü illərdə isə Parisin Sorbon universitetinin doktorantura pilləsində Ədəbiyyat və tarix üzrə təhsil alsa da, dünya şöhrətli müəllimlərindən dini sosiologiya və dinlər tarixi sahəsində bilgilər almış, İslam üzrə tədqiqatlar aparmışdır. Şəriətinin 1968-ci ildə Məşhəd Ədəbiyyat İnstitutunda, sonra isə Tehranın İrşad hüseyniyyəsində başlayan dərs, çıxış və mühazirələri 1971-ci ildə sözügedən hüseyniyyənin bağlanması ilə sona çatdı. Əli Şəriəti 1977-ci ildə İngiltərənin Southampton şəhərində qaldığı evdə ölü tapıldı. Ürək xəstəliyinin olmadığını, İran və ABŞ rejimlərinə qarşı sərt çıxışlar etdiyini, İran konsulluğunun tez bir zamanda onun ölümündən xəbər tutub həmin evdə axtarışlar apardığını və cəsədin ekspertizaya göndərilməsinə maneçilik törədildiyini nəzərə alaraq, onun qətlə yetirildiyi iddia olunur.
Mənsub olduğu Şiə firqəsinin ən öndə gedən alimlərinin onun barəsindəki çox ziddiyyətli fikirləri aşağı qatlarda çox gərgin anlaşılmaz durum yaradır. Onun həm müxalifləri, həm də tərəfdarları arasında çox ciddi adlara rast gəlmək mümkündür. Belə ki, Əllamə Təbatəbai, Ustad Mütəhhəri, Əllamə Əsgəri və Misbah Yəzdi kimi alimlər onun müxalifləri, Musa Sədr, Behişti, Taliqani, Çəmran, Xamenei, Məhəmmədtəqi Cəfəri və Meşkini kimi şəxsiyyətlər isə tərəfdarları sırasına daxildirlər. Əslində müxalifləri arasında onu kafir sayanlar da var, mömin olub çox kobud və təhlükəli səhvlərə yol verdiyini düşünənlər də; tərəfdarları arasında da ona pərəstiş edənlər də var, bəzi böyük səhvlərə yol verdiyini düşünən, lakin bunlara rəğmən, əsərlərinin ümumilikdə faydalı olduğunu söyləyənlər də. Feysbuk sosial şəbəkəsindəki müzakirələrin çox zaman nəticəsiz qalmasının səbəbi də məhz budur. Bu baxımdan onu araşdırarkən kiminsə sözünə istinad etmək uğursuz metoddur. Uyğun mühakimə üçün ən əlverişli metod isə əsərlərindən sitat gətirmək, fikirlərini tənqid etməkdir.
Təbii ki, sözügedən müzakirələrdə bu metoddan da istifadə olunur. Əsərlərindən gətirilən sitatlar isə kifayət qədər ciddi və ağırdır. Bu sitatlarla bəzən onun müsəlman olmadığını, bəzən Qurana qarşı çıxdığını, bəzən İslam qanunlarını aşağıladığını iddia edirlər. Şəriətinin tərəfdarları da öz növbələrində bu iradların bəzisinə cavab verir və onları əsassız sayır, bəzisini isə onun səhvi kimi qəbul edirlər. Onlara görə, oxşar mövzularda səhvsiz kitab və alim yoxdur, həm də 36 cild əsəri olan bir alimin bu qədər səhvinin olması normaldır.
Müzakirələr davam edir və güman ki, hələ illərlə, bəlkə də əsrlərlə davam edəcək. Bu müzakirələrdə Şəriətinin müxaliflərinə insaf və ehtiyat, tərəfdarlarına isə dözümlülük və haqqa sarılmaq arzulayırıq. Şəriətini gözdən salmaq üçün bəzi cümlələrini kontekstdən çıxarmaq, yaxud məcazi mənada, bədii üslubda yazdıqlarını vəhhabisayağı üsulla küfr adlandırmaq, eləcə də onu məsum həddinə çatdırıb hər bir eyib və nöqsandan uzaq saymaq, İslamın və müsəlmanların durumuna dair nalələrindən dolayı ona qarşı hər bir tənqidi qərəzli bilmək doğru olmaz. Həm də unutmaq olmaz ki, möminlərin bir məsələdə fikir ayrılıqlarının olması fəlakət deyil, çox təbii məsələdir. Bu gün canlı İslam aramızda deyilsə, hərənin beynində İslama dair bir cür təsəvvür mövcuddursa, belə fikir ayrılıqları da olmalıdır. Həm də bir məsələyə baxışları çarpazlaşan möminlər başqa min məsələdə həmfikir olduqlarını, eyni amalları bölüşdüklərini yaddan çıxarmasınlar.
Nur-az.com