Ya Əli! Cəbrail deyir ki, Allah sənin sədəqələrini qəbul edib...
Əbu Bəkr Şirazinin kitabında “Məqatil” kitabına istinadən İbn Abbasdan nəql olunur ki, “o kişilər ki, alış-veriş onları Allah zikrindən ayırmaz...” belə bir münasibətlə nazil olmuşdur: Bir gün Peyğəmbər (s) ona hədiyyə olunmuş üç yüz dirhəmi həzrət Əliyə hədiyyə etdi. Əli (ə) deyir ki, pulu götürdüm və qərara gəldim ki, bu puldan sədəqə verim. Peyğəmbərlə birlikdə işa namazını qılıb həmin puldan yüz dinar götürdüm və məsciddən çıxdım. Bir qadınla rastlaşdım. Yüz dinarı qadına verdim. Səhəri gün eşitdim ki, “Əli gecə günahkar qadına sədəqə verib” deyirlər. Pərişan oldum. Yenə işa namazından sonra yüz dinar götürüb məsciddən çıxdım. Düşündüm bu gün elə bir adama sədəqə verəcəyəm ki, Allah qəbul etsin. Bir kişi ilə rastlaşdım, yüz dinarı ona verdim. Səhəri gün Mədinə əhli deyirdi: “Əli gecə bir oğruya yüz dinar sədəqə verib.” Pərişanlığım daha da artdı. Öz-özümə dedim ki, bu gecə hökmən sədəqəni haqqı çatana verəcəyəm. İşa namazını peyğəmbərlə qılıb məsciddən çıxdım. Bir kişi ilə rastlaşdım, yüz dinarı ona verdim. Səhəri gün Mədinədə məni qınadılar ki, gecə varlı bir adama yüz dinar pul vermişəm.
Peyğəmbərin (s) yanına gəlib əhvalatı danışdım. O buyurdu: “Ya Əli! Cəbrail deyir ki, Allah sənin sədəqələrini qəbul edib, işini paka çıxarıb. Birinci gecə yüz dinar verdiyin günahkar qadın evə gedib tövbə qılıb və həmin yüz dinarı dolanışığı üçün sərmayə qərar verib. İndi isə ərə getmək barədə düşünür. İkinci gecə yüz dinar verdiyin oğru tövbə qılıb və sənin verdiyin pulla ticarətə başlayıb. Üçüncü gecə sədəqə verdiyin varlı adam uzun illər idi ki, xüms-zəkat ödəmirdi. Sən yüz dinarı verəndən sonra özünü danlayaraq deyib: “Çox paxıl adamsan! Əli ibn Əbi Talib heç nəyi olmadığı halda yüz dinar infaq etdi. Sən isə varlı olduğun halda vacib zəkat ödəmirsən.” Bunu deyib boynunda qalan bütün zəkatı ödəyib. Bu səbəbdən də Allah sənin haqqında ayə nazil edib. (“Əl-mənaqib”, 2-74)