Размер шрифта:
A+
A
A-
27 Октябрь 2013

“Həyası olmayanın imanı yoxdur!”

“Həya” sözü xəcalət, utanmaq mənalarını bildirir (Fərhəngi-Larus). Corcani deyir: Həya nəfsin bir şeydən çəkinməsi, məzəmmət qorxusundan həmin işin tərk olunmasıdır. Həya nəfs və imandan qaynaqlana bilər. Nəfs həyası Allah-Taalanın bütün nəfslərdə, vücudlarda qərar verdiyi həyadır. Ayıb yeri örtmək, cəmiyyət arasında cinsi münasibətlərdən çəkinmək bu qəbildəndir. İman həyası isə mömini günahdan çəkindirən həyadır. Bu həya Allah qorxusu ilə əlaqəlidir. (Lüğıtnameyi-Dehxuda)
Mərhum Məclisi deyir: Həya insanı çirkin əməldən çəkindirən daxili meyldir. Bu meyl Allah qarşısında azğınlığa mane olur.
“İffət” sözü əslində özünü saxlamaq, nəfsi, şəhvəti, tamahı cilovlamaq mənasını bildirir. Lüğət əhli deyir: İffət nəfsin elə bir halıdır ki, insanı şəhvətə məğlubiyyətdən qoruyur. İffət haram, eyni zamanda gözəl bir şeydən imtinadır. İffət ruhun günahdan, başqalarına əl açmaq kimi mənfi sifətdən uzaq olmasıdır.
İffətli insan dilini boş sözdən, qeybət və böhtandan hifz edir. Zinadan uzaqlıq cinsi iffətdir. (Möcəmül-lüğət)
İffət sözünün mənası genişdir. Amma daha çox iki mənada işlədilir. Birincisi var-dövlətə münasibətdə, ikincisi şəhvani məsələlərdə özünü saxlamaqdır. Birinci halda insan ləyaqətini, ikinci halda qeyrətini göstərir. Rəvayətlərdə bu iki mənanı ifadə edən “bətn” və ”fərc” sözləri ilə rastlaşırıq. Həzrət Peyğəmbər (s) buyurur: İki şeyə görə ümmətimdən narahatam: qarınqululuq və şəhvətpərəstlik. (Üsuli-Kafi)
Lüğət və işlənmə mənalarına nəzər saldıqda görürük ki, bu iki hal bir-biri ilə əlaqəlidir. Həyası olanın iffəti də var, iffəti olan günahdan çəkinir, həyalı olur. Həyasızlıq elə iffətsizlikdir.
İffət sözü Quranda qarın və şəhvətə nəzarət mənalarını bildirir. Bəzən insan ya subaylıq, ya həyat yoldaşından uzaqlıq səbəbindən şəhvət böhranı keçirir. Quran cinsi tələbatını qanuni yolla ödəyə bilməyənlərə buyurur:

وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا ۖ وَآتُوهُمْ مِنْ مَالِ اللَّهِ الَّذِي آتَاكُمْ ۚ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا ۚ وَمَنْ يُكْرِهْهُنَّ فَإِنَّ اللَّهَ مِنْ بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَحِيمٌ

Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vermək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin günahı onlar bu işlə öz xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin cariyələrin özlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlığa sövq edən ağalarının boynuna düşər). (Nur, 33)
Nikah dedikdə cinsi ehtiyacın ödənməsi nəzərdə tutulur. Nikah təkcə əqd demək deyil. Demək, ayədə cinsi ehtiyacını ödəyə bilməyən bütün insanlara müraciət edilir. Bəzən insan nə qədər çalışsa da evlənmək istəyinə çata bilmir. Ayədə göstəriş verilir ki, belə hallarda çətin də olsa paklığı qorumaq, zinadan uzaq olmaq lazımdır. Evlənə bilməyənlər iffətli olmalı, bu mərhələdə iman və təqvaya sarılmalıdır.
Nur surəsi tamamilə iffətə çağırış ayələrindən ibarətdir. Surənin 30-cu ayəsində buyurulur:

قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ

(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!
İmam Baqir (ə) ayənin nüzul şəni barədə buyurur: Ənsardan olan bir gənc küçədə bir qadınla rastlaşır. Qadın gəncin diqqətini cəlb edir. Gəncin yolu qadınla bir olduğundan gözünü yumur ki, qadının çöhrəsini, açıq boyun-boğazını görməsin. Birdən qarşısına çıxan divara dəyir və üzü yaralanır. Gənc narahat halda Həzrət Peyğəmbərin (s) görüşünə gəlir və düşdüyü vəziyyətlə bağlı narazılığını bildirir. Cəbrəil nazil olur, ayə gətirir. Bildirilir ki, Allahın göstərişi gözü qorumaqdır, gözü yummaq deyil. Möminin baxış bucağı geniş olmalı, naməhrəm qadına tuşlanmamalıdır. Naməhrəmlə rastlaşdıqda başı aşağı salmaq, gözləri ona zilləməmək tövsiyə olunur.
İmam Sadiq (ə) buyurur ki, Quran harada ayıb yeri qorumaqdan danışırsa məqsəd zinadan qorunmaqdır. Yalnız bu ayədə baxışlardan qorunmaq nəzərdə tutulmuşdur.
İffət və həyanın bir növü də nəfsin izzəti, ağatamahlıq, başqalarının əlinə göz dikməməkdir. Bəqərə surəsinin 273-cü ayəsində oxuyuruq:

لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا ۗ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ

(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!

Yenə də qayıdırıq gözü qorumaq üzərinə. Şəhvətli baxışın qadağan olunmasında məqsəd insanın paklığını qorumaqdır. Bəziləri özlərindən ixtiyarsız olaraq bu işi gördüklərini iddia edirlər. Quransa buyurur ki, Allah sizin niyətlərinizdən xəbərdardır. Yəni bəhanələr yersizdir. Quran ağır məşəqqət içində iffətini qoruyanları nümunə göstərir. Fəqir, yoxsul mühacirlər münasib nümunədir.

Həya o qədər dəyərli sifətdir ki, Həzrət Peyğəmbər (s) öz dualarında deyir: “Pərvərdigara səndən hidayət, təqva, iffət, ehtiyacsızlıq istəyirəm.” Həzrət başqa bir məqamda buyurur: “Həya ilə yanaşı olmaq əqlin xüsusiyyətlərindəndir.” Sonra cahilin xüsusiyyətlərindən danışarkən buyurur: “Cahil keçmiş günahlarından qorxmur, qalan ömrünü də günah içində davam etdirir” Hədisdən aydın olur ki, bihəyanın ümumiyyətlə ağlı yoxdur. Həyasız insanın zahirdə gözü olsa da batin gözü kordur, məna aləmində bu adam görən sayılmır.

Ağıl, həya və din bir-birindən ayrılmazdır. Həzrət Əli (ə) buyurur: Cəbrail nazil olub Adəmə dedi:
- Ağıl, həya və dindən birini seçməlisən.
Adəm ağılı seçdiyini dedi. Cəbrail din və həyaya dedi ki, siz gedin. Din və həyanın cavabı bu oldu:
-Bizə əmr olunub ki, ağıl harada olsa bis də orada olaq...

Həya möminin nişanəsidir. İmam Sadiq (ə) buyurur: “Həya, iffət, güzəşt, dilin paklığı iman nişanələridir.” Şübhə qalmır ki, həyasız, ağzına gələni danışan insanın imanında nöqsan var. Demək, imanlı imanı tanımaq üçün onun həyasına baxmaq bəs edir.
İmam Baqir (ə) buyurur: “Həya və iman bir yerdə qərar verilib. Biri getsə o biri də onun ardınca gedər. ” İmam Sadiq (ə) daha aydın buyurur: “Həyası olmayanın imanı yoxdur!” (Üsuli-Kafi)

Höccətülislam vəlmüslimin Fərəcullah Mirərəb

Nur-az.com
Tərcümə bölməsi
7079 dəfə baxılıb
ожидание...