Əməllərin mələklər tərəfindən yazılması və bədən üzvlərinin bu günahlara şahidliyi Qurani-Kərim ayələri ilə təsdiq olunmuş həqiqətdir:
“Sizin üstünüzdə gözətçi mələklər - yazan və hörmətli olan mələklər vardır.Onlar sizin nə etdiklərinizi bilirlər.” (“İnfitar”, 10-12.)
“Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.” (“Fussilət”, 20.)
“Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.” (“Nur”, 24.)
“Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.” (“Yasin”, 65.)
“Dediyin hər sözü onun yanında durub gözləyən vardır.” (“Qaf”, 18.)
“Məhz o gün yer öz hekayətini söyləyəcək.” (“Zilzal”, 4.)
“...Allah, Onun peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.” (“Tövbə”, 105.)
Əlbəttə ki, bütün bu deyilənlər kafirlərə və peşəkar günahkarlara aiddir. Çünki günahlardan tövbə edib iman gətirənlər rəhmət əhlidirlər və onların keçmiş günahlarını şahidlər xatırlamaz.
Həzrət Əli (ə) buyurur: “Tövbə edib, tövbəsi qəbul olunan kəsin əzalarına günahlarını örtmək əmr olunar. Torpağa buyurular ki, onun günahlarını gizləsin. Yazan mələklərin isə yazdıqları yadlarından çıxarılar.” (“Səvabul-əmal”, 179.)
İmam Sadiq (ə) buyurur: “Allah xalis tövbə edən bəndəsinə məhəbbət göstərər, günahlarını dünya və axirətdə örtər. Mələklər yazdıqları günahları unudar və Qiyamətdə Allahla görüşdükləri vaxt heç bir günaha şahid dura bilməzlər.” (“Biharul-ənvar”, 6-28.)
“Ya Rəbbi, ya Rəbbi, ya Rəbbi. Ya İlahi və Səyyidi və Məvlayə və malikə riqqi, ya mən biyədihi nasiyəti, ya əlimən bizurri və məskənəti, ya xəbirən bifəqri və faqəti, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi! Əsəlukə bihəqqikə və qudsikə və əzəmi sifatikə və əsmaikə ən təcələ əvqati minəl-ləyli vən-nəhari bizikrikə məmurətən, və bi xidmətikə məvsulətən, və əmali indəkə məqbulətən, hətta təkunə əmali və əvradi kulluha virdən vahidən, və hali fi xidmətikə sərmədən, ya Səyyidi, ya mən ələyhi muəvvəli, ya mən iləyhi şəkəvtu əhvali, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi”
(“Ya Rəbb, ya Rəbb, ya Rəbb. Ey Məbudum, ey Ağam, ey Mövlam, ey ixtiyar sahibim, ey taleyim əlində olan, ey çarəsizliyimdən xəbərdar, ey yoxsulluğumdan agah olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb. Səni öz həqiqətinə pak və müqəddəs zatına, ən üstün sifət və adlarına and verərək istəyirəm ki, səni yad etməklə vaxtlarımı abad edəsən, Öz xidmətinə müvəffəq edəsən, işlərim hüzurunda qəbul olunsun, bütün əməllərim və dilimə gələn sözlərim bir zikr olsun, və daim Sənə xidmət halında olum. Ey Ağam, ey mənim etimadım! Ey halımdan Ona şikayətləndiyim kəs! Ya Rəbb, ya Rəbb, ya Rəbb.”)