İslam Peyğəmbəri (s) buyurur: “Elm üç şeydir: “ayətun muhkəmə”, “fərizətun adilə” və “sunnətun qaimə”. Bunlardan başqa nə varsa, elm yox, fəzilətdir” (“Üsuli - kafi,”c 1 s 37)
Mərhum Kuleyni yazır: “Ayətun muhkəmə əqidə əsaslarına (üsuli – din), “fərizətun adilə” əxlaq elminə, “sunətun qaimə” şəriət hökmlərinə (fürui – din) işarədir.”
Mürtəza Mütəhhəri yazır: “Biz bəzi elmləri dini, bəzi elmləri isə qeyri-dini hesab edirik. Dini elmlər dedikdə dini əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş, müqqədimə olan ərəb ədəbiyyatı, məntiq və s. nəzərdə tutulur.
Bəziləri düşünə bilər ki, dini adlandırdığımız bu elmlərdən başqa nə varsa, gərəksiz bir şeydir. Əslində isə belə deyil.
Müsəlmanlar üçün faydalı olan bütün elmlər dini elmdir və bu elmləri öyrənmək vacibdir. Götürək ərəb dilinin qrammatikasını. Bu sahəni öyrənmədən Quranı anlamaq olarmı?! Demək, insanı həqiqətə yaxınlaşdıran nə varsa, həm vacibdir, həm də savablı. Burada elm öyrənən insanın niyyəti böyük rol oynayır. Allaha yaxınlaşmaq məqsədi olmadan heç Quran öyrənməyin də savabı yoxdur..."
Elm öyrənmək vacibdirmi?
Həzrəti Məhəmməd (s) buyurur: “Elm öyrənmək bütün müsəlmanlara vacibdir”; “Beşikdən qəbrədək elm öyrənin”; “Çində də olmuş olsa, elm öyrənin”; “hikmət möminin itkisidir...”Cəhalət dövrünün insanı “elm faydasız bir şeydir” deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq: Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər “elm faydasız bir şeydir” deyən tapılsa, sadəcə, onu bir neçə gün eləktirik enerjisindən mərhum etmək lazımdır. Qoy, bu insan qaranlıq dynyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın! Onda elmin faydasını yaxşıca anlayar.
Amma insanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cisminə rahatlıq yaradır. O isə təkcə cimdən yox, həm də ruhdan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Allah-təala Qurani-kərimdə buyurur: “Qəlblər yalnız Allahı xatırlamaqla rahatlanar. “Dini elmlər isə məhz bunu, Allahı xatırlamağı və ona yaxışlaşmağı öyrədir!
Nur-az.com