Ramazan ayında da - bütün gündüz və gecələrində - könüllərinizi bacardığınız qədər ilahi zikrlə nurlandırın
“Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” ("Qədr", 3) cümləsindən başa düşmək olur ki, ilahi dəyər baxımından bir gecə min aya bərabərdir. Mübarək ramazan ayı günlərində oxuduğumuz dualarda ("Əl-İqbal əl-amal", səh. 24) ramazan ayının dörd xüsusiyyəti qeyd olunur: Biri bu ayın digər aylardan daha fəzilətli, əzəmətli olması, digəri orucun vacibliyi, o biri Quranın nazil olması, nəhayət, Qədr gecəsinin bu aya təsadüf etməsidir. Bu duada Qədr gecəsi ramazan ayına dəyər vermək üçün Qurana bərabər tutulmuşdur. Buna görə də Qədr gecəsini qənimət saymaq lazımdır. Elə bir iş görmək lazımdır ki, ilahi müqəddərat qələmi Qədr gecələrində ölkəmiz üçün, xalqımız üçün mömin və əziz xalqımıza layiq olduğu şəkildə müqəddərat təyin etsin.
KÖNÜLLƏRİ HAZIRLAMAQ
Allahla əlaqənizi bacardığınız qədər möhkəmlədin. Xüsusilə dua, Allahla ünsiyyət, həqiqi məşuqla raz-niyaz etmə ayı olan bu aylarda - rəcəb və şəban ayları - Allahla ünsiyyət qurun. Bu aylarda özünüzü ilahi ziyafət süfrəsi başında əyləşməyə - ramazan ayına - hazırlayın.
Ramazan ayında da - bütün gündüz və gecələrində - könüllərinizi bacardığınız qədər ilahi zikrlə nurlandırın ki, müqəddəs Qədr gecəsinə girmək üçün hazır olasınız. “Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər” ("Qədr", 3,4) Bu elə bir gecədir ki, mələklər yeri səmaya birləşdirirlər. Könülləri nura tutur, yaşam mühitini ilahi nurla və lütflə nurlandırırlar. Mənəvi sağlamlıq gecəsidir. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” ("Qədr", 5) Könüllərin, ruhların sağlamlıq gecəsidir. Əxlaqi xəstəliklərin, mənəvi xəstəliklərin, maddi xəstəliklərin, ümumi və ictimai xəstəliklərin şəfa tapdığı gecədir. Təəssüflər olsun ki, bu xəstəliklər bu gün bir çox dünya xalqlarını, o cümlədən müsəlman xalqları yaxalamışdır. Qədr gecəsində bunların hamısından sağalmaq mümkündür.
Sizin dua və diqqətiniz, Allahın zikri siz əziz gənclərin pak və nurlu könlündə möcüzələr, xariqələr yaradır. Özünüzü indidən hazırlayın. Bu, bu günlərə xas deyil. Bütün ömrünüzdə Allahla əlaqə, ünsiyyət sizdə saflığı, ixlası gücləndirir. Saflıq və ixlas bütün işlərin düyününü açır.
Ayətullah Seyid Əli Xamenei