İnsanın - istər fərdi olsun, istərsə də ictimai – həyatının hər bir anı ilə maraqlanan, bu həyata uyğun proqram təşkil edən İslam dininin insanın həyatda qalma səbəblərindən biri olan qidalanmaq barədə göstərişinin olmaması qeyri-mümkündür. İslam dinində sağlam qidalanmaqla, pəhrizkarlıqla bağlı buyurulanlar heç də bu gün dünya dietoloqlarının dediklərindən az deyil. Amma təəssüflər olsun ki, İslam dinin buyurduqları bəzi bir sıra insanlar tərəfindən "müasirliklə uyuşmur" bəhanəsiylə icra edilməməkdədir. Amma diqqətlə araşdırıldıqda aydın olur ki, sən demə İslam dini təkcə yemək-içmək qaydalarını, qidalanmaq əsnasında nəyin müstəhəbb (bəyənilən), nəyin məkruh (bəyənilməyən) olduğunu buyurmayıb, üstəlik bu istiqamətdə insanları şövqləndirib də. Məsələn, İslamın mübarək buyuruşuna görə süfrədən doymamış durmaq müstəhəbdir. Amma doyub durmaq isə məkruhdur, yəni yaxşı hesab edilmir. Lakin hətta halaldan olmuş olsa belə həddindən ziyadə (camaat arasında buna partalaya qədər deyilir) yemək haramdır. Baxın, burada həm ziyanlılıq göstərilir, həm də haram olması buyurulur. Artıq bu məqamda dinə bağlı olan insan normalda nəfsini saxlaya bilməyib yediklərini qaytarana qədər yeməyi nəzərdə tutmuşdusa da bu əmri eşitdikdən sonra əl saxlayacaq, sona qədər yeməyəcəkdir.
Biz dini mətnlərə istinad edərək çox yemənin ziyanları və fəsadlarından çox danışa bilərik. Tibbi hədislər toplusunda qeyd olunub ki, bir nəfər İmam Əlidən (ə) Quranda tibb barədə hər hansısa bir qeydin olmamasının səbəbi soruşduqda Həzrət İmam (ə) buyurur ki, bütün tibb elmi Quranın bir ayəsində toplanmışdır. Sonra Həzrət İmam (ə) "yeyin-için, amma israf etməyin" ayəsini tilavət edir.
Bu məqamda əlbəttə mübarək Ramazan ayını da qeyd etmək olar. Bildiyimiz kimi bu ayda Allah bəndələri onlara halal edilən nemətlərdən Allah rizası üçün çəkinirlər. Bu, bir mənada insanlara aclıq zamanı dözməyi, səbr etməyi, bolluq zamanı insanlara əl tutub ehsan etməyi öyrədir.
İmam Əlinin (ə) həyatı haqqında səthi də olsa mütaliə edənlər bilir ki, İmam Əli (ə) aza qane olan bir şəxsiyyət idi. Süfrəsində quru çörəkdən, xurmadan, sudan savayı bir şey olmazdı. O həzrət (ə) bir yandan dinin göstərişlərinə əməl edir, digər yandan özü bu göstərişləri insanlara çatdırırdı.
Həzrət mübarək kəlamların birində belə buyurur: hər kəsin bütün səyləri qarnına girəndən (yemək-içməkdən) ötrü olsa, onun qiyməti qarnından çıxan (nəcasət) qədər olacaqdır. Eyniylə Müaviyə (l) kimi. Müaviyə (l) çox yeməklə məşhur olan bir insan idi. Onun qarnı (nəfsi) hər iki mənada onu Peyğəmbər (s) ilə müxalifətçilik etməyə vadar etdi. Ümumi mənada onun Peyğəmbərin (s) həqiqi canişini, vəlisi və vəsisi olan İmam Əliyə (ə) qarşı qiyam qaldırması, beyət etməməsi, xüsusi olaraq isə Peyğəmbərin (s) sağlığında onu çağırarkən "Allah rəsuluna deyin Müaviyə yemək yeyir, sonra gələr" deməklə tərbiyəsizlik etməsi onun qarnının, şəhvət və nəfsinin qulu olmasının nəticəsi idi. Bəli, İmam Əlinin (ə) mübarək hədisində vəsf edilən və dəyəri qarnından çıxan qədər olan insanların siyahisinə Müaviyə başçılıq edir.
İslam dini isə insanlara öyrədir ki, insan yemək üçün yaşamamalıdır, əksinə yaşamaq, ölməmək, sağ qalmaq üçün yeməlidir. Hətta yemək yeyərkən belə qəsdi-qürbət (Allaha yaxınlaşmaq) məqsədi güdməlidir. Məsələn, əgər bəndə çalışıb ailəsinə ruzi qazanırsa hətta fasilə verib nahar edərkən belə bunu Allah rizası üçün etməlidir ki, savab qazansın. Çünki o qidalanmasa ilahi ibadət olan ruzi qazanmağa nail ola bilməz. Həmçinin mümkündür ki, insan ac halda namaz qıla bilməsin, mədəsi boş olan halda dərs oxuya bilməsin. Bir qədər qidalanmalı, sonra Allah rizası üçün etməyi planlaşdırdığı ibadəti, dərs oxumağı həyata keçirməlidir.
Heç zaman unutmayaq, dəyəri mədəsindən çıxan qədər olan insanların cərgəsində olmaqdan Allaha pənah aparaq.