Düzdür, bir baş ağıllıdırsa, iki baş ondan da ağıllıdır. Amma bu iki baş Trampla Kimin başıdırsa, vay dünyanın halına!
ABŞ dünyada təcavüzkar dövlət kimi tanınır. Bu dövlətin birinci postu o qədər də mühüm post olmadığı üçün hətta yeddi dəlixanadan dəlilik kağızı olan bir insanı da bu posta- prezidentlik postuna asanlıqla oturtmaq mümkündür. Çünki ABŞ dövlətində əsas işləri prezident görmür, prezidenti isə hətta bəzən "kukla", yaxud icraatlara ancaq və ancaq imza atan şəxs də adlandırırlar. Təsadüfi deyildir ki, bu dövlətin birinci postuna Corc Buş, Tramp kimi ağıldan yüngül adamlar sahiblənə bilirlər. Güc dünyasında Amerikanın adı çəkilərkən o saat ağıla Rusiya, Çin, İran kimi güclü dövlətlər gəlir.
Adı çəkilən bu üç dövlətdən əlavə ABŞ-a meydan oxuyan bir dövlət də var – Şimali Koreya. Son zamanlar ABŞ prezidenti Trampla Şimali Koreya lideri Kim Çen İnin birgə fotoları, karikaturaları yayılır. Həqiqətdə Şimali Koreya hətta soyuq müharibədən də kənardadır. Demək olar heç bir işə qarışmır. Qapalı ölkə deyirlər, amma bu ölkə necə qapalıdır ki, liderinin etdikləri bir-bir mətbuatda dərc edilir. Deyilənə görə Şimali Koreya haqqında dərc edilən məlumatları Cənubi Koreya bütün dünyaya yayır. Cənubi Koreyaya isə bu məlumatları güya Şimali Koreyadan ora qaçan insanlar ötürür. Son xəbərdə isə deyilir ki, peyk vasitəsiylə aşkarlanıb ki, sən demə Kim Çenin Şimali Koreyada hamıdan gizlətdiyi "cənnəti" aşkarlanıb. (Maraqlıdır ki, hər işindən dünyanın xəbəri olan və qəddar diktator adlanan şəxs kimdən qorxub "cənnətini" gizlədib?) Bəlkə bu da ABŞ-ın bir oyunudur. Kim Çenin "cənnəti" yadıma bir əhvalatı saldı. Qədimdə, peyğəmbərlərin (ə) birinin vaxtında şaha xəbər verirlər ki, bir kişi meydana çıxıb əhalini toplayıb başına, bu minvalla getsə hakimiyyətimiz üçün təhlükə olacaq. Şah vəzirlə həmin yerə gedib görür doğrudan da vəzir deyən kimidir. Həmin kişi isə bir peyğəmbər imiş. Şah həzrət peyğəmbərə deyir sən camaata nə deyirdin? Deyir Allahdan, yaxşılıqlardan, ədalətdən danışırdım. Şah deyir bəs sözünə qulaq asacaqları müqabilində nə vəd edirsən? Peyğəmbər deyir cənnət. Şah cənnətin nə olduğunu soruşduqda peyğəmbər ona cənnəti vəsf edir. Şah deyir belə bir "cənnəti" vəd etməyə nə var ki, mən də bunu bacararam. Daha sonra "cənətin" tikilməsi haqqında sərəncam imzalayır. Başlayırlar "cənnət" tikməyə. Bəli, bu şah kimi çox insanlar əzəmətli görsənsə də əslində bunların ağıldan kəm olduqları qənaətinə varılır. Zahiri əzəmətli, vüqarlı görünsə də içdən qurdlamış ağacdan başqa bir şey deyillər. Kimlə Tramp da bu qəbildəndir. Baxmayaraq ki, ölkələrinin birinci şəxsləridirlər, amma hər birisi ağıldan kəm adamdır.
Şimali Koreya isə özünün güclü ordusunun olduğuna inanır, ABŞ-dan qorxmur və bəzən dünyanı təhlükəli silahlarla hədələyir. İran kimi Amerikanı ayağımızn altına qoyub əzərik deməsə də hərdən bir guruldayır. Doğrudur ki, beynəlxalq ictimaiyyət tərəfindən bu iki şəxsin ikisi də normal insan kimi qəbul edilmir. Biri haqqında – nə dərəcədə doğrudursa – qəribə və tükürpədici informasiyalar yayılmaqdadır, digəri barəsində isə ağıldan kəm olmasını düşünmək üçün belə informasiyalara ehtiyac yoxdur. Adamın dünyanın gözü önündə çıxartdığı hoqqalar, "artistliklər" onun ağıldan problemli olduğunu deməyə əsas verir. Allahın dünya əhalisinə yazığı gəlib. Təsəvvür edin dəlilərin quyuya daş atdığı və bu daşın heç kimin – hətta nə Trampın, nə də Kimin çıxarda bilmədiyi bir dünyada nə yaxşı ki, bu dəlilərin ağlına bir-birinin ölkəsinə nüvə silahı atmaq gəlməyib. (Ağıllarına gəlsə də gerçəkləşmir) Düzdür, deyilə bilər Kim Çen İn Şimali Koreyanın tək ağası olsa da, onun müqabilində Tramp kimdir ki özbaşına qərarlar çıxartsın. Amma "Tramp kimdir" ifadəsinin arxasında üçüncü dünya müharibəsinin anonsu yatır, bu ifadə fəlakətə gətirib çıxara bilən ifadədir. Yəni Tram Kimdir, belə olan təqdirdə Kim də Trampdır. Düzdür, bir baş ağıllıdırsa, iki baş ondan da ağıllıdır. Amma bu iki baş Trampla Kimin başıdırsa, vay dünyanın halına! Yaxşı ki, bunlar quyuya daş atmır. Yoxsa bu daşları BMT də gəlsə çıxara bilməzdi.
İndi deyərsiniz ki, əgər bu dəlilər atom silahını daş, bir-birinin ölkəsini də quyu hesab edib atışmaya başlamırsa deməli bunlara hələ "dəli" demək tezdir. Bu başqa vaxtın mövzusudur.