Qum Elm Hövzəsinin müəllimlərindən olan şiəşünas və sələfişünas alim Əli Əsğər Rizvaninin vəhhabilik haqda Fars xəbər agentliyinə müsahibəsinin ikinci hissəsini ixtisarla diqqətinizə çatdırırıq:
- Bəzi müsəlman firqələrini, xüsusən də şiələri təkfir etməkdə, onlara qarşı terror əməliyyatları həyata keçirməkdə vəhhabilərin məqsədi nədir?
- Onlar mühüm bir məqsədi izlədiklərini, tövhidi yayıb, şirkə və bütpərəstliyə qarşı mübarizə apardıqlarını iddia edirlər, əslində isə ya bilərəkdən, ya da bilmədən müstəmləkəçilərin planlarına xidmət edir, müsəlmanlar arasında parşalanma yaradır, fitnə törədirlər. Düşmənlər də bu arada öz çirkin məqsədlərindən ötrü onlardan sui-istifadə edirlər.
Vəhhabi tarixinin bəzi tədqiqatçıları sübut etmişlər ki, bu məzhəb İngiltərənin Müstəmləkə nazirliyinin birbaşa əmrilə Ərəbistan yarımadasında yaradılıb.
- Vəhhabilər keçmişdə də müsəlmanlara qarşı qırğın törətmişlərmi?
- Bəli, bunların biri Kərbəla şiələrində törədilən qırğındır. Özü vəhhabi olan Osman ibn Bişr Nəcdi yazır ki, vəhhabilər şəhərə daxil olub təxminən iki min nəfəri qılıncdan keçirdilər, İmam Hüseynin məqbərəsini uçurtdular, şəhəri talayıb qarət etdilər və tez bir zamanda tərk edib vətənlərinə qayıtdılar.
Bundan əlavə, sünnilərin yaşadığı Taif şəhərinə yürüş zamanı kiçiyə-böyüyə rəhm etmədilər, hamını qətlə yetirdilər, hətta analarının qucağında olan südəmər körpələrin başlarını kəsdilər, Quran öyrənənləri, məsciddə ibadət halında olanları da öldürdülər, bütün şəhəri qarət etdilər, evləri uçurdular.
Sünni yazıçı Ömər Əbdüssalam deyir ki, gənc ikən Mədinədə, Peyğəmbərin qəbrinin kənarında çox qəribə mənzərə ilə rastlaşdım. Vəhhabilər Allahın və Peyğəmbərin qonaqlarını söyüş və təhqirlə qəbirdən uzaqlaşdırırdılar. Kim Peyğəmbərin qəbrinə yaxınlaşmaq, öpmək istəyirdisə, “uzaqlaşın, ey müşriklər” – deyib yaxına buraxmırdılar. Sonra tarixə müraciət edəndə gördüm ki, onların bu rəftarı İbn Teymiyyə kimi vəhhabi böyüklərinin fikirlərindən qaynaqlanır.
Vəhhabilər Hicazı tam ələ keçirəndən sonra Bədr şəhidlərinin qəbirlərini, Əhli-beyt imamlarının məqbərələrini və digər səhabə məzarlarını yerlə-yeksan etdilər.
- Vəhhabilərin Fələstin xalqı ilə əlaqəsi necədir?
- Siz soruşun ki, vəhhabi alimləri Fələstin xalqını müdafiə etmək üçün əməli bir iş görmüşlərmi, yoxsa həmişə və hər yerdə geri çəkilib fələstinliləri tək qoymuşlar?! Qərbin müsəlmanların neftinə böyük ehtiyacı var. Görün onlar Fələstin xalqından ötrü bu iqtisadi rıçaqdan istifadə etmişlərmi?!
Fələstinli bir nəfər vəhhabi hədisşünası Albaniyə Fələstinin vəziyyətindən şikayət edib vəzifələrinin nə olduğunu soruşmuşdu. Albani cavab vermişdi ki, bu zaman başqa bir yerə mühacirət etmək lazımdır. Yəni Fələstini boşaldıb işğalçılara verin, özünüz də dini baxımdan münasib olan başqa bir ölkəyə köçün.
Nur-az.com