Bəzi dualar bəzi Quran ayələri kimi bizim dərk edə bilməyəcəyimiz məzmuna malikdir
İmamlardan nəql olunmuş dualar çox sadə şəkildə bəyan olunsa da, üstün mətləbləri bəyan edir. İnsan bu dualar haqda düşünməli və onlardan faydalanmalıdır. İnsanın halı hər nə qədər münasib olarsa, duadan daha çox istifadə edib bəhrələnə bilər. Bəzi dualar bəzi Quran ayələri kimi bizim dərk edə bilməyəcəyimiz məzmuna malikdir. Lakin bəzən bu sayaq dualara diqqət yetirmək insan üçün faydalı olur; məsələn, “İftitah” duasında oxuyuruq:
“Həmd olsun o Allaha ki, səma və sakinləri Onun qorxusundan ildırım kimi fəryad çəkirlər; yer və əhli Onun qorxusundan lərzəyə gəlir; dəryalar və Onun dərinliyində üzən hər nə varsa, Onun qorxusundan cuşa gəlib, fəryad qoparmaqdadır”.Quranda deyilir:
“İlıdırm və bütün mələklər Allahın qorxusundan Onu təsbih edirlər.” (“Rəd” surəsi, ayə 13.) “Göylərdə yerdə nə varsa, hamısı Allahı təsbih edir.” (“Cumə” surəsi, ayə 1; “Təğabun” surəsi, ayə 1.) “Onu təsbih və sitayiş etməyən heç bir mövcud yoxdur. Lakin siz onların təsbihini anlamırsınız.” (“İsra” surəsi, ayə 44.)
Bunlar bizim tam surətdə dərk etməkdə aciz olduğumuz hallardır. Təfsirçilər də adətən bu növ ayə və duaların mütəşabeh olduqlarını bildirirlər. Bəziləri isə öz düşüncələri qədərində izah verirlər. Lakin bu mətnlər məxluq ilə Allah arasında olan bir həqiqətdən danışır. Bu əlaqəni güclü bir cazibəyə oxşatmaq olar. Allah bəndələrini təkvini şəkildə özünə tərəf çəkir. Hər bir mövcud öz nuru, elm və idrakı həddində Allah ilə öz arasında olan əlaqəni təkvini şəkildə dərk edir. İnsanın təkvini rabitədən xəbər tutması onu başqa varlıqlardan fərqləndirən ilahi imtiyazdır. O ixtiyari olaraq bu əlaqəni gücləndirib Allaha doğru hərəkət edə bilər.