Размер шрифта:
A+
A
A-
25 Декабрь 2019

Niyə İlham Əliyevdən başqa heç kim birinci şəxs ola bilməz?

Bələdiyyə “seçkilərinə” sözardı...

Niyə ancaq Əliyevlər ölkədə birinci, ikinci şəxs olmalıdır?

Biz hərdən deyəndə ki, ölkədə bütün seçkilər xalq tərəfindən boykot edilməlidir, ağız büzənlər, qaş çatanlar, istehza edənlərə rast gəlirik. Bu xalqa üz verən nə bədbəxtlikdirsə bəziləri artıq istər-istəməz qəbul edib ki, Azərbaycanda tarix boyu bir ailə - Əliyevlər bu ölkənin birinci, ikinci şəxsləri ola bilərlər. Bu, bütöv bir xalqa təhqirdir. Yəni, bu ailə bütöv bir xalqı, səni, məni, sənin atanı, babanı təhqir edib deyir ki, onlar birinci, ikinci şəxs ola bilməzlər. Ancaq Əliyevlər bu imtiyaza malikdirlər. Ölkəni də düz-əməlli idarə eləsələr cəhənnəm, deyərsən ki, yaxşı ailə 100 il də qalsa hakimiyyətdə, qoy qalsın. Amma bunların idarəçilikləri də bir qara qəpiyə dəymir.

Baxın, ata Əliyev zamanında iki dəfə prezident seçilmişdi. Qanun üçüncü dəfə prezidentliyə namizəd olmasına icazə vermədiyi bir halda min cür bəhanə uydurub üçüncü dəfə namizədlik vermişdi. Bunlar əslində konstitusiyaya da hörmət etmirlər. Özlərinin yazdıqları qanunlar belə özləri üçün mötəbər deyil. H. Əliyevin zamanında o deyirdi ki, ölkədə məndən öndə gedən olmamalıdır. Bu azmış kimi ölkənin ikinci şəxsi də onun oğlu İlham Əliyev idi. Çünki məqsəd hakimiyyəti ona ötürmək idi. İndi də İlham Əliyev 16 ildir ki, hakimiyyəti qəsb edib əl çəkmək istəmir. Bununla bərabər öz həyat yoldaşını da ölkənin ikinci şəxsi elan edib. İndi də söz gəzir ki, güya hakimiyyəti həyat yoldaşına ötürməyi planlaşdırır. Bununla da bitməyəcək. Əgər xalq bir iş görməsə bundan sonra hakimiyyəti Heydərə ötürəcəklər. Ondan sonra sülalə hakimiyyəti kimi 2-ci Heydər, 3-ci Heydər, 2-ci İlham, 3-cü İlham deyə uzanacaq.

İndi belə bir şəraitdə, bir diktatorun, nə keçmişi, nə indiki həyatı pak, təmiz olmayan, xalqın gözündə heç zaman dəyəri olmayan sərişdəsiz, savadsız, bacarıqsız, xəyanətkar komandası olan bir ailənin qəsb elədiyi hakimiyyətdə hansı seçkidən söz gedə bilər? Bəziləri özlərinə təsəlli və toxtaqlıq verib deyir ki, xeyr, ölkədə islahat gedir, nazirlər, başçılar dəyişir, parlament buraxılır və s. bütün bunlar dəyişiklik deməkdir. Xeyr, belə deyil. Bütün bunlar oyun-oyuncaqdır. Nə qədər bunların təkəbbürlükləri, birinci şəxs, ikinci şəxs olmaq fikirləri aradan getməsə bu iş düzələn deyil. Ola bilər ki, yeni parlamentdə və bələdiyyə seçkilərində görmək istədikləri bir-iki iqtidar olmayan adları ora salsınlar. Amma İlham Əliyevin razılığı ilə olacaq, xalqın yox.

İndi kimsə deyə bilər ki, əşşi müxalifəti görmüşük də, onlardansa İlham yaxşıdır, bu da yanlış fikirdir. Azərbaycanda nə çox siyasətçilər, savadlı, ziyalı insanlar var ki, onların da haqqıdır ölkədə prezident seçilsin. Amma İlham və klanı buna imkan vermir. Halbuki onlar İlham Əliyevdən qat-qat təmiz, insan, humanist, demokrat, mənəviyyatlı adamlardır. Axı, iş orasındadır ki, Əliyev də düzgün idarəçiliyi bacarmır. Ağzının danışığını bilməməsindən tutmuş təyin etdiyi nazirlər, icra başçıları, deputatlara qədər böyük əksəriyyəti lazımsız, yanlış, batil sözlərdən və insanlardan ibarətdir. Ona görə də xalq bu qədər özünün təhqir olunmasına yol verməməlidir.

Bütün xalqın, müxalifətin seçkini boykot etməsi o deməkdir ki, biz bir ailəni illər uzunu özünü bizdən üstün hesab etməsini qəbul etmirik.
6201 dəfə baxılıb
ожидание...