Размер шрифта:
A+
A
A-
04 Август 2020

Xalqların sosial şəbəkələrdə gic-gic şeylərə baxmasının birinci günahkarı zalım hakimiyyətlərdir

Biz Azərbaycanda telekanalizasiyaların üfunət iyi verməsindən bizarıq və hər dəfə yazıb öz etirazımızı bildirmişik. Amma məsələ burasındadır ki, telekanalizasiyadan başqa yutub kanalında olan videoların da böyük əksəriyyəti gic-gic şeylər çəkib xalqa göstərir. Allahdan bir neçə dini kanallar vardır, insanlar Azərbaycan telekanalizasiyasındakı üfunət iyi verən verilişlərə tamaşa etməkdənsə - Allaha şükürlər olsun ki, bu cür dini kanallara baxıb dini savadlarını, eləcə də mənəviyyatlarını artırırlar.

Azərbaycanda mövcud olan zalım hakimiyyət də digər zalım hakimiyyətlər kimi xalqın mənəviyyatının çoxalmasının əleyhinədir. Çünki bütün zalım hakimiyyətlər bu cürdür. Onlar qorxur ki, ölkədə İslam dinin qanunlarından, halal və haramlarından danışsaq, sabah maariflənmiş, mənəviyyatı zənginləşmiş xalq üsyan qaldırıb deyəcək ki, biz niyə rüşvət verməliyik, biz niyə zalım önündə susub qalmalıyıq. Ona görə də zalım hakimiyyətlər xalqların oyanmasının əleyhinədir.

Bu məqamda deyilə bilər ki, yaxşı, hakimiyyəti bildik, şərəfsiz, alçaq hakimiyyətdir, bəs telekanalizasiyalardan başqa yerlərdə, məsələn, elə yutubda fəaliyyət göstərən gic-gic kanalları da hakimiyyət idarə etmir ki? Onlar nə üçün gic-gic şeylər yayımlayır, əxlaqsızlığa, düşüklüyə insanları sürükləyirlər.

Təbii ki, hər bir vicdanlı insan bilir ki, bu sualın cavabı çox sadədir. Birincisi, kim zəmanət verə bilər ki, şərəfsiz hakimiyyət bu alçaqlığın dalında deyil? Hakimiyyət bir zaman gəldi, anladı ki, camaat üfunət iyi verən telekanalizasiyalara baxmır, üz tutublar sosial mediyaya, yutub və s. sosial şəbəkələrə. Dedi görəsən nə edək? Ağlına bu gəldi ki, yaxşı pul buraxıb orada səviyyəsiz yutuberlər, başqa şəbəkə istifadəçilərini kəşf eləmək, maliyyələşdirmək lazımdır. Bu ehtimal ediləndir və güclü ehtimaldır. İkincisi, hətta hakimiyyət bu işi etməsə belə, bu işin təməlini, müqəddiməsini yaxşıca qoya bildi. Zatən zalım zülmünü hər zaman praktiki olaraq xalqın üzərində həyata keçirmir. Başqa sözlə desək, bir insanı öldürmək üçün illa da əlindən tutub uçurumun bir addımlığına gətirmək, sonra da oradan onu atmaq lazım deyil. Onun başını elə pozurlar ki, özü gedib uçurumun yanında dayanmağı qələbənin bir addımlığı hesab edir. Misal üçün, narkoman yüksək dozalı narkotik maddə qəbul edib özünü öldürərkən hakimiyyət nümayəndəsi gəlib onun iynəsini qollarını çırmalayıb vurmur ki. Onu yavaş-yavaş alışdırdıqdan sonra özü özünü zatən insan məhv edə bilir. Başqa bir misal şeytan misalıdır. Zatən şeytanlar ancaq sinələrə vəsvəsə edir, heç kimin əlinə araq butulkası vermir ki, onu içib dünya və axirətini məhv eləsin. Zalım hakimiyyətlər də bu cürdür. İnternet ölkəyə ayaq açmamışdan qabaq zalım hakimiyyət telekanalizasiyalar vasitəsilə xalqı zəhərlədi. Zatən zəhərlənmiş xalqa sonradan internet də versən gedib orda da zəhərli və zərərli nələrinsə dalınca düşəcək. Ona görə də xalqın böyük əksəriyyətinin gic-gic şeylərə baxmasının birinci günahkarı elə zalım hakimiyyətdir. Bu cür hakimiyyəti olan xalqın gənci, uşağı da bayağı, mənası olmayan, düşük-düşük videolar çəkər, oturub onlara tamaşa edər.
3246 dəfə baxılıb
ожидание...