Bəzi insanlar yaman xam-xəyallara qapılıblar. Güya Azərbaycan hakimiyyət - rüşvətxor, talançı, yalançı, saxtakar, oliqarx, fırıldağçı insanlar - Qarabağ alınandan sonra mələyə dönəcəklər. Düzdür, hər bir insan bu cür yırtıcıların adam şəklinə dönüşməsini arzu edir. Bunu arzu etməyə məcburdur. Çünki bu insanlar yırtıcılıqdan çıxıb adam şəklinə düşsələr xalqın da dolanışığı düzələr, ölkədə insan haqları bərpa olar, diktaturanın yerini insanlıq, qanunsuzluğun, özbaşınalığın yerini nizam-intizam alar.
Yerli hakimiyyətin işğal altında olan torpaqların alınmasından sonra düzəlməsi anonsunu verənlər nəyə istinad edir, bu, qaranlıqdır. Əgər, torpaqların alınması onları ümidləndiribsə bu məsələ bir qədər müzakirə olunmalıdır. Çünki bu məsələnin bir xalqa düşmən kəsilən hakimiyyətin uğuru sayılması haqsızlıqdır. Belə ki hamıya məlumdur ki, Qərbə üz tutan Ermənistan hökümətinə dərs vermək istəyən Rusiya bu fürsəti fövtə vermədi. Başqa sözlə desək bir hakimiyyət ki, başqa bir dövlətin icazəsi ilə öz torpaqlarını almağa çalışır, belə bir hakimiyyəti vətənpərvər adlandırmaq düzgün deyil. O ki, qaldı vuruşub torpaqları almaq məsələsi, bu işin də öhdəsindən dindar, mənəviyyatlı igidlərimiz gəlib. Bunun Azərbaycan hakimiyyətinə nə aidiyyatı var ki? Bir hakimiyyət ki, tarixin zibilliklərinə gömülmək ərəfsində ikən onun imdadına epidemiya karantinləri və Qarabağ müharibəsi çatır.
Yox, əgər, özünün düzəldiyini göstərmək istəyirsə müharibədən əvvəl ölkədə vəziyyəti yaxşılaşdırar, nahaqdan həbs edilənlıəri azad edər, insanlara, insan haqlarına hörmət etməyə başlayardılar. Bu olsaydı, bu hakimiyyətin düzəlməsini demək olardı. Yoxsa, hətta hərbi sahəsində belə öz əsgərlərinə yaxşı baxmayan bir hakimiyyətin düzəlməyinə necə inanmaq olar? İndi də gec deyil, buyurub düzəlsinlər görək.
Müharibə günlərində hansısa müxalifətçi, etirazçı xalq kütləsi etiraz və müxalifətçiliklərinə ara vermişdilərsə bu, igid balalarımızın ruhiyyəsini qaldırmaqdan ötrü idi. Əslində bütün insanlar bu məsələsini düşünüb öz etirazlarına, siyasi fəaliyyətlərinə ara vermişdilər. Bu da insanlıq nümunəsidir. Bu işi indiki iqtidar da müxalifətin yerində olsaydı etməli idi. Etməsəydi ən yaxşı halda vətən xaini kimi təqdim ediləcəkdi.
İşin bundan sonrasını oturub göydən yaxşı hakimiyyətin düşəcəyini gözləməklə həll etmək olmaz. Hazır insanlar cuşa gəlmişkən, vətənpərvərlik hisləri baş qaldırmışkən, İmam Hüseyn (ə) aşiqləri şəhadət eşqiylə irəli getmişkən daha ətraflı düşünüb daxildəki vəziyyəti düzəltmək lazımdır.