Hülusi Akarın gəlişinə sözardı
Siyasət doğrudan da ikiüzlü bir matah imiş. Daha doğrusu Müaviyə, Ərdoğan siyasəti bu cürdür. Deməli, 44 günlük müharibə başlamazdan qabaq, onsuz da “Rusiya Paşinyana gözdağı vermək üçün Qarabağ müharibəsinə qarışmır” deyən millət, 44-cü günün sonunda gecənin bir vaxtı imzalanan müqaviləni Ermənistan prezidenti kimi sabah yuxudan oyanıb sosial şəbəkələrdən izlədi. Rusiyanın müqavilənin səhəri günü sülhməramlı adıyla qoşununu Qarabağa çəkməsiylə də məlum oldu ki, əslində planlar əvvəldən qurulub, Rusiya Ermənistana gözdağı vermək istəyirmiş. Yoxsa, 20 ildir bu torpaqlar işğal altında idi, harda idi indiki hakimiyyət və harda idi Türkiyənin dəstəyi?
Azərbaycanda bir dəstə GÖZƏGİRƏN 44 günlük qələbəni yerli hakimiyyətin ayağına yazmağa çalışsalar da bu müharibəni bütün dünya Rusiyanın icazəsi və Qarabağı işğal etməsi hesab edir. Hətta, Türkiyə tərəfi hər nə qədər silah satdığını, əsgər göndərdiyini desə də bunların yenə də Rusiyanın icazəsi ilə olduğunu hamı bilir. Türkiyə isə rusların “xox gəlməsi”ndən artıq geri çəkilib. Müharibədən sonra da deyirdilər ki, Türkiyə sona qədər Azərbaycanın yanındadır. Amma görünür Azərbaycan rəhbərliyi “bizi heç bir güc dayandıra bilməz!” deməsinə baxmayaraq gecənin bir aləmi Rusiya gücü tərəfindən dayandırıldığı kimi Türkiyə də sona qədər Azərbaycanın tərəfində ola bilmir.
Artıq Qarabağda ruslar tam olaraq nəzarəti ələ alıb. İndi məsələ qalıb ki, görəsən Ermənistanın növbəti lideri kim olacaq? Rusun adamı, yoxsa yox! (Qarabağın tam olaraq Ermənistan tərəfindən itirlib-itirilməməsi bu məsələdən də asılıdır.)
Dünən Hulusi Akar – Türkiyə hərbisinin başçısı Azərbaycana gəlib. Bu münasibətlə yerli müxalifətçilərdən biri Azərbaycan hakimiyyətini “tırkaya verir”, yazır ki, Azərbaycan hakimiyyəti ruslara təslim olmasın və buna görə də Türkiyə kartından istifadə eləsin. Heç nə olmasa da bu pantürk, amerikapərəst müxalifət bu xalqı çərlədib öldürəcək. (Yəni, bu xalqın ölümü təkcə yerli hakimiyyətin əlindən olmaya bilər.)
Hulusi Akar düzdür ki, Azərbaycanı Rusiya əleyhinə “tırkalamağa” gəlib, Türkiyənin də bu işdə maraqları var. Bəs bizim müxalifətə nə gəlib? Məgər, Qarabağa Rusiyanın girməsi işğal sayılır, Türkiyənin girməsi yox?
Bunların uzun illərdir bitməyən türk sevdası hələ də davam edir. Türkiyənin regionda güc sahibi olmasını istəyirlər. Çünki Türkiyənin regionda güc sahibi olması sabah ABŞ-ın əmriylə İrana güc göstərməsinə səbəb olacaq. Bununla da hələ sağlığında (təqribən 20 il əvvəl) “İran dağılajax” deyən Elçibəyin davamçıları İranın “dağılmasına” sevinəcəklər.
Amma, burada müxalifətimizin unutduğu bir həqiqət var. Bunlar yerli iqtidarı diktator bilir, Ərdoğanı xilaskar hesab edirlər. Ərdoğan haqqında “diktator” demirlər, amma Ərdoğan da digər tərəfdən İlham Əliyevi dəstəkləyir. Bəs niyə İlham Əliyevin müqabilində müxalifəti dəstəkləməyən Ərdoğan bu qədər müxalifətimiz tərəfindən sevilir?